Nazirlik qəzetimizdən təkzib və 100 min manat istəyir
“Azadlıq” qəzetinə qarşı daha bir məhkəmə iddiası qaldırılıb. Bu dəfə qəzeti məhkəməyə verən Müdafiə Nazirliyidir. Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun adından verilən iddia ərizəsində “Azadlıq” qəzeti və əməkdaşımız Xaqani Əliyev cavabdeh qismində göstərilib.
Iddiaçı qəzetin 20-24 mart 2013-cü il tarixli sayında Xaqani Əliyevin müəllifliyi ilə dərc edilmiş “Ordu, yoxsa can bazarı” yazısından narazılıq edir. Yazıda həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yer aldığını, nəticədə Müdafiə Nazirliyinin işgüzar nüfuzuna və qurumun vəzifəli şəxslərinin şərəf və ləyaqətinə ciddi xələl gəldiyini deyir. Qəzetdən təkzib və 100 min manat təzminat istəyən nazirlik göstərilən məbləğin “Azadlıq”dan tutularaq Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürülməsini tələb edir. Iş üzrə hazırlıq iclası bu gün saat 10.45-də Yasamal Rayon Məhkəməsində olacaq.
Gültəkin