Eldəniz Quliyev: «Sabah Ilham Əliyevin başında bir qovğa olsa, bu gün belə danışan adamların özləri onun arxasından qaçacaqlar»
Tanınmış ziyalı və kinorejissor Rüstəm Ibrahimbəyov son müsahibəsində hakimiyyəti sərt şəkildə tənqid edib. O, Ilham Əliyevin hakimiyyəti dövründə korrupsiyanın daha da artdığını, taleyüklü məsələlərin həll olunmadığını söyləyib. R.Ibrahimbəyovun fikirlərinə YAP-dan cavab gecikməyib. Deputatlar kinorejissora qarşı hücuma keçib.
YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, “ölkəyə ləkə gətirən bir insan Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq yolunu seçib”.
“Rüstəm Ibrahimbəyov Rusiyanın adamıdır” deyən YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə kinorejissorun narazılığı, narahatlığının səbəblərini anlamadığını bildirib.
“Rüstəm Ibrahimbəyov neçə vaxtdır ki, bu mahnını oxuyur, ancaq bu mahnıda yeni çalarlar, yeni notlar yoxdur” – bunu isə Ana Vətən Partiyasının sədri olan deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Rüstəm Ibrahimbəyov öz sözündən daha çox bir icraçı kimi fəaliyyətini qurmaqdadır: “O, Rusiyanın sözünü deyir, Rəsul Quliyevin arzularını həyata keçirməyə çalışır”.
Deputatların Rüstəm Ibrahimbəyov haqqında səsləndirdikləri bu fikirlərlə əlaqədar Ziyalılar Forumunun üzvü, tanınmış rejissor Eldəniz Quliyevin münasibətini öyrəndik. Eldəniz Quliyev bildirdi ki, bu cür bolşevik təfəkkürlü yanaşma ilk növbədə elə hakimiyyətin özünə utanc gətirir: “Sabah Ilham Əliyevin başında bir qovğa olsa, həmin adamlar onun arxasından qaçacaqlar. Rüstəm bəy isə müxalif fikirlərinə baxmayaraq, istənilən şəxsi müdafiə edən, kişi kimi dayanan şəxsdir. Hesab edirəm ki, bunu ölkə başçısı da bilir. Çünki müsahibələrində deyir ki, vaxtilə atasının çörək verdiyi, adam elədiyi kəslər sonradan satqın çıxıb. Ümumiyyətlə, bolşevik təfəkkürü ilə danışmaq utanc gətirən vəziyyətdir”.
Eldəniz Quliyev vurğulayıb ki, Rüstəm Ibrahimbəyov Azərbaycanı ləyaqətlə tanıdan və sevdirən ziyalıdır: “Rüstəm bəy dayanan sırada on yer boşdur, ondan sonra isə bir çox ziyalıların adı gəlir. Lakin Rüstəm bəy haqqında təhriflə danışan adamların adı həmin sıralamada yoxdur. Onların Ibrahimbəyov barədə hansı etika və prinsiplə danışması yalnız təəssüf hissi doğurur”.
Nigar


