Manifestlərsiz Azərbaycan

Indi manifestlər artıq dünyanın heç bir yerində on illər əvvəl olduğu kimi populyar deyil.
Manifestlər dövrü qapandı.
Manifest ruhu öldü.
Oysa zaman-zaman tarixin axışının, toplumların taleyinin dəyişməsində manifestlərin rolu inkar edilməməlidir.
Məsələn, “Kommunist manifesti” kimi.
Ya da Andri Bretonun Trotski ilə birgə yazdığı “Müstəqil Inqilab Incəsənəti üçün Manifest”i.
Yaxud 20-ci əsrin əvvəllərinə damğa vuran Dadaist manifestlərini xatırlayın.
Və ya 1912-ci ildə yayımlanan, Mayakovski və Xlebnikovun da imza atdığı “Rus futuristlərinin manifesti”ni yada salın.
Amma gəl gör ki, manifestlərin zamana möhrünü vurduğu dövrlərdə belə, Azərbaycan onlardan yoxsul idi.
Toplumun sifətinə sillə kimi açılan…
Onu qəflətdən oyada bilən…
Ona yeni yön verən…
Onun beyinlərini aydınladan bir manifestimiz olmadı heç vaxt.
Bəlkə də manifest adına qəbul edə biləcəyimiz tək mətn 10 il öncə Azad Yazarlar Ocağının (AYO) qəbul etdiyi “Azərbaycan yazıçısının əhd”idir. Amma o da özündə konkret estetik görüş və çağırış ifadə etmədiyindən bu mətni “manifest” adlandırmaq nə qədər doğrudur, bilmirəm.
Bildiyim tək şey var: manifestlərsiz bir keçmişə sahibik.
Bu, yüzillər boyu aydınlanma, maariflənmə sarıdan nə qədər qısır qaldığımızın daha bir göstərgəsidir.
Tariximizin maarifçilik, aydınlanma adına sadəcə, cəhdlərdən, ayrı-ayrı fərdlərin, ən yaxşı halda kiçik qrupların fədakarlığından ibarət olduğunun, böyük hərəkatlara, nəhəng dalğalara, ideoloji toqquşmalarla, fərqli düşüncələrlə, estetik müxtəlifliklərlə zəngin prosesə çevrilmədiyinin isbatıdır.
Və əlbəttə, niyə hələ də sonsuz qaranlıqlarla döyüşmək, cəhalət içində çabalamaq, Şərin caynağında əzilmək, çağın arxasınca sürünmək məcburiyyətində qaldığımızın bir görsənişidir.
Yapçılara o romanı oxumağı məsləhət görürəm
Mübarəkin devrilməsi ilə sonuclanan Misir inqilabının ən parlaq simaları arasında bir yazıçı da var – Alaa əl-Asvani.
Misirdə gəncliyi inqilabi hərəkata ruhlandıran həm də və daha çox onun “Yakubyanın evi” əsəri olmuşdu.
Dünyanın onlarca dilinə çevrilən, bestseller sayılan bu romandakı məqamlardan biri bizim üçün də aktualdır. Söhbət dini radikalizmin necə şiddətləndiyindən gedir. Müəllif ədalətsizliklə, repressiyalarla, hüquqları, azadlıqları boğmaqla idarə olunan bir ölkədə başqa mübarizə imkanı, çıxış yolu qalmayan insanların son çarə kimi radikal islamçılara qoşulmasını təsvir edir.
Əslində burada yeni bir şey yoxdur. Indi öz hakimiyyətini qorumaq, bunun üçün də yetərli dəstək almaq üçün Qərbi Azərbaycanda dini radikalizm təhlükəsi ilə şantaj edən yaptokratlara belə bir təhlükəni toplumu əzməklə, basqı altında saxlamaqla, ona heç bir haqq və hüquq tanımaqla elə özlərinin yaratdığını dəfələrlə xatırlatmışıq.
Amma çifayda, bu qulaqlarından alıb o biri qulaqlarından ötürürlər.
Indi onlara “Yakubyanın evi”ni oxumağı məsləhət görürəm ki, bəlkə ordan bir nəticə çıxardılar.
Ölkəni necə təhlükəli, qorxunc, yaraları illərlə sağalmayacaq bir istiqamətə apardıqlarını bəlkə onda anladılar, bəlkə ədəbiyyatla həqiqətin sintezi onlara bir dərs, bir görk, bir ibrət oldu.
Neruda” – soyad və təxəllüs
20-ci yüz il şeirinin sütunlarından biri, azadlıq, ədalət ideyalarının alovlu tərənnümçüsü Pablo Neruda.
Yalnız tərənnüm etməklə də kifayətlənməyən, bütün ömrünü həm də o dəyərlər uğrunda əməli mübarizəyə həsr etmiş böyük insan.
Bilmirəm, bilirsinizmi? “Neruda” onun soyadı deyil, təxəllüsüdür.
Bu təxəllüsü 19-cu yüzilin 30-cu illərində Pablonun vətəni Çilidən çox-çox uzaqlarda, Çexiyada doğulmuş, yaşamış bir başqa şairin – Yan Nerudanın şərəfinə götürüb.
Niyəsi çox sadədir: Yan Nerudanın şeirləri də sonralar Pablonun həyatı ilə yaradıcılığının anlamını, ana xəttini təşkil edən azadlıq, bərabərlik ideyaları ilə bəslənmiş, süslənmişdi.
Belə bir sual-cavab
Məşhur bir filosofdan soruşmuşlar:
– Sərvət ayaqlarınızın altındadır, bəs siz niyə bu qədər yoxsulsunuz?
– Çünki onu götürmək üçün əyilmək lazımdır, – demiş filosof.