Ləzgi Yarəliyevi erməni əsilli Avanesov əvəz edəcək
“AZNEWS.AZ”ın yaydığı məlumata görə, Dərbənd şəhərinin meri vəzifəsinə erməni gətirilə bilər.
Məlumatda bildirilir ki, bir müddət əvvəl Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov respublikanın bir sıra iri şəhərlərinin merini dəyişəcək. Dəyişiləsi merlər arasında isə ilk növbədə Dərbəndin meri İmam Yarəliyev durur.
Xəbərə görə, əslində Yarəliyevlə Abdulatipovun arası hələ Dağıstanın baş prokuroru işləyəndən yoxdur.
“Çünki ləzgi millətindən olan Yarəliyev avar Abdulatipovun qardaşına məxsus bir neçə obyektdə total yoxlamalar aparmışdı, həbslər vardı. Onda Abdulatipov Dumanın deputatı idi. Yəni o qədər də səlahiyyətli deyildi. İndi isə zaman dəyişib. Abdulatipov Dağıstanda birinci şəxsdir”.
Məlumata görə, İmam Yarəliyevin yerinə Dərbənd meri təyin ediləcək şəxsin artıq kimliyi də məlum olub. Bu Avanesov Aleksandr Ambarsumoviçdir. Atası erməni, anası rus olan Avanesov hazırda Dərbənd şəhəri meriyasının icra aparatının rəhbəridir.
Xəbər də qeyd olunur ki, əvvəlcə indiki merin birinci müavini Tacətdin Tofikoviç Sultanovun namizədliyi üzərində dayanılıb. Sonradan bu namizədin korrupsiya əməlləri ilə bağlı bəzi məqamlar üzə çıxıb və fikirlər Avanesovun üzərinə cəmlənib.


