Sendviçin yeni macəraları

Cəmi bir ay əvvəl bunların Vaşinqtona göndərdiyi Səməd Seyidov hamının qulağı eşidə-eşidə qalxıb demədimi, “Iran və Rusiya bizi sendviç kimi əzir”. Dedi.
Dünənsə Ramiz Mehdiyevin Tehrana gedib, orada Əhmədinejata necə mədhiyyə oxuduğunu gördünüz: “Sizin daxili, regional və qlobal siyasətdə adınız və açdığınız yol qızıl hərflərlə yazılmalıdır. Bunu çox aydın görürük və buna görə sizə yüksək ehtiramımızı bildiririk”.
Axı bu nə ikiləşmədir? O nə pəhrizdir, bu nə turşu?
O nə Iran qorxusu idi, bu nə molla sevgisi?
Hələ, “Qərbin Azərbaycanda bir neçə dəfə rəngli inqilab etməyə çalışmasından” şikayətlənməyi necə başa düşək?
Dünənəcən Qərbi “Azərbaycanda Irandan gözlənilən şəriət inqilabı” təhlükəsi ilə şantaj etmələri nə idi, bu gün Irana gedib “Qərbin Azərbaycanda rəngli inqilab hazırlıqları”ndan danışmaları nə?
Baş verənlərin adı
Əslində görməmək, anlamamaq mümkün deyil:
Hələ ki, Qərblə seçki bazarlıqları istədikləri nəticəni verməyib. Hələ ki, recimin ömrünün uzadılması üçün Qərbdən “okey” yoxdur.
Ona görə də narahatdırlar, həyəcanlıdırlar.
Ona görə də gah nala, gah mıxa vurmaq lazım gəlir.
Ona görə də bu gün Vaşinqtona gedib Irandan Azərbaycana gözlənilən “radikal islam”, sabah isə Tehrana gedib Qərbin “rəngli inqilablar etmək” təhlükəsindən danışmaq lazım gəlir.
Bu, ölkənin ağılla, məntiqlə idarə olunmadığının görsənişidir.
Hər şey sadəcə və sadəcə, rejimin ömrünü uzatmaq üçün hesablanıb. Hər kəsin sifariş etdiyi musiqiyə oynaya bilərlər, yetər ki, bunun əvəzində onlara daha 5 il üçün hakimiyyət təminatı verilsin.
Çünki ilk növbədə xalqdan arxayın deyillər. Toplumda rejimə qarşı necə dərin nifrətin olduğunu bilirlər. Ismayıllıda, Qubada gördülər bunu. Fürsət düşdüyü anda xalqın qəzəbinin, kininin necə alovlandığından xəbərdardırlar artıq.
Anlayırlar ki, arxalarında heç bir milli iradə yoxdur. Qurduqları şər xanimanının bir azad seçki ilə alt-üst olacağının fərqindədirlər.
Əks halda, yenə narahat olardılar, əndişə keçirərdilər – amma bu qədər yox!
Demək ki, çarə yenə də və yalnız Azərbaycanın taleyini qaranlıq sövdələşmələrə alət etməkdir.
Kirli bazarlıqlardan mədət ummaqdır.
Yoxsa azadlıqların coğrafiyasının genişləndiyi…
Özlərini öz xalqlarının iradəsinin üzərində görən zehniyyətlərin silinib getməkdə olduğu…
Qorxu imperiyalarının, gücünü hüquqsuzluqdan, korrupsiyadan alan sistemlərin tarixin zibilliklərinə gömüldüyü…
Despotik rejimlərin domino daşları kimi bir-birinin ardınca çökdüyü bir dünyada onlara da yer olmayacağının, onların da sonunun gələ biləcəyinin fərqindədirlər.
Ona görədir ki, ölkə həbsxanaları Iranmeylli, Qərbyönümlü, Rusiyapərəst deyə damğalanmış, cinayətkar elan edilmiş sistem müxalifləri ilə dolu ikən indi Azərbaycanın taleyi ilə bağlı qərarları Tehranda, Vaşinqtonda, Moskvada qurulmuş masaların arxasında qəbul etdirməyə çalışırlar.
Getdikləri hər ölkədə şəkildən şəklə, rəngdən rəngə düşə bilirlər.
Vaşinqtonda “islamafob”, Tehranda “antikapitalist”, “antiimperialist” ola bilirlər.
Vəziyyətlərinin əvvəlki illərdən daha ağır olduğunun ən əsas görsənişi isə budur:
10 il əvvəl neft-qaz bunların əllərini çox möhkəmlətmişdi. Xaricdən bunların ayaqlarına gəlirdilər.
Amma indi özləri qapı-qapı düşüblər, “sendviç söhbəti” eləyəcək qədər miskin vəziyyətdədirlər.
***
Bütün bunların sonu necə olacaq, bilmirəm.
Bu kirli bazarlıqlardan, qaranlıqlar sövdələşmələrdən rejimin taleyi adına yaxşı, Azərbaycanın taleyi üçün pis, qorxunc qərarlar çıxarmı, hələlik heç bir fikrim yoxdur.
Bildiyim tək şey var:
Bir ölkə üçün ayaqda qalmaqdan, ömrünü uzatmaqdan ötrü xalqın iradəsinə deyil, başqalarına möhtac bir hakimiyyətin varlığından dəhşətli, təhlükəli heç nə ola bilməz.
Sizə zarafat gəlməsin – bu, artıq o ölkənin neomüstəmləkəyə çevrilməsindən başqa bir şey deyil!