Abbas Abbasov Dərbəndə gedib

abbas abbasovHökumətyönlü qəzetlər baş nazirin sabiq müavinini yenidən hədəfə alıb

“Milyarderlər Ittifaqı”nın sədri Abbas Abbasov Dərbənddə olub. Aznews.az-ın məlumatına görə, əvvəlcə o, Dərbənd şəhərinin meri Imam Yarəliyevlə görüşüb. Görüşlərdə iş adamlarının olduğu da bildirilir.
Abbas Abbasovun Dərbəndə niyə gəlməsi barədə isə dəqiq məlumat yoxdur. Ilkin rəy ondan ibarətdir ki, sabiq baş nazirin birinci müavinin Dağıstana səfəri heç də Azərbaycan diasporun fəaliyyəti ilə bağlı olmayıb. “Abbas müəllim əvvəlcə Dərbənd şəhərinin meri Imam Yarəliyevlə görüşüb. Görüşdə bir neçə yəhudi əsilli iş adamı və yerli yəhudilər də iştirak edib. Söhbət ondan gedir ki, Ramazan Abdulatipov Dağıstan prezidentin səlahiyyətlərini icra edəndən sonra respublikada yəhudi iş adamlarının sıxışdırılmasına başlanılıb. Abbas müəllimi Dərbənddə Moskvadan gəlmiş bir neçə yəhudi əsilli biznesmen də müşayiət edib. Dərbənddə və Dağıstanın bir sıra iri şəhərlərində, o cümlədən Mahaçqalada yəhduilərə, xüsusən də Zarah Iliyev, Qod Nisanov kimi adı ”Forbes”in siyahısında olan milyarderlərə məxsus obyektlər var. Amma Abdulatipov hakimiyyətə yiyələnəndən sonra bu obyektlərdə total yoxlamalar başlayıb. Abbas Abbasov isə Azərbaycan əsilli, AST Telman ləqəbli Telman Ismayılovun xahişi ilə Dərbəndə gəlib. Görüşün isə yaxşı nəticə verdiyini iddia etmək olar. Çünki meriyada görüşdən sonra, qonaqlar və Dərbənd meri şəhərin ən prestijli restoranı olan “Şəhristan”da nahar ediblər. Daha sonra isə Dərbənd qalasında gəzintiyə çıxıblar. Elə fotoların birindən də göründüyü kimi Abbas müəllim Imam Yarəliyevin yanında dayanıb. Fotolarda yəhudi iş adamlarını da görmək mümkündür”.
Başqa məlumatlara görə isə Abbasovun gəlişini sırf siyasi xarakter daşıdığını söyləyir. Bəziləri isə onun Dərbənddən Bakıya gləmək istədiyini, lakin sonradan bunun üçün münasib vaxt olmadığı barədə məlumat aldığını iddia edir.
Bu arada hökumətyönlü mətbuat Abbas Abbasovu hədəfə alıb. Prezident Administrasiyasının nəzarətində olan qəzetlərdə Abbas Abbasovun ünvanına müxtəlif ittihamlar səsləndirilib. Baş nazirin sabiq müavinin bir qrup gənclə toplantı keçirməsi hakimiyyəti cidi narahat edib. Bu baxımdan Abbas Abbasova yeni kampaniyaya start verilib. Hökümətyönlü KIV-lərdə iddia edilir ki, Abbas Abbasov Rusiyanın Azərbaycana yönəlik planlarında yer alır.