guler ahmedova

Gülər Əhmədova istintaqa şərt qoydu

guler ahmedovaSabiq deputatın işi Avropa Məhkəməsinə göndərildi; Vəkil Baş Prokurorluğa cavab verdi

Həbsdə olan sabiq deputat Gülər Əhmədova Avropa Insan Hüquqları Məhkəməsinə şikayət edib. Bu barədə APA-ya Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkilin sözlərinə görə, Avropa Insan Hüquqları Məhkəməsinə ünvanlanan şikayət Gülər Əhmədovanın həbsinin qanunsuz olması ilə bağlıdır: “Şikayətimizi poçt vasitəsi ilə Avropa Insan Hüquqları Məhkəməsinə göndərdik”.
Gülər Əhmədova hicab taxır
“Yeni Müsavat” qəzeti isə məlumat yayıb ki, Gülər Əhmədova artıq hicab taxmağa başlayıb. Raqif Mustafayev məlumatı təsdiqləyib. O, müvəkkilinin həqiqətən hicab taxdığını və namaz qıldığını söyləyib. Raqif Mustafayev digər vəkil Eldar Qədimidən imtina edilməsinin səbəbini də açıqlayıb. Vəkil bildirib ki, həmkarı müdafiə ilə bağlı iş görməyib
Eldar Qədimi isə “Yeni Müsavat”a açıqlamasında bu barədə ona heç nə deyilmədiyini söyləyib. Qədimi Raqif Mustafayevi nəzərdə tutaraq, “o nağılbaz vəkil hələ çox şey danışacaq” deyib: “Dünən deyirdi ki, guya mən ərizə yazıb imtina etmişəm. Indi isə deyir ki, Gülər xanım məndən imtina edib. Imtina etsə də, sağ olsun, etməsə də. Bütün variantda itki olmayacaq mənim üçün”.
Gülər Əhmədovanın yeni vəkili Əfsər Talıbov isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinin fikirlərinə cavab verib. O, Modern.az-a açıqlamasında bildirib ki, Baş Prokurorluq Elşad Abdullayevin istintaqa təqdim etdiyi materialları sübut kimi qəbul etsə də, müdafiə tərəfi həmin sübutları qəbul etmir: “Işə qoşulan ilk gündən onun haqsız yerə tutulduğunu demişəm. Bu işdə Cinayət Məcəlləsinin 178.3.2, 307.2 maddələrinin tərkibi yoxdur. Fikirlərimin də üzərində dayanıram. Mənim imzamla yazılan həmin şikayətlər Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarına və 12 instansiyaya göndərilib. Həmin ərizələrimdə sübut edirəm ki, Gülər Əhmədovanın hərəkətlərində cinayət əməli yoxdur. Prokurorluq mətbuat katibi Eldar Sultanovun simasında fikirlərimizi əsassız sayır. Göstərir ki, Gülər Əhmədovanın vəkillərinin fikirlərinin heç bir hüquqi əsası yoxdur. Onda sual olunur: saxta sübutları, video görüntüləri əvvəldən bir dəlil kimi qəbul etmirik. Çünki Konstitusiyanın 32.3 maddəsi və Cinayət Prosessual Məcəlləsi 25-ci maddə ilə nələrin sübut növü kimi qəbul olunmasını qanunla işləyənlər qarşısında qoyur. Orada da göstərilir ki, vətəndaşın icazəsi, razılığı olmadan onun video görüntülərinin, danışıqlarının yazılması qeyri-qanunidir. Qeyri-qanuni sübutlarla millət vəkilini, 2010-cu ildən 2012-ci ilədək  3 dəfə deputat seçilmiş insani həbs edirlər”.
Ötən gün müvəkkili ilə görüşdüyünü deyən Əfsər Talıbovun sözlərinə görə, Gülər Əhmədova bildirib ki, Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək: “Müstəntiq də Gülər Əhmədovanın yanına gəlmişdi. Ona öz iradlarımı çatdırdım. Müstəntiq Gülər Əhmədovanın iki vəkilindən imtina etməsi ilə bağlı onun ərizəsini aldı. Başqa istintaq hərəkətləri aparılmadı. Gülər xanım da Bakı şəhər prokuroru Əziz Seyidova ərizə ilə müraciət etdi ki, o əsassız tutulub və Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək. Gülər Əhmədovanın xalqın qarşısında və cənab prezidentin daxili və xarici siyasətinin həyata keçirilməsində xidmətləri olub və həmin xidmətlərini ərizəsində qeyd edib. Onun himayəsində 8 yaşlı övladının olması, xəstə olması ilə bağlı bütün sənədləri topladıq və məhkəməyə müraciət etmişik. Yoldaşı da onkoloji xəstədir. Bütün bunları nəzərə alıb onun barəsində həbs dövründə seçilmiş qəti imkan tədbirinin dəyişdirilməsinə kömək edilməsini xahiş edirik”.
Xatırladaq ki, Eldar Sultanov demişdi ki, Əfsər Talıbovun guya təqsirləndirilən şəxsin əsassız olaraq həbsdə saxlanılması və istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur: “Belə ki, Bakı şəhər Prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib. Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir”.

İnformasiya şöbəsi