World Net Daily saytının məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad bir neçə gün əvvəl İran İslam Respublikasının ali dini rəhbəri Əli Xamneyinin əmri ilə həbs edilib. WND İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat strukturlarına istinad edib.
Nəşrin iddiasına görə, aprelin 29-da Xamneyinin şəxsi mühafizəsinin rəhbəri Əhmədinejadın yanına gələrək onu vacib işlə əlaqədar ayətollahın yanına dəvət edib. Yolda prezident mühafizəsinin avtomobilləri İİKK avtomobilləri tərəfindən sıxışdırılıb. Dövlət başçısını korpusa məxsus gizli obyektə gətiriblər. Burada prezidentin mühafizəsi tərkisilah edilib. Məlumata görə, Əhmədinejadı zor gücü ilə İİKK rəisi Hüseyn Tibin otağına gətirilib. Orada ölkə başçısı bir neçə saat dindirilib. WND-nin məlumatına görə, Əhmədinejaddan dini dövləti tənqid etməsinə son qoymaq tələb olunub və yeddi saatdan sonra o azad edilib.
Lakin bu məlumatlar başqa mənbədən təsdini tapmayıb. Bununla belə prezident seçkisi ərəfəsində iki düşərgə tərəfdarları arasında narazılıq baş qaldırıb. Əhmədinejad dəftərxana rəhbəri Esfəndyar Rahim Maşainin namizədliyinin qeydə alnmasını tələb edir. Xamneyinin ətrafı isə onu kafir adlandırır.


