fuad-qehremanli-yeni

“Birliyə mane olanlar cəmiyyətin qınağına tuş gələcək”

fuad-qehremanli-yeni«Qərb İlham Əliyevdən alacağını alıb, daha enerji kartı ilə oynamaq mümkün deyil»

Fuad Qəhrəmanlı: «Maraqları toqquşan dövlətlərə xoş gələn bəyanatlar vermək xarici siyasəti qeyri-ciddi hala salıb»

Seçki yaxınlaşdıqca siyasi səhnədə canlanma artır. Müxalifətin birliyi, Azərbaycan hakimiyyətinin böyük dövlətlərlə toqquşması kimi məsələlər gündəmin əsas müzakirə mövzularıdır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə söhbətimiz gündəmdəki siyasi mövzular haqda olsa da, söhbətə Ramiz Mehdiyevin Iran səfərindən başladıq:

İqtidar seçkiyə görə qapı-qapı düşüb, vədlər paylamaqla məşğuldur

– Ramiz Mehdiyevin Irana səfəri, orada Qərb əleyhinə bəyanatları və Tehran rejiminə qarşı jestlərini necə dəyərləndirmək olar?
– Əvvəla, bu səfərdən ciddi nəticələr gözləməyə dəyməz. Azərbaycanı təmsil edən yüksək səviyyəli dövlət rəsmisi Tehranda Qərbin Azərbaycanın sabitliyi və inkişafı üçün təhlükə olduğunu bəyan edir. Eyni günlərdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin də daxil olduğu nümayəndə heyəti Vaşinqtonda Iran təhlükəsinə qarşı  Amerikadan dəstək istəyir. Bütün bunlar Iranın gözü qarşısında baş verir. Məhz bu baxımdan deyirəm ki, Mehdiyevin Iran səfərindən ciddi nəticələrə ümid etmək lazım deyil. Üstəlik, bu ziddiyyət dövlətin xarici siyasətinin ciddiliyini zədələyir, ona etimadı aradan qaldırır.
Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Israil səfərini də nəzərə alsaq, Iranın Azərbaycan tərəfinin ona xoş gəlmək üçün verdiyi bəyanatlara inanmasına hər hansı əsas yoxdur. Elə bu səbəbdəndir ki, Azərbaycan iqtidarı nə qədər çalışsa da, Rusiya ilə münasibətləri normallaşdıra bilmir. Rusiyadan fərqli olaraq, Iran beynəlxalq təzyiqlə üzləşib. Bu səbəbdən də ciddiliyinə o qədər də önəm vermədən hər hansı qonşu dövlətin rəsmisinin gəlib Tehranda Qərbə qarşı fikir səsləndirməsindən öz maraqlarını təmin etmək üçün istifadə etməyə çalışır.
Hamı gözəl başa düşür ki, qarşıdan prezident seçkisi gəlir və növbəti seçki saxtakarlığına ən azı, loyallığı təmin etmək üçün Azərbaycan iqtidarı qapı-qapı düşüb, vədlər paylamaqla məşğuldur.

Hakimiyyət problemləri “kolxoz” qaydasında həll etməyə çalışır

– Ramiz Mehdiyevin Irana səfərinin Elmar Məmmədyarovun Israil səfərindən sonra reallaşmasını ekspertlər təsadüf hesab etmirlər. Belə fikirlər də var ki, bu səfər Iranın “könlünü almağa” hesablanıb…
– Yox, məsələ təkcə könül almaqda deyil. Hakimiyyətdə anlayırlar ki, xarici siyasətdə uğursuzluq seçki ərəfəsində ölkədə daxili proseslərə münasibətdə öz təsirini göstərəcək. Regionumuzun geopolitik xüsusiyyətləri və rejimin avtoritarlığı səbəbindən hazırkı iqtidar xarici güc mərkəzlərindən çox asılıdır. Indi Azərbaycana təsir imkanı olan dövlətlərlə münasibətlərin soyuq olması seçki ərəfəsində hakim komandanı ciddi şəkildə narahat edir. Ona görə də təntimiş halda, heç bir sistem, geopolitik və geostrateji faktorlar nəzərə alınmadan, problemləri “kolxoz” qaydasında həll etməyə çalışırlar. Və nəticədə diametral şəkildə maraqları bir-birinə zidd olan dövlətlərə gedib, onların hamısının xoşuna gələn bəyanatlar verməklə, xarici siyasətdəki təcrid və təzyiqləri aradan qaldırmağa çalışırlar. Ona görə də həm Irana, həm Israilə dostluq nəğmələri oxuyurlar, eyni zamanda, həm ABŞ-a, həm də Rusiyaya “strateji müttəfiq” deməklə siysi strategiya haqqında təsəvvürlərinin olmadığını ortaya qoyurlar. Ancaq haqqında danışdığımız dövlətlərdə bizim iqtidardakılardan fərqli olaraq, xarici siyasətə ciddi fəaliyyət sahəsi kimi baxırlar və maraqlarının təmin olunması üçün sistemli, əsaslandırılmış kurs yeridirlər.

