Rza İbadov Gülər Əhmədova ilə nədən danışıb?

Eks-deputat Elşad Abdullayevin yaydığı videoda adının hallanmasına aydınlıq gətirdi

Sabiq deputat Rza Ibadov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Unversitetinin rektoru, hazırda Fransada mühacirətədə olan Elşad Abdullayevin mandat qalmaqalı ilə bağlı yaydığı videoda adının hallanmasına aydınlıq gətirib. Videomateriala baxdığını deyən Rza Ibadov bildirib ki, mərhum Sevinc Babayevanın onunla bağlı dedikləri tam yalandır. “Mən bu videoya baxdım. Orada mənimlə bağlı deyilənləri tam qətiyyətlə təkzib edirəm”.
Keçmiş deputat bildirib ki, 2005-ci ildə onun dövlət başçısı ilə görüşü  olub. “Mənim prezident Ilham Əliyevlə görüşüm olub. Mən cənab prezidentlə seçkidən xeyli əvvəl, 2005-ci ilin əvvəlində görüşmüşəm. Bu görüşdə parlament seçkiləri  ilə bağlı heç bir söhbət olmayıb. Mən bu məlumatı təkzib edirəm. Prezidentlə aramızda olan söhbətlə bağlı heç kimə danışmamışam”,- deyə Rza Ibadov bildirib.
Eks-deputat mərhum Sevinc Babayevanı tanıdığını gizlətməyib. Onun sözlərinə görə, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub və Sevinc Babayevanı parlament jurnalisti kimi tanıyıb. “Mən Sevinc Babayevanı 2000-ci illərdə tanımışam. O hansısa qəzetin parlament müxbiri idi. O zaman Babayeva müəyyən məsələlərə yardım etməm üçün mənə müraciət etmişdi. Mən də kömək etmişdim. Onu jurnalist kimi tanımışam”, – deyə Rza Ibadov vurğulayıb.
Daha sonra Rza Ibadov deyib ki, 2005-ci ildə keçirilən parlament seçkilərinə namizəd kimi qatılarkən Sevinc Babayeva ona zəng vurub. “2005-ci ildə, sentyabr ayında, seçkilərdən bir ay öncə Sevinc Babayeva mənə zəng vurdu və görüşmək istədiyini bildirdi. Mən güman etdim ki, yəqin nəsə problemi var və onu qəbul etdim. O görüşə tək deyil, Gülər Əhmədova ilə gəlmişdi. Mənim Gülər Əhmədova ilə elə bir tanışlığım yox idi. Ofisimdə 40-45 dəqiqə oturdular. Parlament seçkiləri ilə bağlı, kampaniayada iştirak edən namizədlər, onların şansları barədə ümumi söhbət elədik. Söhbət əsnasında hiss etdim ki. onlar bütün seçki dairələri ilə bağlı məlumatlıdırlar. Daha sonra sağollaşıb getdilər.
Bu söhbətdə isə mənim dövlət başçısı ilə olan görüşüm, bu görüşün məğzi barədə barədə bir kəlmə belə deyilməyib. Sevinc Babayevanın dediklərinin hamısı cəfəngiyyatdır. Mən qətiyyətlə bunu rədd edirəm”,- deyə Rza Ibadov vurğulayıb.  
Adının bu məsələdə hallanmasının onun üçün gözlənilməz olduğunu deyən Rza Ibadov bildirib ki, mərhum Babayevanın onun adından istifadə etmə cəhdinin səbəbini izah etməkdə çətinlik çəkir: “Bu  mənim üçün də gözlənilməz oldu. Bu barədə hər hansı fikir yürütmək  mənə çətindir. Ola bilsin mərhum Babayeva xal qazanmaq, özünü vacib şəxs kimi göstərmək istəyib. Indi bu barədə nə isə demək çətindir. Çünki Sevinc Babayeva artıq rəhmətə gedib”.
Xatırladaq ki, Elşad Abdullayev bu günlərdə mandat qalmaqalı ilə bağlı videonun tam versiyasını yayıb. Videonun tam versiyasında Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın Elşad Abdullayevlə söhbətində Rza Ibadovun da adını  hallandırdığı bəlli olub. “Yazıq Rza özünü niyə öldürür? Deyir mənim kimi oğlanı qoyublar qırağa, alverçini, diktofonla danışanı çıxarıblar ora. Deyir mənim günahım nədir. Dağıdaram Azərbaycanı əgər keçməsəm”, – deyə Sevinc Babayeva parlament seçkilərilə bağlı Elşad Abdullayevlə söhbətində bildirib.
Rza Ibadov isə bu məsələ ilə bağlı geniş açıqlama verəcəyini demişdi.