Əməkdaşlarımıza hücum edən nəqliyyat qoçusu (VİDEO)

Xalid Qarayev və Seymur Həziyə qarşı zorakılıqla bağlı Ramil Usubova müraciət olundu

Nəqliyyat Nazirliyi müfəttişlərinin “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həzi və Xalid Qarayevə qarşı zorakılığı ilə bağlı Mətbuat Şurası daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, “Azadlıq” qəzetindən şuraya daxil olan məlumatda nəşrin əməkdaşları Seymur Həzinin və Xalid Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb: “Jurnalistlərin göstərilən tarixdə metronun “20 Yanvar” stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişləri ilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar.
Hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılmasını tələb edir. Buna görə də Sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanuna müvafiq ölçü götürüləcək”.

Bu arada əməkdaşlarımız, Xalid Qarayevlə Seymur Həziyə hücum çəkən və redaksiyanın kamerasını sındıran qoçu- müfəttişi lentə köçürə biliblər. O, yenə də “20 Yanvar” metrostansiyasının qarşısında olub və əməkdaşlarımızın kamerasına kiməsə qolunun gücünü göstərərkən yaxalanıb.