Hakimiyyətin çaşqınlığı, hamını aldatmaq cəhdi

IP Koordinasiya Şurası növbəti iclasında gündəmdə olan məsələlərə qiymət verdi və mühüm qərarlar qəbul etdi

Ictimai Palatanın Koordinasiya Şurasının ötən gün iclası keçirilib. Koordinasiya Şurasının dönəm sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında iclasda bir sıra məsələlər barədə müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu dedi: “Ilk olaraq Azərbaycan Dövlət Neft Akademiyasındakı terror aktının qurbanlarının xatirəsini yad etmək istəyən gənclərə qarşı zorakılığı, həbsləri Koordinasiya Şurası pisləyib.
Gənclərdən üç nəfərin Əbülfəz Qurbanlının, Turqut Qəmbərin və Ilkin Rüstəmzadənin həbs olunmasını, gənclərin öz yaşıdlarının yasını saxladığı bir gündə hakimiyyətin Heydər Əliyevin yubileyi ilə bağlı konsert keçirməsini hakimiyyətin növbəti bir səhvi və milli ənənələrə zidd hərəkəti kimi qiymətləndirdik. Gənclərə qarşı repressiyaların dayandırılmasını tələb etdik”.
Əli Kərimlinin sözlərinə görə, Koordinasiya Şurası hakimiyyətin internetə senzura yaratmaq cəhdlərini müzakirə edib: “Ictimai Palata bu cəhdləri hakimiyyətin internetdə söz azadlığına qarşı hərəkəti və internetə senzura tətbiqi kimi qiymətləndirib.
Koordinasiya Şurası Biləsuvardakı qaçqın qəsəbəsində Cəbrayıl köçkünlərinin icra başçısına qarşı etiraz aksiyasının qarşısının alınmasını və yerli müsavatçıların həbsini pisləyib, bunu da repressiyanın növbəti əlaməti kimi dəyərləndirib”.
AXCP sədri deyir ki, iclasda Azərbaycan hakimiyyətinin son günlərdə xarici siyasətdə atdığı paradoksal addımlar da müzakirə edilib: “Azərbaycan hakimiyyətinin rəsmiləri dünyanın müxtəlif paytaxtlarında eyni vaxtda bir-birinə zidd olan açıqlamalar veriblər. Biz bunu hakimiyyətin xarici siyasətinin olmaması, hakimiyyətin çaşqınlığı, hamını aldatmaq cəhdi və hakimiyyətin faktiki ikiləşməsi kimi qiymətləndirdik”.
Koordinasiya Şurası sonda Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü və Əbülfəz Elçibəyin 75 illiyi münasibətilə yubiley tədbirləri keçirmək barədə qərar verib.

Ramin DEKO