“İnsanlar ədaləti sözdə yox, əməldə hiss etməlidirlər”
Mayın 3-də Qum cümə namazına rəhbərlik edən ayətullah İbrahim Əmini ölkənin ağır iqtisadi durumda olduğunu vurğulayıb.
“Media forum” saytının məlumatına görə, axund İbrahim Əmini deyib ki, xalq hökumətin ədalətlə bağlı verdiyi boş-boş şüarlardan yorulub: “Bu gün hər şeydən artıq xalqın narazılığına səbəb olan bahalıq və inflyasiyadır. Ölkədəki bahalıq insanları bezdirib və boğaza yığıb. Bıçaq sümüyə dirənib. Bu problemin ortaya çıxmasında ölkəyə qarşı sanksiyalardan başqa bir sıra rəsmilərin yürütdüyü səhv iqtisadi siyasətlərinin də rolu var.
Biz nə qədər islam sisteminin ədalət sistemi olduğu desək də, artıq xeyri yoxdur. Xalq bu kimi şüarlardan yorulub. Daha doğrusu, insanlar ədaləti sözdə yox, bütün vücudları ilə əməldə görüb hiss etməlidirlər. Bu gün ölkədə baş alıb gedən işsizlik problemini kökündən həll etmək lazımdır. Hazırda ali təhsil ocaqlarından məzun olmuş çoxlu işsiz gəncimiz var. Bu isə yaxşı hal deyil. Güman edirəm ki, növbəti hökumət indiyə qədər həllini tapmamış çoxlu problemlə üz-üzə qalacaq. Bütün bu problemlərin isə tez bir zamanda həlli asan iş deyil”.


