İlham Əliyevdən seçki bəyanatı

«2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq»

Mayın 1-də Qobustan Idman Kompleksinin açılışında çıxış edən dövlət başçısı yenə də ənənəvi olaraq ölkənin analoqsuz inkişafından danışıb. Dünyanı bürüyən böhranın Azərbaycandan yan keçdiyini və bunun da aparılan uğurlu, “düşünülmüş siyasət”in nəticəsi olduğunu deyib. Ilham Əliyev Qərbi bürüyən işsizliyin Azərbaycanda bir sinif kimi ləğv olunduğunu, hər gün yeni-yeni iş yerlərinin açıldığını və əhalinin şad-xürrəm yaşadığını xüsusi vurğulayıb:
“Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməmişdir. Çünki bizim çox düşünülmüş siyasətimiz var. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz var. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu”.
Bu çıxışda daha çox diqqət çəkənsə dövlət başçısının seçki vədi olub: “2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq”. Baxmayaraq ki, dövlət başçısı payızda keçiriləcək prezident seçkisində iştirakla bağlı iddiasını hələ ortaya qoymayıb. Hələlik YAP-ın funksionerləri səviyyəsində Ilham Əliyevin növbəti dəfə (qanun buna yol verməsə belə) prezident seçkisində iştirak edəcəyi və uğur qazanacağı ilə bağlı təbliğat aparılır. YAP-ın icra katibi Əli Əhmədov regionlara səfərlərində və verdiyi açıqlamalarda onun alternativsiz olduğunu bildirir.
Qərbdə böhran bundan sonra bir 50 il də davam etsə, maaşlar nə qədər kəsilsə də biz yenə onların kəsilmiş maaşlarının səviyyəsinə “dünya miqyasında ən yüksək olan inkişaf tempimiz”lə çata bilməyəcəyik…
Qərbdən də demokratik seçkiylə bağlı davamlı çağırışlar səsləndirilir, avtoritar rejimlərə qarşı münasibətin dəyişdiyi deyilir və bunu yapçılar çox böyük ürək ağrısı, həm də qəzəblə qarşılayır. Çabalar göz önündədir. Aparılan siyasətin uğursuzluğunu, dalana dirəndiyini özləri də dərk edirlər. ABŞ-da Rusiya və Iranın Azərbaycana düşmən münasibət bəslədiyini bildirir(Səməd Seyidovun sendviç əhvalatı), Iranda isə Qərbin Azərbaycanda dəyişiklik etmək niyyətində israrlı olduğunu, dəfələrlə buna cəhd göstərdiyini deyirlər(Ramiz Mehdiyevin Iran səfəri).
Son aylarda gerçəkləşən bu iki görüş ölkənin, daha doğrusu onun siyasətini yönləndirənlərin hansı durumda olduğunun göstəricisi sayıla bilər. 20 ildir hakimiyyətdə olan bir partiya sədri “yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub, istifadəyə veriləcək” deyir. Bircə fakt yetərlidir. 20 ildir milyardlar qoyulan təkcə Bakının yol problemi həllini tapmayıb.
Bir neçə il qabaq Ağdamın Quzanlısına qaz verilməsinin lentini kəsən dövlət başçısı təbrik çıxışında Azərbaycanda bütün regionların artıq qazlaşdırıldığını bildirmişdi. Bunun nə qədər həqiqət olduğunu hələ də qazsız qalan kəndlərin sakinlərinə, ibtidai icma quruluşundakı kimi kərmə yandıran adamlara sübut etməyə ehtiyac yoxdur. Ən yaxşı sübut elə öz yazdıqlarıdır.
Bu il fevralın 7-də president.az saytında yerləşdirilən bir məktuba baxmaq bir quranlıq söz yazmaqdan daha effektlidir, məncə.
“Qurban Ocaqquliyev və başqalarından, Qazax, Azərbaycan Hörmətli, cənab Prezident!
Biz Qazax rayonu Kosalar kəndinin bir qrup sakini yazıb Sizə bildiririk ki, respublikamızda gördüyünüz işlər, ölkəmizin sürətli inkişafı bizi çox sevindirir. Biz Sizin apardığınız daxili və xarici siyasəti bəyənir və onu daim dəstəkləyirik.
Möhtərəm Prezident, Siz əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün çox işlər görmüsünüz. Sizin bu istiqamətdə imzaladığınız fərmanlarınızdan biri də əhalinin təbii qazla təmin olunmasını nəzərdə tutur. Biz çox sevinirik ki, bizim Kosalar kəndinə də artıq təbii qaz verilmişdir. Odur ki, biz bu məktubu yazmaqla Sizə dərin minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Bizim əlavə şərhimiz yoxdur.

Rövşən Hacıbəyli