Hakimiyyət beynəlxalq aləmi ittiham edir

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli son zamanlar Avropa ölkələrinin deputatları, eləcə də bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı təzyiq kampaniyalarının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bunun kökündə bir sıra məqsədli niyyətlər durur:
“Bu gün Avropa strukturları və parlamentlərində iki narahatedici məqam güclənməyə başlayıb. Bu, siyasi korrupsiya və qanunsuz lobbiçiliklə bağlıdır. Heç şübhəsiz ki, bu vasitələr nəticəsində bəzi Avropa deputatları hərəkət edirlər. Digər tərəfdən, belə hərəkətlər həmin mərkəzlərin Azərbaycana təsir vasitələrindən biridir. Yəni, biz bu cür addımlar atırıq, Azərbaycan hansısa güzəştlərə getsin – həm müstəqillik məsələsində, həm iqtisadi layihələrdə, həm də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı”.
Maraqlıdır, adətən hakimiyyət təmsilçilərinin özü indiyədək iqtisadi layihələrdən siyasi güzəşt qoparmaq yolunu tutub. Bu dəfə isə Əli Hüseynli beynəlxalq aləmin Azərbaycandan güzəşt tələb etdiyini deyir.

«Bu hakimiyyət ömrünü uzatmaq üçün hətta şeytanla əməkdaşlıq edib, hər cür yalana hazırdır»

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyir ki, Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər öhdəliklərə əməl olunmamasından irəli gəlir. AXCP yetkilisi onu da yada salır ki, hakimiyyət son dövrlərə qədər böyük uğurlarından, Azərbaycanın xarici siyasətinin dəstəklənməsi, müstəqilliyin dünya üçün böyük önəm verməsindən danışırdı. Bəs indi nə oldu?
“Dünya qarşısında 20 ildir fasiləsiz olaraq beynəlxalq konvensiyaların prinsiplərinə uyğun öhdəliklər götürülüb. Lakin bu öhdəliklərin yerinə yetirilməməsi əks tərəfin nüfuzuna ciddi zərbə endirib. Avropa Ittifaqı və Avropa Şurası, digər beynəlxalq qurumlar qarşısında insan hüquq və azadlıqları, demokratiya ilə bağlı çoxsaylı öhdəliklər var. Sərbəst toplaşmaq azadlığı, mətbuat azadlığı, qanunun aliliyinin təmin olunması, məhkəmə sisteminin müstəqilliyi kimi məsələlərinin heç birinə əməl qoyulmur”, – deyə Nurəddin Məmmədli qeyd edib.
Partiya yetkilisi xatırladar ki, ən qatı diktatura rejimlərində belə, vətəndaşların siyasi hüquqları məhdudlaşdırılsa da, mülkiyyət hüquqları toxunulmaz sayılır. Lakin mövcud rejim bu hüquqa da müdaxilə edir: “Ona görə də hakimiyyət hüquqi və siyasi azadlıqların təminatıyla bağlı Qərbin təzyiqlərinə adekvat reaksiya verə bilmədiyi üçün onları ittiham edir”.
N.Məmmədli Azərbaycanın xarici siyasətində çox qəribə bir özbaşınalıq, anarxiyanın müşahidə olunduğunu bildirir.  Həmsöhbətimiz bu baxımdan Ə.Hüseynlinin söylədiklərini anti-demokratik rejimin qorunması üçün imkanlar axtarışı kimi xarakterizə edir: “Bunlar Qərbi şantaj edir. Bu hakimiyyət ömrünü uzatmaq üçün hətta şeytanla əməkdaşlıq edib hər cür yalan danışmağa hazırdır. Əli Hüseynlinin nümayiş etdirdiyi mövqe də bu tendensiyanın bariz təzahürlərindən biridir”.

Nigar