Xarici siyasətdəki ziddiyyət hakimiyyəti çıxılmaz duruma salıb

– Ramiz Mehdiyev Iranda Qərb əleyhinə bəyanatlar verdiyi ərəfədə prezidentin strateqlərindən ibarət nümayəndə heyətinin ABŞ-da tam fərqli mövqedən çıxış etməsidir. Onlar ABŞ-da Iranı hədəf göstərərək, Azərbaycana ciddi təhdidlərin olduğunu bəyan ediblər. Sizcə, bu hakimiyyətdəki fikir ayrılığının nəticəsidir, yoxsa çaşqınlığın?
– Ilk baxışda belə görünə bilər ki, hakimiyyət daxilində mövcud olan qruplaşmaların hər biri xarici siyasətdə öz orientasiyasına görə fəaliyyətə keçib. Sanki xarici siyasət bir mərkəzdən müəyyən olunmur. Amma mən bu fikri bölüşmürəm. Ola bilsin ki, bu cür görüntü yaratmaqda məqsəd seçki ərəfəsi ölkəmizdə maraqları olan dövlətlərə, guya, onlara yaxın olan qrupların hakimiyyətdə olduğunu göstərməklə dəstək qazanmağa nail olmaqdır. Xarici siyasətdə ziddiyyətlərin və bir-birini inkar edən mövqelərin əsas səbəbi hakimiyyətin avtoritar mahiyyətilə enerji və təhlükəsizlik sahəsindəki Qərbyönümlü kurs arasındakı ziddiyyətlərdir. Yəni, təhlükəsizlik və enerji ixracı siyasətində Qərblə əməkdaşlığa üstünlük verən Azərbaycan hökuməti, avtoritar olduğu, demokratiyanı boğduğu üçün Qərbin təzyiqlərilə üzləşir.
Digər tərəfdən, siyasi rejim baxımından Rusiya və Irana daha çox yaxın sayılan Azərbaycan enerji və təhlükəsizlik sahəsində Rusiya və Iranın maraqlarına zərbə vurduğundan bu ölkələrin təzyiqilə üzləşib. Bu ziddiyyətin həlli isə sadə məsələ deyil və demək olar ki, hakimiyyəti çıxılmaz duruma salıb.

Qərbi maraqlandıran əsas məsələ həll olunub…

– BMT-də Azərbaycanla bağlı xüsusi müzakirələr təşkil olundu. Ölkəmizdəki insan haqlarının vəziyyəti, demokratiyanın durumu müxtəlif ölkələrdən olan 83 çıxışçı tərəfindən sərt tənqid olunub. Bu ərəfədə Dövlət Departamentinin hesabatında da Azərbaycan insan hüquqlarının vəziyyətinə görə kəskin şəkildə tənqid olunmuşdu. Sizcə, ölkəyə beynəlxalq aləmdə bu cür diqqət nədən xəbər verir?
– Azərbaycan xeyli vaxtdır ki, ölkə daxilindəki kritik vəziyyətə görə beynəlxalq diqqətdədir. Məsələnin gerçəyi budur ki, Qərb Ilham Əliyevdən alacağını alıb. Daha enerji kartı ilə oynamaq, təzyiq göstərmək imkanı yoxdur. Xəzər hövzəsinin enerji resurslarının ixrac marşrutlarının diversifikasiyası Qərbi maraqlandıran əsas məsələ idi və bu artıq həll olunub. Təhlükəsizlik sahəsində isə Azərbaycanın Qərbin maraqlarına qarşı getmək imkanı yoxdur. Çünki Rusiya-Ermənistan strateji birliyi Azərbaycanı təhlükəsizlik baxımından təhdid edir. Iranın da təsirini nəzərə alsaq, Azərbaycan Qərbin təhlükəsizlik təminatına möhtacdır. Eyni zamanda, Türkiyənin də təsirini nəzərə alsaq, Azərbaycanın enerji və təhlükəsizlik sahəsində hazırkı kursunu dəyişməsi real görünmür. Bütün bunlara görə əvvəlki dövrlərdən fərqli olaraq, Qərb Azərbaycanda demokratiya məsələsini qaldırarkən daha maraqlarını riskə atmır. Ona görə də offşor zonalardakı gizli biznes məlumatlarından tutmuş, Ilham Əliyevin üçüncü dəfə namizədliyinə qədər bütün bu məsələləri daha sərbəst gündəmə gətirmək imkanı yaranıb.
Eyni zamanda, Azərbaycanın xarici siyasətində yaranmış hazırkı durumun xüsusiyyətləri də nəzərə alınır və artıq Qərbdən gələn təzyiqləri Rusiya vasitəsilə neytrallaşdırmaq imkanlarının qalmadığı da bilinir. Bütün bunlar Qərbin təsir imkanlarını artırır. Nəzərə almaq lazımdır ki, artıq demokratiya Qərbin təhlükəsizlik, iqtisadi və siyasi maraqlarının təminatı üçün açar məsələyə çevrilib. Demokratiyanın təmin olunması artıq praqmatik siyasi maraq məsləsidir, idealizm deyil.

