BMT-də Azərbaycan hakimiyyəti tənqid atəşinə tutuldu

Dünən Isveçrənin Cenevrə şəhərində BMT-nin Insan Haqları Şurasının növbəti toplantısında Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılıb. Bunlardan biri Şuranın ölkəmizdəki vəziyyətə dair hesabatı, ikincisi isə Azərbaycan hökumətinin özünün hazırladığı məruzə olub.
BMT-nin Insan Haqları Şurasının hesabatında Azərbaycanda insan haqları sahəsindəki problemlərdən bəhs olunur, vəziyyətin düzəlməsi üçün hökumətə tövsiyələr verilir.

“Azərbaycan qarşısında konkret tələblər irəli sürməyin vaxtıdır”

Insan Haqları Fondunun Cenevrə ofisinin təmsilçisiÿ Florian Irminger müzakirələr başlamışdan əvvəl “Azadlıq” radiosuna fikirlərini bölüşüb. O, Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağırlaşdığını qeyd edərək, bu səbəbdən müzakirələrin də əvvəlki illərdə olduğundan daha gərgin keçəcəyini deyib: “Ümumi Dövri Hesabat (ÜDH) hər 4-5 ildən bir hazırlanıb, dövlətlərin insan haqları sahəsində başqa dövlətlər qarşısında götürdüyü öhdəliklərin icrasına dair rəyləri əks etdirir.
Azərbaycanda vəziyyətə dair 2009-cu ildə hazırlanmış hesabat çox müsbət, dostyana olub. Hətta sənədin müzakirəsi zamanı ABŞ çıxış üçün söz də istəməyib. Dövlətlərin çoxu öz tövsiyələrində göstərmişdilər ki, Azərbaycan müsbət istiqamətdə irəliləyir. Ümumilikdə dövlətlər hesab edirlər ki, belə hesabatlar tənqiddən çox imkanlar haqqında tövsiyələr verir.
2013-cü ildə isə vəziyyət dəyişib. Biz əminik ki, insan haqlarının vəziyyətinə görə dövlətlər Azərbaycanı tənqid edəcəklər. Bu dəyişikliyin əsas səbəblərindən biri açıq-aşkar görünən insan haqları pozuntularıdır. Xüsusilə, “Sing for Democracy” kampaniyası (2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində insan haqları fəallarının başladıqları kampaniya – red.) çərçivəsində insan haqları pozuntuları daha aydın göründü. Azərbaycan Insan Haqları Evinin bağlanması da əksər Avropa Birliyi ölkələri və ABŞ üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair bir nümunə olub”.
Florian Irminger onu da qeyd edib ki, bu hesabat prezident seçkisi ərəfəsində Azərbaycanda insan haqları sahəsində vəziyyətə dair beynəlxalq ictimaiyyətin baxışlarının formalaşmasına kömək edə bilər: “Prosesin özü siyasi olduğu üçün gözləntilər də siyasi sahədə olmalıdır. Biz Azərbaycanda insan haqlarının vəziyyətinin ekspert qiymətləndirməsini gözləmirik. Biz heç siyasi məhbuslar siyahısındakı adamların azad olunmasını gözləmirik. Əminik ki, bu hesabat prezident seçkisi ərəfəsində Azərbaycanda insan haqları sahəsində vəziyyətə dair beynəlxalq ictimaiyyətin baxışlarının formalaşmasına kömək edə bilər.
Bu hesabat bizim üçün həm də Azərbaycanda iqtisadi və enerji maraqları olan bəzi dövlətlərin insan haqlarını unudub-unutmadıqlarını yoxlamaq fürsətidir. Indi əlbəttə, həm də ABŞ, Böyük Britaniya, eləcə də Avropa Birliyinin, Isveçrə kimi kiçik ölkələrin insan haqları sahəsində Azərbaycan qarşısında konkret tələblər irəli sürmələrinin vaxtıdır”.

Xələfovdan əsassız arqument

“Azadlıq” radiosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov müzakirələr zamanı ölkədə işgəncələri qadağan edən hüquqi normalardan, sərbəst toplaşma azadlığı hıqqında qanunun Avropa standartlarına cavab verməsindən danışıb. Deyib ki, Azərbaycanda bəzən təşkilatçılar mitinqin keçiriləcəyi ünvan kimi bir yeri deyib, nümayişi başqa məkanda keçirir, məhz belə adamlara münasibətdə inzibati tədbirlər görülür.
Xələfovun çıxışından ayrı-ayrı dövlətlərin nümayəndələri Azərbaycanı söz və ifadə azadlığının boğulması, korrupsiya, sərbəst toplaşmaq azadlığının pozulmasından tutmuş, əlillərin ağır durumuna qədər ən müxtəlif məsələlərlə əlaqədar tənqid ediblər.

