Amnistiyaya kimlər salınacaq?

Hakimiyyətin qisasçılığı bu dəfə də özünü göstərdi

Keçmiş prezident Heydər Əliyevin 90 illik yubileyi münasibətilə imzalanacaq Amnistiya aktının məşhur məhbuslardan kimlərə şamil olunacağını araşdırmağa çalışdıq. Məlum oldu ki, akt son illər siyasi motivlə həbs olunanlardan heç kimə aid edilməyəcək.
Binə, Quba, Ismayıllı olaylarında həbs olunanlara irəli sürülən Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulması hərəkətlərində iştirak) aktın təsiri altına düşməyən maddələr sırasındadır. Bu da o deməkdir ki, məlum hadisələr zamanı həbs olunanlar azadlığa buraxılmayacaq. Xatırlayırsınızsa, Ismayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri Ilqar Məmmədova da eyni maddə üzrə ittiham irəli sürülmüşdü. Lakin bu yaxınlarda həmin maddə üzrə ittihama xitam verildi və onlara 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə)ÿmaddə üzrə yeni ittiham irəli sürüldü. Yeni maddə Amnistiya aktının təsiri altına düşsə də, bu, T.Yaqublu və I.Məmmədovun azadlığa buraxılacağı anlamına gəlmir. Çünki onlara daha bir maddə – Cinayət Məcəlləsinin 315.2-ci maddəsi üzrə də ittiham verilib ki, Amnistiya aktı bu  şəxslərə şamil olunmayacaq.
Tofiq Yaqublunun qızı Nigar Yaqubluya irəli sürülən ittihamın maddəsi də aktın təsiri altına düşmür. N.Yaqublu CM-nin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) ilə ittiham olunub və barəsində 2 il 6 ay müddətinə həbs qərarı (cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə) çıxarılıb.
Milli Azadlıq Hərəkatının öncüllərindən olan, 2011-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilən Nemət Pənahlı da bu amnistiyadan yararlana bilməyəcək. Onun ittiham olunduğu CM-nin 221.3 (silah və ya silah kimi istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi də aktın tətbiq olunmayacağı istisna maddələr arasındadır.
Bununla yanaşı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, hazırda istintaqı gedən keçmiş deputat Gülər Əhmədova, Islam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı alim Abgül Süleymanov, keçmiş nazirlər Fərhad Əliyev və Əli Insanov, AXCP sədri Əli Kərimlinin qohumu – “Texnikabankın” Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidov, AXCP fəalı Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmov, NIDA-çı gənclər, baş redaktor Hilal Məmmədov, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı Ilham Əmiraslanov da Amnistiya aktının şamil olunmayacağı məhbuslardır.
Siyasi motivlə həbs olunanlar arasında Amnistiya aktından gənc ilahiyyatçı Taleh Bağırzadə, AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikov, AXCP üzvü Ilqar Rzayev yararlana bilərdi. Çünki onlara qarşı irəli sürülən CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi istisnalar sırasına düşməyib. Amma bu maddə üzrə ittiham olunanlardan o şəxslər azad ediləcək ki, onların cəzalarının bitməsinə bir ildən artıq vaxt qalıb və məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılırlar. Adıçəkilən məhbusların isə heç biri məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkmir.
Göründüyü kimi, hakimiyyətin qisasçı mövqeyi budəfəki Amnistiya aktında da özünü göstərdi…