Hörmətli, Asan müəllim!
Hazırda sizin asan siyahınızda cəmi 14 xidmət var və onlardan biri yalnız əcnəbilərə aiddir (qaldı 13 xidmət). Bəziləri isə sadəcə adamı kədərləndirə bilər. Məsələn, məhkumluq barədə arayışın alınması (qaldı 12 xidmət). Bunu görəndə ürəkdən qara qanlar axır – adama elə gəlir ki, təcili məhkum olmalısan, sonra da azadlığa çıxıb bu xidmətin asanlığındakı ləzzəti duymalısan. Siyahınızda elə xidmətlər var ki, onsuz da asan idi, məsələn, vergi ödəyicisi kimi qeydiyyata alınmaq (qaldı 11 xidmət). Halbuki vergi ödəyicisinin çətinliyi qeydiyyatdan sonra başlayır. Həm də necə başlayır!
Yaxud sürücülük vəsiqəsinin yenilənməsini götürək (qaldı 10 xidmət). Sürücülük vəsiqəsinin yenilənməsi, hələ onun alınması deyil. Gərək əvvəlcə onu ala biləsən. Amma necə? Nəyə görəsə bunu asanlaşdırmırsınız. Vətəndaşlıq pasportunun alınması isə (qaldı 9 xidmət) son vaxtlar başqa çətinliklərin yanında toya getməli idi. Şəxsiyyət vəsiqəsinin alınması (qaldı 8 xidmət) sizdəki kimi asan deyildi, amma daha dərdimizin dərdi də deyildi, uzağı az-maz xərclə onu da yola vermək olur.
Bu yerdə mən sizin siyahıdakı qalan xidmətlərin bənzər təftişlərini saxlayır və soruşmaq istəyirəm: sizdən asanlıqla şəxsiyyət vəsiqəsi alıb, oradan çıxdıqdan sonra isə bu ölkədə şəxsiyyətlə və asanlıqla yaşamaq mümkündürmü?
Hələ mən bundan öncə soruşmaq istəyirəm, çox yaxşı riyaziyyat istedadı olan bir uşaq üçün yaxşı bir məktəbi haradan tapmaq olar? Başqa bir uşağın – dəcəl birinin oxumağı lazım deyil, heç olmasa pozulub həddini aşmaması üçün normal tərbiyəli bir mühiti olan məktəbi haradan tapmaq olar?
Bilirsiniz ki, uşaqlar vaxtı-vaxtında peyvənd olunmalıdırlar. Bunu etdirmək valideynlərin borcudur, amma Hindistandan gətirilmiş ucuz və müəmmalı zərdablardan yaranan ölüm və fəsadların qorxusundan bunu edə bilməyənləri çətinlikdən necə qurtara bilərsiniz?
Uşaq bağçaları ilə bağlı tam ümidsiz olduğum üçün onu heç yazmıram. Uşaq həkimlərindən də heç danışmayın. Əksinə, uşaqları onlardan necə qorumağı mən özüm sizə öyrədə bilərəm və çox az sayda bir neçə yaxşı həkimin ünvanını sizə deyə bilərəm.
Böyüklərə keçək. Bir çox adamlar tanıyıram ki, polis serjantı görəndə rəngi qaçır. Elə imkanlı adamlar tanıyıram ki, MTN-in adı gələndə nə hala düşdüklərini, sadəcə, yaza bilməyəcəyəm. Bəs əlində qalaq-qalaq sənədlərlə qəzet redaksiyalarına gəlib məhkəmə ədalətsizliyindən şikayət edənlərə siz kömək edə bilərsinizmi?
Yəqin siz də bilirsiniz ki, hansı fantasktik məbləğdə sərmayə qoyuldu və Bakıya su kəməri çəkildi. Kəmərin adını bilərəkdən çəkmirəm, çünki çox sayda insan kimi mən də normal içməli və daim gələn suya həsrətəm. Bakının və ölkənin başqa yaşayış məntəqələrinin yağışdan sonra düşdüyü çətinlikdən çıxmasına isə Tanrıdan savayı kimsə kömək edə bilməz, mümkün olsa, yağış başlayanda onun tez dayanması üçün siz də dualar edin. Yayda hər yanı kanalizasiya iyi bürüyür, bunu da sizə yazmaq mədəni olmazdı. Bəlkə işıq kəsiləndə elektrik idarəsinə, qaz kəsiləndə qaz idarəsinə zəng edib düşməkdə insanlara kömək edəsiniz?
Bəlkə tələbələrin çətinliklərindən yazım. Təqaüdləri, yataqxanaları, acgöz müəllimləri. Bilirəm sizə çətin olar bu işlər. Heç olmasa binanızda bir surətçıxarma otağı açın, tələbələr gəlib orada səviyyəsiz dərsliklərin üzünü çıxarıb seminarlarda ordan-burdan nəsə danışsınlar.
Mən sizi həvəsdən salmaq üçün demirəm, 14 yox, 140 yox, 1400 çətinliyi oturub yazmaq olar. Elələri də var ki, onları yalnız yazmaq belə bu ölkədə çoxlarına çətindir. Məsələn:
– Yaltaqlığı, prezidentə yarınmağı kim yığışdıracaq?
– Korrupsiyanın dişini kim sındıracaq?
– Haqsız məmurların yalanlarını kimi üzünə deyəcək?
– Seçkilərdə saxtalığın qabağını kim alacaq?
– Biz piket, mitinq eləmək istəsək, buna kim icazə verəcək?
Başa düşürəm ki, ölkədə həyatın hər üzünü çətinləşdirib dütdülü bir asan xidməti ilə baş qatmaq ideyası avtobusla harasa getməklərini xalqa minnət və xidmət kimi nümayiş etdirən kiçik çinli məmurların işi deyil. Amma bunları xatırlamağımın təsirli bir səbəbi oldu. Yaşlı bir kişi bu günlərdə şəxsən məndən soruşdu ki, Asan Xidməti nə olan şeydir və o nələri asanlaşdıra bilər. Mən də sanki bir alovlu təbliğatçı kimi həmin xidmətləri bir-bir sadaladım. Ola bilsin ki, nəyisə unutdum, amma göstərilən xidmətlərin əksəriyyətini söylədim. Həmvətənimiz sakit dayandı, sonra başını yellədi və dedi: “Hamısı bütün həyat boyu adama bir və bir neçə dəfə lazım olan, bəzən də heç lazım olmayan məsələlərdir, oğlum. Ondan çətin şeylər, hər gün qarşımıza çıxanlar isə çətinləşməkdə davam edir. Ən asanı bu ölkədən baş götürüb getməkdir. Amma bu da çətindir…”.
Açıq deyim ki, ölkədəki çətinliklərin hər cür üzünü bilsəm də, o anda həmin yaşlı həmvətənimin bu sözlərini eşitmək mənə hər şeydən çətin gəldi. Etiraz etmək istədim. Amma ona asan bir cavab tapa bilmirəm hələ də. Bəlkə bu işdə mənə kömək edəsiniz?!

Asan Xidmətə Ərizə
•