Azərbaycan hökuməti vəd versə də, yerinə yetirməyib

Əlcəzair, Bəhreyn, Argentina kimi ölkələrin təmsilçiləri Azərbaycan hökumətinə əlillərin hüquqlarının müdafiəsi üçün çağırış edib.
Avstraliya təmsilçisi Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərə qarşı hücumları, həmçinin onların fəaliyyətinə görə həbsini, mitinqlərdə iştiraka görə cərimələrin fantastik həddə artırılmasını pisləyib. Hökuməti hüquq müdafiəçiləri və jurnalistlərə qarşı törədilən zorakılıqların araşdırılıb günahkarların cəzalandırılmasına, ölkədə demokratik seçki keçirilməsinə, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunların işləməsinə çağırıb.
Belçika təmsilçisi Azərbaycan nümayəndə heyətinə məhbusların müdafiəsi, müstəqil məhkəmə ekspertizasının yaradılması məsələsilə bağlı suallar ünvanlayıb.
Kipr təmsilçisi də Azərbaycanda insan haqları sahəsindəki vəziyyətlə bağlı beynəlxalq hesabatlarda yazılanlardan, o cümlədən ölkədə söz azadlığına qarşı hücumlardan narahatlığını ifadə edib.
Kanadadan olan nümayəndə xatırladıb ki, Azərbaycan hökuməti BMT-nin tövsiyələrinə əməl edəcəyi haqda 4 il vəd versə də, yerinə yetirməyib: “Amma biz yenə də Azərbaycanı insan hüquq və azadlıqlarını qorumağa, hüquq müdafiəçiləri və jurnalistləri tutmaqdan çəkinməyə, xarici radioların yayımına qadağanı aradan qaldırmağa, QHT-lərin fəaliyyətinə maneələr yaratmamağa çağırırıq”.
Çexiya təmsilçisi çıxışında Azərbaycan hökumətinə iki tövsiyə verib. Bunlardan biri söz, toplaşma və birləşmə azadlıqlarının təmin olunması, fəalların, jurnalistlərin fəaliyyətinə imkan verilməsi, ikincisi isə yetkinlik yaşına çatmayan şəxslər üçün ayrıca məhkəmələrin yaradılması haqda olub.

Böyük dövlətlərdən hakimiyyətə çağırış

Fransa, Almaniya, Isveç, Norveç, Hollandiya, Slovakiya, Sloveniya kimi ölkələrin təmsilçiləri də Azərbaycanda insanların fikirlərini sərbəst ifadə edə bilməməsi, müstəqil jurnalistlərin fəaliyyətinə imkan verilməməsi, QHT-lərin “əl-qolunu” bağlamağa hesablanmış qanunların qəbulu, işgəncələr və s. məsələlərdən narahatlıqlarını bildiriblər.
Isveç nümayəndəsi QHT-lərin fəaliyyətinə və maliyyələşməsinə dair məhdudiyyətləri pisləməklə yanaşı, onu da qeyd edib ki, Azərbaycanda Konstitusiya söz azadlığına təminat versə də, bu, kağız üzərində qalıb. Müstəqil jurnalistlər, eləcə də vəkillər, hüquq müdafiəçiləri peşə faəliyyətlərinə görə təzyiqlərə məruz qalırlar.
Macarıstandan olan nümayəndə Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından danışarkən həm də mitinqlərə görə cəzaların adekvat olmadığını vurğulayıb.
Polşa təmsilçisi Azərbaycandakı cəzaçəkmə müəssisələrində işgəncə və ölüm hallarından, müstəqil qəzetlərin fəaliyyətinə yaradılan maneələrdən danışıb, hökumətə günahkarların cəzalandırılması üçün çağırış edib.
Isveçrə təmsilçisi də cəzaçəkmə müəssisələrində işgəncələrdən, eləcə də müxalifətçilərə qarşı basqılardan danışıb.
Böyük Britaniya nümayəndəsi seçki ilində dinc nümayişlərə icazə verilməsinin vacibliyini vurğulayıb. Həmçinin o da hüquq müdafiəçiləri və jurnalistlərin fəaliyyətinə maneələrin aradan qaldırılması, onlara qarşı cinayətlərin araşdırılıb günahkarların cəzalandırılması üçün hökumətə çağırış edib.
ABŞ təmsilçisi də Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə həbsi, dinc nümayişlərin zorakılıqla dağıdılması, vəkillərin, hüquq müdafiəçilərinin basqılara məruz qalması kimi halların davam etməsindən narahatlığını bildirib. Həmçinin hökumətə fikrini ifadə etdiyinə görə həbs olunanların azadlığa buraxılması, şəhər mərkəzində mitinqlərə icazə verilməsi, QHT-lərin fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılmasına dair çağırış edib.