Millət vəkili, yoxsa qanqster?

Avrasiya.net saytı sabiq millət vəkili Gülər Əhmədova ilə Sankt-Peterburqda fəaliyyət göstərən “Foreneks” MMC-nin ekspertinin elektron poçt vasitəsilə yazışmasını dərc edib.
Belə yazışmalarla bağlı qərar çıxarmaq çətindi. Əlbəttə, Əvəz Zeynallını şərləyərək tutduran, qəzetini məhv etdirən və sonradan özü də eyni iddia ilə həbs edilən Gülər Əhmədova tezliklə bu yazışmanın yalan olduğunu, kimlərinsə, məsələn, Elşad Abdullayevin əlinin altından çıxdığını deyəcək. Lakin kimsənin yadından çıxmayıb ki, Elşad Abdullayev ilk dəfə Gülərlə bağlı videonu yayanda da qarşı tərəf eyni fikirləri səsləndirmiş, bunu şantaj və montaj adlandırmışdı. Elə bu məxfi yazışmada da söhbət Abdullayevin videosunun montaj olduğunu sübut etmək üçün ekspert rəyi almaqdan gedir. Bir-iki gün qabaq Əhmədovanın vəkili R.Mustafayev “Yeni Müsavat”a açıqlamasında demişdi ki, artıq yayılan video görüntülərin saxta olması ilə bağlı onların əlində ekspert rəyi var: “Sonradan istəsəniz, həmin mütəxəssislə əlaqə saxlayıb, bu rəyin doğruluğuna da əmin ola bilərsiniz. 10 günə bu rəy hazır olacaq”.
Bloger Elnur Məcidli də həmin gün “Yeni Müsavat”dakı eyni yazıda bu haqda bunları demişdi: “Xatırlayırsızsa, bir dəfə Gülər Əhmədova da bu videoların saxta olması ilə bağlı rəyləri almağa cəhd edirdi, amma cəhdinin üstü açıldı. Sankt-Peterburqda Səyyarə Heydərovanın əli ilə guya araşdırma aparırdı və bu alınmadı”.
Avrasiya.net saytında yerləşdirilən yazışma da məhz Rusiyadan ekspert rəyinin alınması ilə bağlıdı. Bu yazışmada da Səyyarə Heydərova haqda söhbətlər gedir.
Sayt yazışmanı təqdim etməmişdən qabaq belə bir arayış təqdim edib: “Xatırladaq ki, ”KQB”nin mərhum polkovniki Rövşən Heydərovun qızı, hüquq müdafiəçisi Səyyarə Heydərova sabiq millət vəkili Gülər Əhmədovaya kömək məqsədilə Elşad Abdullayevin yaydığı videoların saxta olub-olmadığını aydınlaşdırmaqdan ötrü “Foreneks” MMC-yə müraciət edib. Lakin G.Əhmədova sonradan pul ödəməkdən imtina etdiyindən ekspertizanın nəticələrini əldə edə bilməyib”.
Bu tip yazışmaları saxta şəkildə də tərtib etmək olur, zamanında hakimiyyətin müxalif düşüncəli jurnalistlərin adından belə “yazışmalar” yaydığının şahidi olmuşuq. Lakin dediyim kimi, Əhmədova ilk dəfə videosu yayılanda da eyni fikirləri səsləndirmişdi – yalan, böhtan, şantaj, montaj. Və ümumiyyətlə, bu gün jurnalistlər yaxşı tanıdıqları Əvəz Zeynallını şərləyən adamın heç bir sözünə inanmırlar. Mənim çatdırmaq istədiyim isə yazışmadakı bircə məqamdı. Əhmədova yazışdığı şəxsə Səyyarə xanım haqda şübhələrini gizlətmədən yazır və yekunda deyir: “Əgər Səyarə başqa bir addım atarsa, onda məndən inciməsin. Mənim ərim və oğlum onu öldürər”.
Bəli, buyurun. Indi başa düşdünüzmü Azərbaycanda qətllər necə baş verir? Biri o birindən şübhəyə düşür və ya acıqlanır, sonra belə rahatlıqla ölüm hökmü çıxarır. Hadisələrin lap başlanğıcında Əhmədovanın jcurnalistləri hədələdiyi də yaddan çıxmayıb: “Başınıza oyun gətirərəm!”. Arxası bağlı olandan sonra cəzasız qalmağa o qədər arxayınçılıq yaranıb ki, bu ölkədə adam öldürmək, kiminsə haqqında ölüm fərmanı vermək və bunu hələ qabaqcadan demək bu qədər asandı. Təsəvvür eləyək: əgər adi bir deputat belə asanlıqla hökm verə bilirsə, onda əlində tam hakimiyyət olanların belə hökm verməsində, kimdənsə qisas almasında çətin nə var?
Belə-belə işlər. Arın-arxayın şəkildə adam öldürməkdə çətin heç nə yoxdu. ASAN xidməti kimi bir şey. Ancaq biz çox çətin ölkədə yaşayırıq.