Yüksək faizli kreditlər əhalini var-yoxdan çıxarır
Nazim Məmmədov: «Vətəndaşların gəlirləri az, alıcılıq qabiliyyəti aşağı olduğu üçün vəsaitləri qaytara bilmir»
“Bu gün Azərbaycanda özəl banklar əhalini həqiqi mənada soymaqla məşğuldur. Insanlar borcunu ödəyə bilmədiyindən evindən, maşınından, mülkündən məhrum olur”.
Moderator.az-ın xəbərinə görə, buÿ sözləri Milli Məclisdəki çıxışında millət vəkili Vahid Əhmədov söyləyib. Deputat deyib ki, son zamanlar özəl banklar vətəndaşları yüksək faizlər müqabilində girova çevirərək əmlakını əlindən alır: “Bir sıra banklar, ümumiyyətlə, mərkəzləşdirilmiş bank sistemindən kənara çıxaraq əhalini talamaqla məşğuldurlar. Bu banklar əhaliyə yüksək faizlərlə kredit verir, sonra bu kreditin ödənməsi ilə bağlı problemlər çıxanda vətəndaşın bütün əmlakını almağa cəhd edirlər. Bir neçə il bundan əvvəl bank-kredit sistemi Mərkəzi Bankın nəzarəti ilə həyata keçirilirdi. Mən Oqtay müəllimə müraciət edirəm. Biganə qalmayaq bu vəziyyətə. Bankların kredit siyasətinə müdaxilə olunmalıdır”.
Sabiq millət vəkili Nazim Məmmədov sözügedən məsələyə münasibət bildirərək postsovet və normal ölkələrlə müqayisədə Azərbaycanda biznes və istehlak kreditlərinin xeyli yüksək olduğunu bildirib. N.Məmmədov bank faizlərinin Avropa ölkələrindən 6-7, qonşu ölkələrdən isə 2-3 dəfə baha olduğunu deyib: “Bunun səbəbləri isə dərindir. Öncə qeyd edim ki, valyuta ehtiyatlarımız kifayət qədər böyükdür və bu vəsaitlər xaricdə saxlanıldığından ölkə iqtisadiyyatına müsbət mənada təsir edə bilmir. Belə demək mümkünsə, daxili bazarda kredit resurslarını ucuzlaşdırmaq potensialı var, ancaq həyata keçirmək arzusu yoxdur. Ona görə də kredit verən təşkilatlar bazardakı tələbi qarşılamaq üçün çox bahalı maliyyə resursları cəlb edirlər: xarici maliyyə qurumlarından gələn pul vəsaitləri və vətəndaşlardan əmanətlər qəbul edir, özlərinin gəlirini üzərinə qoyaraq bazarda tətbiq edirlər. Ona görə də Azərbaycanda pul daha da bahalanır. Bu isə iqtisadi fəallığı artırmır. Dövlət başçısı bunun səbəblərini aradan qaldırmaq üçün 2009-cu ildə xaricdə saxlanılan vəsaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi üçün müvafiq göstəriş də vermişdi, ancaq hələ də bu məsələ həllini tapmayıb”. N.Məmmədov bir neçəsi istisna olmaqla, müxtəlif bankların, iri, böyük holdinqlərin və onların arxasında dayanan şəxslərin kassa funksiyasını yerinə yetirməsini də səbəb kimi göstərir. Həmsöhbətimizə görə, bank bazarı inhisarlaşmış bazardır və xarici böyük bankların Azərbaycanda işləməyinə şərait yoxdur: “Onlar yalnız nümayəndəliklər aça bilər və əhatəli bank fəaliyyəti göstərə bilmirlər. Bu da özlüyündə rəqabət mühitini pisləşdirir və buna görə də ədalətli resurs qiyməti ortaya çıxmır. Vətəndaşlarımız müxtəlif məişət problemlerini həll etmək üçün istehlak kreditlərinə üz tuturlar və banklar da daha çox istehlak krediti verirlər, çünki biznes kreditlerinin faizləri o qədər yüksəkdir ki, sahibkarlar bu ağır yükün altına girməyə risk etmirlər. Ölkədə bahalığın əsas səbəbi də ümumi inhisarçılıqla yanaşı həm də bank sektorunun göründüyündən daha pis vəziyyətdə olmasıdır. Istehlak kreditlərinin həcminin böyük olduğu birbaşa vətəndaşların gəlirlərinin az, alıcılıq qabiliyyətinin isə aşağı olmasına sübutdur, qaytarılmayan kreditlerin çox olması həm borcalana həm də borcverənə problem yaradır”.
Nigar