Ədliyyə Nazirliyi demokratiya sözündən qorxur

İnsan haqları, demokratiya və seçkilərlə bağlı yaradılan 2000-dək QHT-nin qeydiyyatından imtina edilib

QHT-lərin qeydiyyata alınmaması problemlərilə bağlı bazar ertəsi Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.
Tədbir ABŞ səfirliyinin maliyyələşdirdiyi “Qeydiyyatdan keçməyən QHT-lərin məhkəmələrdə müdafiəsinin təşkili” layihəsi çərçivəsində keçirilib.
“Demokartik Təsisatlar və Insan Hüquqları” ictimai birliyinin rəhbəri Elçin Abdulla ölkədə 2000-ə yaxın QHT-nin qeydiyyata alınmadığını bildirib. QHT-lərin qeydiyyata alınmamasının hüquqi məsələ yox, siyasi məsələ olduğu vurğulanıb. Ədliyyə Nazirliyi insan haqları, demokratiya, seçkilər və s. sahələrlə bağlı QHT-lərin qeydiyyatdan keçməsini mümkünsüz edib. Bu mümkünsüzlüyün ölkə rəhbərlyi səviyyəsində sanksiyalaşdırıldığı iddia edilib.
QHT-lər qeydiyyat problemini həll etmək üçün məhkəmələrə baş vurublar. 200-ə yaxın QHT məhkəmələrə müraciət edib. 50-yə yaxın iş məhkəmə baxışındadır. Birinci instansiya məhkəmələri 50 işin hamısına mənfi cavab verib. Hazırda bunlardan 13 iş 1 saylı Bakı Inzibati-iqtisadi, 11 iş Bakı Apelyasiya, 15 iş isə Ali Məhkəmənin icraatındadır.
Layihə çərçivəsində 2 iş Avropa məhkəməsinə təqdim olunub, daha 8 işin bu yaxnlarda təqdim olunması gözlənilir.  
Müzakirələrdə QHT-lər sahəsində belə durum yaranması siyasi hakimiyyətin vətəndaş təşəbbüslərindən qorxmasının nəticəsi sayılıb. Rəsmi Bakının yaradılan QHT-ləri nəzarətində saxlamağa çalışdığı qeyd edilib.
Rəsmi Bakının QHT-lərə belə münasibəti bütünlükdə vətəndaş cəmiyyəti institutlarına münasibətinin göstəricisi kimi dəyərləndirilib. Vəziyyətdən çıxış yolu kimi bu problemi diqqətdə saxlamaq üçün işçi qrupu yaradılması təklifi səslənib. Daha bir təklif Alternativ Ictimai Birliklər Şurası yaradılması olub. Bəzi QHT-lər isə bu məsələ ilə bağlı Ictimai Hərərkat formalaşdırmasını təklif ediblər. Tədbirin sonunda QHT-lərin qeydiyyatı problemilə bağlı dövlət başçısı Ilham Əliyevə müraciət etmək qərara alınıb.