Dövlət qəzetləri Mehdiyevin səfərini niyə işıqlandırmadı?

Mehman Əliyev: «Hakimiyyət Ramiz Mehdiyevin bəyanatlarını ona görə təkzib etmir ki, İranın əlindəki faktların ortaya çıxa biləcəyindən qorxur»

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehranda Qərbi sərt tənqid edərək, Iran rejiminin ünvanına xoş sözlər işlətməsi siyasi gündəmdə ciddi ajiotaja səbəb oldu. Xatırladaq ki, rəsmi IRNA agentliyinin məlumatına görə, R.Mehdiyev qeyd edib ki, Qərb Azərbaycanda bir neçə “rəngli inqilab”a təşəbbüs göstərib. Lakin onların heç biri baş tutmayıb:
“Son on ildə Azərbaycanın möhkəmlənməsi və inkişafı Qərbi məyus edir, odur ki, onlar Azərbaycanda sülhü və sabitliyi pozmaq üçün müəyyən addımlar atırlar”. MDI-ni Azərbaycanda təhlükəsizliyi pozmaq üçün müxtəlif qurumlara və ölkə vətəndaşlarına bir milyon dollar verməkdə ittiham edən R.Mehdiyev vurğulayıb ki, I.Əliyev Irandakı hakim rejimi dəstəkləyir, prezident M.Əhmədinejatı isə öz dostu və tərəfdaşı sayır.
Hakimiyyət təmsilçiləri və bu düşərgəyə yaxın olan deputatlar Azərbaycanın siyasi gündəmində böyük səs-küyə səbəb olan bu açıqlamaları, Iran prezidentinin ünvanına söylənilən müsbət fikirləri reallığa uyğun saymırlar.
Məsələn, deputat Rasim Musabəyov hesab edir ki, IRNA R.Mehdiyevin fikirlərini təhrif edib. AVP sədrinin müavini Zahid Oruc isə R.Mehdiyevin belə fikirlər söyləyəcəyinə inanmır.
Məsələni, maraqlı və bir də qeyri-müəyyən edən məqam isə ondan ibarətdir ki, görüşdən dərhal sonra çıxan rəsmi qəzetlərdən – “Yeni Azərbaycan”, “Azərbaycan” – heç biri R.Mehdiyevin görüşləri və səsləndirdiyi bəyanatlar barədə məlumat verməyib. Digər tərəfdən, R.Musabəyov və Z.Orucun dedikləri doğrudursa və R.Mehdiyevin adından deyilənlər reallığı əks etdirmirsə, nədən Prezident Administirasiyasının rəhbərinin özü bu məlumatları təkzib etmir? Ən azı hazırda yaşadığımız dövrdə hər hansı tərəfi informasiya blokadasına almaq əvvəlkitək asan deyil.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, Azərbaycan hakimiyyətinin davranışlarından, susmasından belə görünür ki, rəsmi Bakı situasiya ilə razıdır və etiraz etmir: “Informasiya IRNA vasitəsilə yayılıb. Əgər Azərbaycan hakimiyyəti bu məlumatı təkzib edərsə, Iranın əlindəki faktlar ortaya çıxa bilər. Hakimiyyət isə bundan qorxur. Ona görə hakimiyyət susmağa üstünlük verir.
Azərbaycan hakimiyyətinin həm Irana, həm də eyni zamanda ABŞ-a səfərlər reallaşdıraraq, ziddiyyətli bəyanatlar verməsinə gəlincə, M.Əliyev bildirdi ki, bu, hakimiyyətin böyük təlaşda olmasından xəbər verir. Hazırkı durumda hakimiyyətin özünə dayaq tapmağa çalışdığını düşünən M.Əliyev hesab edir ki, hakimiyyətin atdığı addımlar, reallaşdırdığı səfərlər olduqca uğursuzdur. Bunu səfərlərdən sonra yaranan situasiya və verilən şərhlər sübut edir.
Dünən gün ərzində rəsmi qəzetlərin informasiyanı nəyə görə dərc etmədiyini dəqiqləşdirməyə çalışdıq. Amma “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova zənglərimiz nəticə vermədi.

Hikmət