Bəs ömür yollarımızdakı tıxaclar?

Dünən səhərdən sosial şəbəkələr tıxaclarda qalan vətəndaşlarımızın üsyan dolu sözləri ilə aşıb-daşırdı. Belə məlum olurdu ki, yaptokratların “dahi rəhbər”inin 90 illiyi ilə bağlı velosiped turu onsuz da yarımcan olan şəhəri iflic edib, insanlar yollarda qalıblar. 
Mən bilmirəm, bunda heyrətlənməli, qəzəblənməli, səsini başına atmalı nə var? “Dahi rəhbər” özü sağlığında bu ölkənin azadlığa, çağdaşlığa, rifaha, ədalətə gedən yollarını qapadanda harda idiniz?
Qurduğu sistem on illərdir bizi azad, demokratik, hüquqi bir dövlətə gedən yolda əsir-yesir edibsə…
Bu ölkənin indi getdiyi istiqamət düz, yol doğru deyilsə, saatlarca paytaxt yollarında ilişib qalmağınız, vaxt itirməyiniz sizi niyə özünüzdən çıxarır ki?
Bu gün biz millət olaraq vaxt itiririk, çağdaş, mədəni, modern dünyanın bir parçası olmağa yubanırıq.
Bizi zamanın bu qədər gerisinə atan, zamanla ayaqlaşmağımızı əngəlləyən, yüksəlişə, tərəqqiyə gedən yolumuzda tıxaca çevrilən bir sistemə dözüb, hansısa prospektdəki, küçədəki tıxaca dözməmək nə deməkdir axı?
Iki gündür qanunlara yeni mürtəce dəyişikliklər etməklə məşğuldur. Artıq internet üzərindən tənqid belə, cinayət məsuliyyəti yaradacaq.
Inzibati məhkəmə qərarlarını gecikdirənlərə həbs yolu açılacaq.
Bunların adını “icazəsiz”, “qanunsuz” qoyduqları etiraz aksiyalarına çıxanlara verilən inzibati həbslərin müddəti isə 2-3 dəfə artırıldı.
Səbəblər aydındır. Facebook-u bağlamaq istədilər, alınmadı, çarəsiz qalıb internetlə bağlı Cinayət Məcəlləsinə maddə qoydular.
Etirazçılara yüksək məhkəmə cərimələri çıxardılar, baxdılar ki, hətta ən zəif yerimiz olan pulsuzluqla, maddi imkansızlıqla də önümüzü kəsə bilmirlər, axırda cərimələrin bir başını da aparıb həbslərə bağladılar.
10, 15 günlük inzibati həbslərin küçələrə çıxmağımızı əngəlləmədiyini, rejimə etirazımızı, nifrətimizi içimizə gömmədiyini gördülər, inzibati həbslərin müddətini kəllə-çarxa qaldırırlar.
Bəs bütün bu rəzilliklər, toplumu tamamən sükuta qərq etmək…
Öz iradələrinə təslim etmək…
Sərvət və hakimiyyət ehtirası bitmək bilməyən bir ovuc adamın köləsinə çevirmək üçün bütün bu çağdışı, mürtəce addımlar nə qədər adamın vecinədir?
Nə qədər adam düşünür, ölkənin hara aparılmaq istənildiyini, hara aparıldığını, necə dibsiz qaranlığa gömüldüyünü.
Amma tıxaclarda qalmaq hər kəsin zoruna gedir.
Əsəbinə toxunur.
Guya şəhərin yollarındakı tıxaclar olmasa, həyatınızda çox şeymi dəyişəcək?
Bəs bu ölkə insanlarının ömür yollarındakı tıxaclar?
Bəs insan kimi yaşamağımıza, həyat sürməyimizə yaradılan əngəllər?
Axı onları aşmadıqca, onlar aradan qalxmadıqca, xoşbəxtliyiə, firavanlığa necə qovuşmaq mümkündür?
Deyək ki, siz şəhər yollarında tıxaca ilişib xəstəxanadakı doğmanızı yoluxmağa gecikə və bundan əsəbləşə bilərsiniz. Bəs xəstəxanalardakı rüşvət, yanlış diaqnoz? O doğmanızın həyatının naşı loğman əlində puç olmaq təhlükəsi?
Siz şəhər tıxaclarında qalıb evə – övladlarınızın yanına yubana və bundan qəzəblənə bilərsiniz. Bəs özünüzün, övladlarınızın azad, aydın, hürr, rifah dolu bir həyata yubanmasına niyə eyni reaksiyanız yoxdur?
Şəhər tıxaclarında qalıb harasa gecikirik. Bəs bu cür zəngin bir ölkədə qayğılarsız, əzablarsız bir həyata niyə gecikirik? Xoşbəxt bir gələcəyə niyə gecikirik? Niyə bir dəfə də bu sualların cavabı düşündürmür sizi?
O gələcəyi yubadan, o gələcəyin gəlməsinə mane olan 20 illik tıxac – ədalətsizliyi, hüquqsuzluğu, yalanı, talanı baştacına çevirmiş yaptokratiya niyə sizi şəhər tıxacları qədər hövsələdən çıxarmır, qəzəbləndirmir, üsyan etməyə, hayqırmağa məcbur etmir?
Və heç qaldığınız şəhər tıxaclarındakı boş zamanlarınızda başınıza gələnləri-gətirilənləri saf-çürük edirsinizmi, məmləkətdə olub-bitən bunca rəzilliklərdə – oğurluqlarda, talanlarda, yalanlarda, saxtakarlıqlarda, haqsızlıqlarda, ədalətsizliklərdə səssizliyinizin, təpkisizliyinizin, susqunluğunuzun da payının az olmadığını öz-özünüzə pıçıldamağa, etiraf etməyə cəsarətiniz çatırmı?
Deyirsinizmi öz-özünüzə:
“Nə edirlər, əcəb edirlər!
Bəlkə, az belə edirlər!”.