Bakı qəsdən Avropa Məhkəməsi ilə münaqişə edir

Fuad Ağayev: «İlqar Məmmədova qarşı ittihamlar cəfəngdir, çünki o, törətmədiyi əməllərdə ittiham olunur»

Azərbaycan hökuməti REAL ictimai hərəkatının lideri Ilqar Məmmədovun işində qəsdən Avropa Insan Hüquqları Məhkəməsi ilə münaqişəyə gedir, bu barədə “Obyektiv TV”yə müsahibəsində vəkil Fuad Ağayev bildirib.
Strasburqda ali məhkəmə instansiyasının qərarlarının icrası bütün Avropa Şurası ölkələri üçün mütləqdir. Bir müddət əvvəl Avropa Məhkəməsi artıq Rafiq və Fərhad Əliyevlərin, habelə Akif Muradverdiyevin işi üzrə Azərbaycan hökumətinə qarşı qərarlar qəbul edib. Bu işlər üzrə Avropa Məhkəməsi hesab edib ki, Bakı ədalət mühakiməsinin əməlləri Insan hüquqları və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya ziddir. Ilqar Məmmədova qarşı ittihamlara gəlincə, onlar cəfəngdir, çünki o, törətmədiyi əməllərdə ittiham olunur, deyə vəkil qeyd edib. Belə ki, Ismayıllıda iğtişaşlar yanvarın 23-də başlayıb, Məmmədov isə oraya növbəti gün yerli əhali ilə söhbət etmək üçün gedib. Əvvəlcə ona 233 (ictimai asayişi pozma) və 315.2-ci (həyat və sağlamlıq üçün təhlükə doğuran güc tətbiq etməklə polisə müqavimət) maddələrlə ittiham irəli sürülmüşdüsə, indi Baş Prokurorluq və və Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə ağırlaşdırılmış hallardan söz açıblar.
Onların iddiasına görə, Məmmədov Ismayıllıda kütləvi etirazı az qala təkbaşına təşkil və təşviq edib. Maraqlıdır ki, Avropa Insan hüquqları Məhkəməsi Məmmədovun işi üzrə vaxtından əvvəl (bu ilin aprelin 9-dan) kommunikasiyaya başlayıb. Avropanın ali məhkəmə instansiyası Azərbaycan hökumətinə bu iş üzrə bir sıra suallar göndərib. Bakı iyunun 18-nə qədər Strasburqa cavab verməlidir. Vəkillər fevral ayında Ilqar Məmmədovun hüquqlarının çoxsaylı və kobud şəkildə pozulması ilə əlaqədar Avropa Məhkəməsinə şikayət verib. Ilqar Məmmədov siyasi və beynəlxalq dairələr tərəfindən perspektivli xadim kimi tanınıb. O, ildən-ilə siyasi nüfuz qazanır, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində yaxşı mütəxəssislər komandası toplayıb. Prezident seçkiləri ərəfəsində Məmmədovu həbs etməklə hakimiyyət ciddi rəqibdən xilas olmağı qərara alıb, vəkil belə hesab edir.