“Rusiyalı politoloq cəfəngiyyat danışır”

«Kremlə yaxın olan Şevçenko Azərbaycana qarşı yersiz ittihamlar səsləndirir»

Bugünlərdə rusiyalı politoloq Maksim Şevçenko Boston faciəsində ABŞ-ın Azərbaycanla bağlı planlarından danışmışdı. Şevçenko bildirmişdi ki, faciədə “Qafqaz izlərinin” tapılması təsadüf deyil: “Axı istənilən yəmənlini, Səudiyyə Ərəbistanından olan birini, ”Əl Qaidə”ni göstərmək olardı.
Lakin Qafqaz radikalları seçildi. Amerikalılar bilmirlər Dağıstan haradır, lakin onlar görünür, Çeçenistanın nə olduğunu bilirlər”. Politoloq onu da qeyd etmişdi ki, gələn il Əfqanıstandan NATO qoşunlarının çıxarılmasına başlanacaq və qoşunlar Azərbaycandan keçəcək. Bu isə ABŞ-a burada əhəmiyyətli dərəcədə qoşun saxlamağa imkan verəcək. “Mən əminəm ki, bu Qafqaz izinin sığınacağı altında onlar Azərbaycanda, Qafqazda öz döyüş bölmələrini yerləşdirmək üçün qanuni siyasi imkan əldə edəcəklər və onu ”anti-terror bölməsi” adlandıracaqlar. Hesab edirəm ki, bu da Rusiyanın maraqlarına birbaşa zərbədir” – deyə Şevçenko əlavə etmişdi.
Politoloq Vəfa Quluzadə isə rusiyalı həmkarının fikirlərini cəfəngiyyat adlandırır: “Boston faciəsinin izləri Çeçenistana, Dağıstana gedib çıxır. Mən dünya KIV-lərini izləyirəm. Rusiya kəşfiyyatı Tamerlan Tsarnayevin Dağıstanda cihad haqqında söhbətlərinin yazısını ABŞ kəşfiyyatına göndərib. Şevçenkonun bundan xəbəri yoxdur? Ola bilsin ki, onun həqiqətən vəziyyətdən xəbəri yoxdur. Və ya bilərəkdən belə edir. Şevçenko Kremlə yaxın adamdır. Bəlkə də, Kremlin əhval-ruhiyyəsini bilir və ona görə Azərbaycana qarşı belə yersiz ittihamlar irəli sürür. Burada nə Azərbaycan izi ola bilər? Şevçenko deyir ki, ABŞ Əfqanıstandan çıxardığı qoşunları Azərbaycanda yerləşdirəcək. Mən isə hesab edirəm ki, ABŞ bunu etsə də, gələcəkdə edəcək. Çünki buna ehtiyacı yoxdur. Rusiya özü xofludur. Bir yandan Irana qarşı əməliyyat olacağından qorxur, Dağıstanda, Şimali Qafqazda ordu yığır. Üstəlik Rusiyanın Şimali Qafqazda vəziyyəti olduqca gərgindir. Orada hər gün partizan müharibəsi gedir. Rusiya KIV-ləri bunu gizlədir, bu barədə açıq danışmırlar. Azərbaycanı hər hansı yolla bu əhvalatlara calamaq tamamilə uğursuz bir cəhddir. Azərbaycanın bunların heç birinə aidiyyəti yoxdur. Vaxtilə ittihamlar səslənirdi ki, guya Azərbaycandan mücahidlərə pul, silah gedir. Bunların heç biri təsdiqini tapmadı. Indi bu da tamamən yersiz bir bəyanatdır”.

Gültəkin