Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bankı hansı səbəbdən «işğal» edib?
Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialına aprelin 30-u səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qara maskalı əməkdaşları basqın edib. Onlar ofisi bağlayıb və nəzarətə götürüblər.
Bu barədə “Azadlıq”a Rusiyadakı mənbələrdən məluma olub. Məlumat hazırlanan dəqiqələrədək ofis qara maskalıların nəzarəti altındaydı və ora heç kim buraxılmırdı.
Hadisənin motivi barədə məlumat əldə etmək mümkün olmayıb.
Lakin bəzi məlumatlar əldə edə bilmişik. Məsələn bəlli olub ki, filialın müdiri Fuad Qasımov olsa da, əslində banka qeyri-rəsmi olaraq Malik Babayev rəhbərlik edir. Bildirilir ki, onlar bankdan 25 milyon çıxararaq otel inşa edirmişlər.
Hansısa səbəbdən otel inşası FTX-nin diqqətini cəlb edib. Başqa bir xəbərə görə, FTX “obnaliçka” əməliyyatları barədə daxil olan əməliyyat məlumatlarına əsasən bankda araşdırmalara başlayıb.
Məlumatlarda həmçinin qeyd edilir ki, Fuad Qasımov hazırda Almaniyadadır. Bəzi iddialara görə, o, nə baş verəcəyindən duyuq düşdüyündən aradan çıxıb.
Bu məlumatlarla bağlı əvvəlcə Beynəlxalq bankın Moskva filialı ilə danışdıq. Ordan sualımızı eşidən kimi dəstəyi yerə qoydular,
Daha sonra bankın Peterburq filialına telefon açdıq.
Dəstəyi götürən xanım bankda ondan başqa heç bir əməkdaşın olmadığını bildirdi. Onun sözlərinə görə, dünən bankda ümumiyyətlə iş olmayıb. Səbəbini isə izah eləmədi. Əldə etdiyimiz başqa məlumata görə, bankın filialını maskalalar üç gün nəzarətdə saxlayacaqlar. Çünki üç gün Rusiyada 1 may bayramı ilə bağlı qeyri-iş günləridir. Bu vaxt ərzində isə ora heç Kim buraxılmayacq və bütün sənədlər, hesablar saf-çürük ediləcək. Bankın niyə zəbt olunmasının gerçək səbəbləri hələlik bilinmir.
Məlumatla bağlı Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin mobil telefonuna gün ərzində bir neçə dəfə zəng etsək də, nəticəsi olmadı. Rauf Ağayevin telefonu qapadılmışdı.
Fizzə