Parlament Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə dəyişiklikləri müzakirəyə çıxarıb. Təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur.
Internetin, xüsusilə sosial şəbəkələrin cəmiyyətdə rolunun artması, aksiyalara çağırışların məhz sosial şəbəkələr vasitəsilə edilməsi, “Facebook”un geniş müzakirə meydanına çevrilməsi hakimiyyəti narahat etməyə bilməzdi. Istənilən halda sosial şəbəkələrdə fəal olanlar hakimiyyət dairələri tərəfindən təqib edilir, müxtəlif qondarma ittihamlarla həbs edilirdi. Görünür, indi internet fəaliyyətini qanuni yolla məhdudlaşdırmağa çalışırlar. Hakimiyyət bununla istədiyi nəticəni əldə edə biləcəkmi?
«Bu bədnam dəyişiklik diffamasiyaya görə cəzaların ağırlaşdırılması məqsədi daşıyır»
Media Hüququ Institutunun direktoru Rəşid Hacılı Cinayət Məcəlləsinə edilən bu bədnam dəyişikliyin diffamasiyaya görə cəzaların ağırlaşdırılması məqsədi daşıdığını deyir. Bu dəyişiklik diffamasiyaya görə cəzaların Internetdə yayılan ifadələrə tətbiq edilməsi məqsədi daşımır. Təklif edilən dəyişikliklərdə bu barədə heç nə yoxdur. Heç ola da bilməz: “Cinayət Məcəlləsinin indi qüvvədə olan 147 və 148-ci maddələri bütün kütləvi informasiya (o cümlədən online), kütləvi çıxışlarda (yəni çoxlarının dinləyə, oxuya, baxa biləcəyi çıxışlarda) və kütləvi nümayiş olunan əsərlərdə (buraya da internet üzərindən yayılanlar da aid) olan ifadələrə tətbiq edilirdi. Göründüyü kimi, bu məsələdə hər hansı yenilik yox. Amma narahatedici məsələ odur ki, bütün dünyaya diffamasiyanı dekriminalizasiya edəcəyini deyən, bunu hətta prezidentin təsdiq etdiyi Fəaliyyət Planına yazıblar, indi də cəzaları bir az daha ağırlaşdırırlar. Əli Hüseynli də bunu şərh etməyə başqa söz tapa bilmədiyindən, ”Bu, Internetə də tətbiq olunacaq deyir””.
«Bu cür addımlar yalnız avtoritar rejimlərə xasdır»
Hüquq müdafiəçisi Emin Hüseynov nəzərdə tutulan dəyişikliklərin internetdə ifadə azadlığını məhdudlaşdıran növbəti addım olacağını deyir. Bu cür addımlar isə yalnız avtoritar rejimlərə xasdır. Avtoritar rejimlər bu cür addımlar tətbiq etməklə özlərini nədənsə sığortaladıqlarını zənn edirlər: “Bu cür təşəbbüslər Qazaxıstanda olmuşdu. Görünür, Azərbaycanda da Rusiya və Qazaxıstan təcrübəsindən yararlanmaq istəyirlər. Bir tərəfdən Ilham Əliyev 2013-cü ili informasiya texnologiyaları ili elan edir. Azərbaycanda ifadə azadlığının olduğunu, informasiya texnologiyaları inkişafına görə ölkəmizin dünyada lider olduğunu deyir, digər tərəfdən də belə təşəbbüslə çıxış edirlər. Bu da yalnız təəssüf doğura bilər”.
E.Hüseynov hökumətin bu yolla heç nəyə nail ola bilməyəcəyini də qeyd etdi: “Onda faks aparatını da, mobil telefonları da yığışdırsınlar ki, bu yolla informasiya yayılır. Belə təkliflər Azərbaycan iqtidarının bəzi mürtəce qollarının uzaqgörməzliyindən irəli gəlir. Elə bilirlər bu yolla özlərini nədənsə qoruyacaqlar. Bu da dünyadakı reallıqla uzlaşmır”.
«İnternet sözünün Cinayət Məcəlləsinə əlavə edilməsi sadəcə psixoloji basqıdır»
Media hüquqçusu Ələsgər Məmmədli “Mediaforum”a açıqlamasında deyir ki, cəmiyyət diffamasiya haqqında qanunun qəbulunu gözləyərkən belə bir məsələnin gündəmə gəlməsi doğru deyil: “Insan Hüquqlarına dair Milli Fəaliyyət Proqramına görə, diffamasiya haqqında qanun qəbul edilməli idi. Təəssüf ki, bu addım atılmadı və regionda, habelə Avropa Şurası üzvü olan keçmiş sovet respublikalarında tək Azərbaycanda ifadəyə görə həbs cəzası qalmaqdadır. Böhtan və təhqirə görə həbs cəzasının qalması, prezidentin şərəf və ləyaqətinin ayrıca maddə ilə qorunması Azərbaycanda ifadə azadlığına yanaşmada dözümsüzlüyün nümayişi kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrə interneti əlavə etmək mövcud qanunvericiliyi bilməməkdir: “Çünki KIV haqqında qanunda internet də KIV kimi göstərilib. Internet sözünün Cinayət Məcəlləsinə əlavə edilməsi sadəcə psixoloji basqıdır, genişlənmə deyil”.
Fizzə


