Dindarlar Kerridən dəstək gözləyir

«Beynəlxalq Din Azadlığı Komissiyası öz tənqidlərində tamamilə haqlıdır»

Bir neçə gün əvvəl ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının dünya etiqad azadlığının pozulmasına dair illik hesabatı yayılmışdı. Hesabatın Azərbaycana aid hissəsində ölkəmizdə dini azadlıqların vəziyyəti tənqid olunmuş və ABŞ dövlət katibi Con Kerrinin qarşısına Azərbaycandakı etiqad azadlığıyla bağlı konkret tələblər qoyulmuşdu. Komissiya hesab edir ki, dözümlülük və azadlıq haqqında rəsmi bəyanatlara baxmayaraq, Azərbaycanda son bir neçə ildə dini şərait pisləşib. Bir sıra dini təşkilatlar bağlanıb, adamlar qeyri-zorakı dini fəaliyyətə görə saxlanılıb və cərimə edilib.
Bütün müsəlman dini rəhbərlər dövlət tərəfindən təyin edilir, məsciddən kənarda ibadət etmək qadağandır və polis bu qadağaya nəzarət edir. Ölkədə hicab qadağası var, 2012-ci ilin oktyabrında buna etiraz edən 72 nəfər həbs edilib.ÿQurumun sədri Katrina Lantos ABŞ dövlət katibi C.Kerrini Azərbaycanda etiqad azadlığı və insan hüquqlarının pozulması məsələsinin BMT qarşısında qaldırmağa da çağırmışdı. Həmçinin tövsiyə etmişdi ki, Azərbaycanda etiqad azadlığına yardım göstərilsin, dini qrupların sərbəst və qeydiyyatsız fəaliyyət göstərə bilməsi üçün Bakıya təzyiq edilsin, dini azadlıqlar və insan hüquqları üzrə ictimai nəzarət təşviq edilsin, Azərbaycanda vətəndaşların təqib edilməsi beynəlxalq forumlarda qaldırılsın, demokratiyaya dəstək çərçivəsində etiqad azadlığı USAID-in qrant fəaliyyəti kateqoriyasına daxil edilsin və s.
Islam Partiyasının sədr müavini Rövşən Əhmədli hesab edir ki, əslində ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası onların illərdir səsləndirdikləri problemləri dilə gətirib: “Biz bu problemlərin mövcudluğunu, Azərbaycanda dini azadlıqların vəziyyətinin pis olduğunu tez-tez gündəmə gətiririk. Indi nüfuzlu beynəlxalq qurumun bunları öz hesabatına daxil etməsi bizim etirazlarımızın haqlı olduğunu və reallığa söykəndiyini bir daha sübut edir. Bütün bunların kökündə Azərbaycanda hüquqa hörmət olunmaması dayanır. Ölkə Konstitusiyasında təsbit olunmasına baxmayaraq, insan hüquq və azadlıqları təmin edilmir. Hökumət bəyan edir ki, Azərbaycanda dini dözümlülük var. Bəli, var. Amma bunun hakimiyyətə aidiyyəti yoxdur. Bu, vətəndaşların dözümlülüyüdür. Ən pisi isə odur ki, hökumətə bu problemlərlə bağlı obyektiv iradlar bildirəndə, məsələnin həlli yollarını göstərəndə bunu mütləq xarici müdaxilə ilə əlaqələndirirlər. Guya, bu təşəbbüslərin hamısı xaricdəki hansısa qüvvələrdən gəlir. Bu problemlərin hamısı ölkə daxilində həll oluna bilər. Əvvəla bunları yaratmaq lazım deyildi. Yaradıblarsa, vətəndaş da öz hüqunu təmin etmək üçün yollar axtaracaq. Bu zaman aksiyalar da olacaq, etirazlar da. Əgər bütün bunların olmasını, ölkədə sabitliyin pozulmasını istəmirlərsə, o zaman qanunlara əməl etsinlər”.
R.Əhmədlinin sözlərinə görə, bu gün nəinki inanclı kəsimin, ölkənin bütün vətəndaşlarının hüquq və azadlıqları bu və ya başqa formada məhdudlaşdırılır: “Inanclılara qarşı təzyiqlər isə daha çoxdur. Ona görə, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası öz irad və tənqidlərində tamamilə haqlıdır. Ümid edirəm ki, qurumun ABŞ Dövlət katibinə çağırışları tezliklə real nəticə verəcək. Və dövlət katibi bu tövsiyələrin həyata keçirilməsi üçün bacardığı qədər səy göstərəcək”.  

Gültəkin