Şərurlu və nehrəmlilər arasındakı qanlı toqquşmaya nə səbəb olub?
Heydər Əliyev Beynəlxalq Aeroportunda kütləvi dava olub. Hava Nəqliyyatında Polis Idarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvan terminalında qeydə alınıb. Naxçıvan sakinləri arasında düşən davada 1 nəfər bıçaqlanıb. Ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.
Hadisə yerinə Daxili Işlər Nazirliyinin əməkdaşları gəlib.
Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aznews-az dəqiqləşdirib ki, kütləvi toqquşma Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb.
Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin “Şərurda kişi yoxdur” təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanında – Naxçıvan terminalında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.
Məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Onlar içərisində Bakı Şəhər prokuroru Əziz Seyidov da var. Artıq toqquşmanın qarşısının alındığı, xeyli adamın da həbs edildiyi bildirilir.
“Azadlıq”a daxil olan məlumatlara görə isə dava edənlərin arasında əslən Şərurdan və Nehrəmdən olan gömrük işçiləri də olub.