Həbs olunan Qorxmaz müəllim

Aprelin 15-də Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin tələbədən rüşvət alma prosesini dəqiqəbədəqiqə göstərən videonu son 40 ilin, xüsusilə axırıncı 20 ilin Azərbaycanını təqdim edən dəyərli sənəd adlandırmaq olar. Bu 6 dəqiqəlik gizli çəkiliş mənim fikrimə görə, saatlarla sürən filmlərdən daha çox söz deyir, daha çox psixoloji məqamlarla zəngindi, daha fəlsəfi, daha realistdi.
Həm də bu, dəyərcə nəhəng olan filmi ən ucuz büdcəli film hesab eləmək olar – cəmi 400 AZN. O da üstünə “rüşvət 2013″ yazılmış xəzinə pulu. Yoxsa büdcədən ayrılan milyonlara başa gələn filmlər… biri bir qəpiyə dəymir.
Keçək filmə. Indi bu filmi təbii ki, hakimiyyətin korrupsiyaya qarşı mübarizədə necə amansız olması kimi qələmə verib gözə kül üfürəcəklər. Əslində isə, bu film bir təhsil ocağını deyil, bütövlükdə ölkənin hansı bataqlıq içində olduğunu dəqiq şəkildə əks etdirir.
Yəni gözünü yum, əl havasına yüz dövlət müəssisəsindən birinin üstünə çıx, eyni videonu çəkə bilərsən və bu, ölkəmizdə yaşayan hər kəsə adı kimi bəllidi. Hətta qarasına girdiyin o müəssisədə otaqları da qarasına seçə bilərsən. Guya ki, o universitetdə təkcə zavallı Qorxmazın otağında baş verirmiş belə naqis əməllər. Sanki bir otaq o yana, bir otaq bu yana – hər şey lap Prezident Aparatında olduğu kimi aydan arı, sudan duruymuş.
Məni narahat eləyən isə vətəndaşın, müəllimin, ailə başçısının düşdüyü o miskin haldı. Yeri gəlmişkən, kimsə Qorxmazı ilişdirən o tələbəni qınaya bilməz. Yəni “mərdlik” də bir yerə qədər. Işverənlik hesab eləyib rüşvətxorluğa susmaq mərdlik deyil, əxlaqsızlıqdı və bu əxlaqsızlığa bu gün ölkənin 99 faizi bulaşıb. Lakin Korrupsiyaya Qarşı Mübarizə idarəsi ilə əməkdaşlıq edərək 5-6 nəfəri tutdurmaq problemdən çıxış yolu deyil. Bütövlükdə bu üfunətə bulaşmış sistem və rüşvəti məcburi edən səbəb həbs edilməlidir ki, dövlətin qanı durula, təmizlənə. Statistika və el gözünə həyata keçirilən həbslər heç vaxt problemi həll edə bilməz. Bu sistemdə rüşvətdən boğaza yığılmış həmin o tələbənin özü də sabah çalışdığı müəssisədə eyni işlə məşğul olacaq. Çünki Yeni Azərbaycan Partiyası Dövləti onun üçün ayrı yol qoymur və bilərəkdən onu bu cinayətkar əməllərə sövq edir ki, boynunu daim öz qoltuğunun altında saxlaya bilsin. Məsələn, həmin o bədbəxt Qorxmaz müəllim seçkilərdə nə qədər canfəşanlıq eləyib saxtalaşdırmalar üçün! Ancaq sonu nə oldu? Elə həmin saxtakarlıqlarla ərsəyə gəlmiş hakimiyyət onun bütün şəcərəsinin gözünü ağlar qoydu.
Videoda onun düşdüyü vəziyyət insanda ikrah doğurur. Insan necə cılız vəziyyətə düşərmiş, ilahi. Rüşvəti dürmələyib udmaq, özünü ölmüşlüyə vurmaq, qan-tərə batmaq, açılıb tökülən yaxa, büzülmək, bükülmək, xırıldamaq, pəncərəyə doğru qaçmaq, qusmaq… kişiyə yaraşan halmı bu, ay kişilər?
Qorxmaz(lar) birbaşa günahkar deyil, günahı hakimiyyətin murdar xislətinə şərik çıxmaqdı, onun cinayətkarlığını bölüşməkdi. Ancaq indi o hakimiyyət onu həbs edib. O, bunları övladlarına görə eləyirdi. Indi isə övladları onun videoda görünən halından necə xəcalət hissi keçirirlər! Baxın, mən həmişə bunu deyirəm, əziz balalar və analar! Öz rahat, qayğısız həyatınız üçün valideynlərinizi sıxmayın, onu zorlamayın ki, bir gün belə xəcil duruma düşsün. Əksinə, ağlayın, savaşın, vuruşun ki, valideyniniz rüşvətdə və korrupsiyada hakimiyyətin cinayətlərinə ortaq olmasın. Bir qarın ac, bir qarın tox dolanın. Ancaq indiki durumunuza düşməyin. O təsvirlərdən sonra xalqın arasına çıxmağın nə demək olduğunu təsəvvür eləmək çətin deyil. Bilirəm, o xalqın da belə “fərasətli” adamlara münasibəti çox da mənfi deyil. Hər halda lazım gələndə, bu günə düşməmək üçün xalqdan qopmağı da bacarın. Çünki ilişdinsə, artıq xalqın da sənə yaxşı baxmır. Nə isə, özünüz baxın da. Belə durumlar sizi gözləyir, bizi yox.