Media Hüququ İnstitutundan deputatlara çağırış

Milli Məclis Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklər etməyə hazırlaşır. Böhtan və təhqirə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan bədnam qanun layihələri aprelin 30-da Milli Məclisin saytında və mediada açıqlanıb.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsi böhtana (maddə 147) görə altı aydan üç ilədək müddətə azadlıqdan məhrum etmə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yüz manatdan min manatadək miqdarda cərimə və iki yüz qırx saatadək müddətə ictimai işlər cəzalarını nəzərdə tutur. Cinayət Məcəlləsi təhqirə (maddə 148) görə isə altı ayadək müddətə azadlıqdan məhrum etmə, bir ilədək müddətə islah işləri, üç yüz manatdan min manatadək miqdarda cərimə və iki yüz qırx saatadək müddətə ictimai işlər cəzası müəyyən edir.

Milli Məclisdə 1-ci oxunuşda müzakirəyə təqdim olunan bədnam dəyişiklik layihələri böhtana və təhqirə görə məcəllədə nəzərdə tutulmuş iki yüz qırx saat ictimai işlər cəzasını dörd yüz səksən saatadək artırmağı və məcəllənin 147 və 148-ci maddələrinin internet üzərindən yayılan məzmuna da şamil olunmasını nəzərdə tutur.
Media Hüququ İnstitutu (MHİ) Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cinayət cəzaları nəzərdə tutan bu maddələrinin (147 və 148) defamasiyaya görə cinayət cəzaları nəzərdə tutan başqa bədnam maddələrlə birlikdə jurnalistlərin ifadə azadlıqlarını boğmaq üçün işlədildiyini vurğulayır. Azərbaycan hökuməti 2011-ci ildə qəbul edilən “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”na görə 2012-ci ildə böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalı və qəbul etməli idi. MHİ hesab edir ki, bu gözləntilərin əksinə olaraq ifadə azadlığından istifadəyə görə cəzaların daha da sərtləşdirilməsinə yönəlik bu təşəbbüs Ölkə Prezidentinin qeyd olunan fərmanından geri çəkilmə, hökumətin sözə görə ağır cinayət cəzaları verən qanunvericiliyi dəyişdirmək barədə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir.

Media Hüququ İnstitutu cəzaların sərtləşdirilməsini Ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara və “Milli fəaliyyət proqramı”na, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də  Avropa İnsan Haqları Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə zidd olduğunu qeyd edir. MHİ böhtan və təhqirdən qorunmanın vacibliyini, bununla yanaşı böhtan və təhqirə görə cinayət cəzalarının sərtləşdirilməsinin, ümumiyyətlə defamasiyaya görə cinayət-hüquqi müdaxilənin ifadə azadlığı standartları ilə bir araya sığmadığını, mətbuat azadlığını ciddi təhlükə altında qoyduğunu vurğulayır.

Media Hüququ İnstitutu bu dəyişiklərin guya həmin maddələrin İnternetdə yayılan ifadələrə də tətbiq edilə bilməsi üçün edildiyi barədə iddiaları cəzaların sərtləşdirilməsini pərdələmək üçün bəhanə hesab edir. Qanunun əvvəlki mətni əslində onun onlayn ifadələrə də tətbiq edilə bilməsini istisna etmirdi. MHİ İnternetlə bağlı ifadənin qanuna gətirilməsinin də məhdudiyyətləri sərtləşdirməyə xidmət etdiyini, bununla da zərərli və absurd olduğunu bildirir.   

Media Hüququ İnstitutu Milli Məclisi sözügedən dəyişikliklər layihəsini dərhal parlamentin gündəliyindən çıxarmağa, ifadə azadlığı hüququ ilə bağlı tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa, Avropa Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğunlaşdırmağa, habelə “Defamasiya haqqında” Qanunu müzakirəyə çıxarıb qəbul etməyə çağırır.