Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin 400 manat rüşvət alarkən korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinin onu yaxalaması və bu anın video görüntüləri bütün saytlarda, televiziya kanallarında yayımlanmaqdadır. Bununla korrupsiya qarşı mübarizənin davamlı, prinsipial olaraq həyata keçirildiyini bizə göstərmək istəyirlər. Kaş bu ölkədəki rüşvətin miqdarı 400 manat olaydı, kaş bu ölkədə rüşvətin mənbəyi hansısa prorektor olaydı ki, bunun da qarşısını almaq çətinlik törətməzdi.
Ancaq tanınmış rejissor-operator Elşad Abdullayevin sayəsində biz elə videolara baxdıq ki, 400 manatı udan Qorxmaz Ağayev bizə qeyri-adi görünmədi. Əksinə, fikirləşdik ki, bütün rektorların yeyib həzm elədiyi halda, Qorxmaz müəllimin qaytarması ədalətsizlikdir. Guya bu görünməmiş hal imiş, guya bizim universitetlərdə müəllimlər əllərində Quranla gəzirlər ki, birdən şeytan məni aldadıb yoldan çıxarar, rüşvət alaram.
Fond pulu, süpürgə pulu, təbaşir pulu, gül pulu, imtahan pulu rüşvət deyil?
1000-2000 manat məbləğində maaş alan məmurun, milyonluq villası halal tapıntıdı yoxsa?
Necə olur ki, prorektorun yaxasından yapışan polis, milyonlarla rüşvət alan məmurun barmağından yapışmaqda aciz qalır?
Bu görüntüləri yayımlayan telekanallar, Elşadın videolarını niyə yayımlaya bilmir?
48 milyardın taleyinə biganə qalanlar, 400 manatın qədrini bilməyə başlayıb.
Bu ölkə yeganə ölkədir ki, milyardı oğurlayanı göstərirsən, manatı oğurlayanı tuturlar.
Səhiyyənin bərbad vəziyyətindən narazılıq edirsən, ayı 100 manata işləyən lobarantı işdən azad edirlər.
Təhsilin keyfiyyətsizliyindən danışırsan, bədən tərbiyə müəlliminə töhmət verirlər.
Ölkə başçısının Dubaydakı 70 milyonluq villasını göstərirsən, müxalifət liderinin 7000 dollarlıq maşını ilə qarşılıq verirlər.
Bəli, bu ölkədə problemlərlə bu cür mübarizə aparırlar.
Əgər ölkə vətəndaşları hansı “Şadlıq sarayı”nın, hansı “tikinti şirkəti”nin, hansı “Istirahət Kompleksi”nin, hətta hansı RAYONUN kimə məxsus olduğunu bilirsə, hansı nazirin kurasiyasında olmasından xəbərdardırsa, müəllimin rüşvət alması faciəli deyil.
Qayıdaq Qorxmaz Ağayevin 400 manatlıq rüşvətinə.
Bu işdə 2 diqqət çəkən məqam var.
1.Indi, Qorxmaz Ağayev deyəcək ki, ağzımı açdırmayın.
Seçki qutularına topa-topa bülletenləri atanda, karusel əməliyyatlarında iştirak edəndə, camaatı minbir hiylə ilə seçkiyə gətirəndə yaxşı müəllim idim, 400 manat rüşvət alanda pis oldum? Bir də, mən bu pulu tək yemirəm ki, filankəsə, bəhmənkəsə də çatacaqdı.
2.Qorxmaz Ağayevin 400 manatı uda bilmədiyi üçün qusmasında da böyük məna yatır.
Biz bu mənzərəyə baxanda görürük ki, hətta 400 manatı udmaq da kiçik cinayəti gizlətməkdə çətinlik yaradır. Bəs, milyardları, Dubayları, Vircinləri necə udmaq olar? Fikrləşəndə adamın tükləri biz-biz durur.
Adını unutduğum bir mütəfəkkir “insan istəsə 2 daşın bir-birinə dəydiyi zaman çıxardığı səsdən ibrət götürə bilər” deyirdi.
Bu hadisədə ölkənin sərvətlərini talayanlar üçün böyük bir ibrət var.
Bir gün korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinin yerində Azərbaycan xalqı olacaq. Bu recim qusmaq üçün pəncərə də tapmayacaq. Çünki bunlar işıq, hava gələn hər yeri qapayıblar.
Qorxmaz Ağayevdən fərqli olaraq hakimiyyət 1 nəfərin pulunu yox, milyonların haqqını oğurlayıb, ölkənin sabahını zülmətə çevirib.
Müxtəsər, biz bu video görüntülərə baxanda, korrupsiyaya qarşı mübarizəni yox, rejimin mahiyyətini, müəllimi cinayətkara çevirməsini, təhsili rüşvətə bulaşdırdığını gördük.

Milyardı necə udmaq olar
•