Siyasi sistemin böhranını zorakılıqla saxlamaq mümkün deyil

– Seçki ərəfəsində parlament internetdəki fikirlərə görə cinayət məsuliyyəti daşınması, inzibati həbsin müddətinin maksimum 15 sutkadan 3 aya qədər artırılmasını planlaşdırır. Sizcə, bu addımlar hansı məqsəddən irəli gəlir?
– Bütün bunlar hakimiyyətin artan təlaşını göstərir. Cəmiyyətdə narazılıqlar artdıqca iqtidar düşünür ki, xofu artırmaqla insanların etirazlarının qarşısını kəsə biləcək. Başa düşürlər ki, etirazların səbəbi nə müxalifətin təbliğatıdır, nə də xarici faktor. Insanları narazı salan, etiraza sövq edən iqtidarın korrupsiyaya, məmur özbaşınalığına əsaslanan idarəçiliyidir. Bunu aradan qaldırmaq üçün islahatlara getmək lazımdır. Əks təqdirdə, cəmiyyətdə narazılıqların dinamikası artan xətlə inkişaf edəcək. Islahat anlayışı isə hakim komandanın idarəetmə fəlsəfəsinə, təfəkkür tərzinə yad olduğu üçün çıxış yolunu zorakılıqda, insanlara qorxu aşılamaqda görürlər. Onsuz da indiyə qədər həyata keçirilən siyasət bundan fərqli olmayıb, amma nəticədə müxalifətçiliyin sərhədləri genişlənib, bunlar isə onu daraltmaq istəyirdilər. Dünənə qədər susan insanlar bu gün narazı elektorata çevrilib. Deməli, qorxu artıq əvvəlki effekti vermir və sistem üzrə dərin böhran başlayıb. Bu böhran isə dəyişiklik tələblərini gündən-günə daha da gücləndirir. Əgər hakimiyyət zorakılıqdan əl çəkməyəcəksə, bu, etirazların sosial partlayışlar formasında ifadə olunmasına aparıb çıxara bilər. O halda, proseslərə təsir imkanını itirən siyasi institutlar deyil, qəzəbli kütlə daha sərt və radikal qərarlar verəcək. Ona görə də hələ ki, vaxt var, düşünsünlər, meydanda kim olmalıdır – sivil müxalifət, yoxsa qisasçı, qəzəbli kütlə…  Təəssüf ki, iqtidarın ömrünü bir qədər də uzatmaq xatirinə hakimiyyət ölkəni çox təhlükəli risklərə sürükləyir.

Cəmiyyət indiki halda, birlik modelinə üstünlük verir

– Hazırda demokratik düşərgədə vahid koalisiyanın yaradılmasına dair danışıqlar gedir. AXCP sədri Əli Kərimli mayda müxalifətin birliyinin elan olunacağını istisna etməyib. Sizcə, müxalifət böyük koalisiya ilə seçkiyə qatıla biləcəkmi? Hazırda bu istiqamətdə durum necədir?
– Danışıqlar gedir. Artıq Milli Şuranın yaradılması ilə bağlı prinsipial razılaşmalar var. Indi əsas müzakirə olunan məsələ bu qurumun formatı ilə bağlıdır. Məqsəd cəmiyyətin bütün aparıcı qüvvələrini mövcud rejimə qarşı alternativ komanda şəklində bir araya gətirməkdir. Bundan sonrakı mərhələdə isə təbii ki, vahid namizəd məsələsini müəyyənləşdirmək olar. Indidən bu barədə heç nə demək olmaz. Çünki vahid namizəd məsələsinin necə müəyyənləşdiriləcəyi yalnız yaradılması nəzərdə tutulan qurum çərçivəsində razılaşdırıla bilər. Cəmiyyət də haqlı olaraq, bu prosesin ləngiməsinə görə narahatlığını bildirir. Əgər bu proses uğurla yekunlaşmasa, o zaman bu danışıqlarda iştirak edən siyasətçilərin məsuliyyəti məsələsi gündəmə gələcək və insanlar kimlərin iddiaları üzündən ümumi maraqlara zərbə vurulduğunu bilmək haqqına sahibdilər. Ona görə də prosesi lüzumsuz şəkildə uzatmağın mənası yoxdur. May ayında yəqin ki, bu məsələ formasından asılı olmayaraq, yekunlaşacaq. O da ola bilər ki, özünü çox iddialı sayan və iddalarını ümumi maraqlarla uzlaşdırmaq istəməyən hansısa təşkilat kənarda qala bilər. Bu halda, prosesdən kənarda qalacaq təşkilat ictimai qınağa tuş gələcəyindən, həmin qurumun təmsilçisinin seçkidə iştirakıyla vahid namizəd ideyasına kölgə salmaq cəhdləri alınmayacaq. Çünki cəmiyyət indiki halda, birlik modelinə üstünlük verir.

Xəyal Babayev