Dövləti quranlarla dağıdanlar

Aprelin 27-də metronun “20 Yanvar” stansiyasnın qarşısında Nəqliyyat Departamentinin müfəttişləri “Azadlıq” qəzetinin əməkdaşı Xaliq Qarayevə fiziki zor işlədib, əlindəki videokameranı alaraq sındırıb, daha sonra özləri ilə aparıblar. Məlum, onlar yenə bir taksi sürücüsünü meyit eləyirmişlər, bu yandan müxbirimiz hadisəyə şahid olub, çəkmək istəyib və başına bu əhvalat gəlib. Burda qəribə heç nə yoxdu. Yeni Azərbaycan Partiyası Dövləti var, onun qanunları var, o qanunlara görə Nəqliyyat Departamentinin qoçuları taksi sürücülərini döyməli, yarımcan eləməli, hardansa mərdimazar kimi peyda olan jurnalisti də ona qatmalıdırlar. Burda qeyri-təbii heç nə yoxdu. Dedim ya, hər dövlətin öz qanunu var, o qanuna uyğun da hərəkət eləməlidi. Yeni Azərbaycan Partiyası Dövlətinin də qanunu, indi yaxşı-pis budu. Nə demək olar. Xalq bu YAPD-ni dəstəkləsə də özü bilər, dəstəkləməsə də.
Kəndimizdə psixi xəstəliyə düçar olmuş biri var, daim bir sözü təkrarlamağı sevir, deyir, qanun qanundu, hər kəs qanuna riayət etməlidi, Ilham Əliyevə xəbər verilməlidi, qatil yaxalanmalıdı. Ancaq heç vaxt demir ki, söhbət hansı qanundan gedir, qatil kimdi və Əliyevə bu haqda niyə deyilməlidi. Nə isə onları buraxaq öz qanunları ilə baş-başa.
Bu nəqliyyat qoçuları haqda bir filmdə deyildiyi kimi, çox kinoya baxmışam. Qısa-qısa. Bu dəfəki hadisənin kinosuna baxmaqdan məhrumuq, çünki onlar qanunun tələblərinə əməl edərək jurnalistin kamerasını qırıblar. Ancaq heç Xalid Qarayevlə söhbət etmədən də deyə bilərəm ki, onların fizionomiyası necə olub.
Bir az anadangəlmə, bir az da sonradan günün altında çox qalmaqdan (ehtimal ki, onlar bu qoçu vəzifəsinə qədər tarlada uzun müddət gərgin fiziki əməklə məşğul olub, dərilərini dəyişiblər) qapqara, daha doğrusu köhnəlmiş ət rəngində olurlar. Qapqara şəvə kimi, cod və sıx, adamları döyərkən tərləyəndə qara mirvari kimi par-par yanan qısa vurulmuş saçları olur, üzlərini necə dərindən qırxsalar da, yenə də saqqalın yeri, daha doğrusu saqqal tüklərinin dərinin altından sürətlə boy verməkdə olan başları uzaqdan adama gəl-gəl deyir. Bir az dərindən düşünəndə təsəvvür eləmək çətin deyil ki, bədənləri necə sıx tüklərlə örtülüdür. Çənələri iri, dördkünc, yumruqları zindan kimi ağır və qalın olur. Bəzən boyları qısa olsa da, tökmə bədənləri adamı vahiməyə salır. Taksi sürücüləri, bir qarın çörək puluna çıxmış yetim-yesir deyir: Allah, iti görüm, qurdu görüm, maşınıma qatil minsin, hesabı verməyib düşsün, ancaq onları görməyim, başıma belə müsibət gəlməsin.
Gəlməsin, gəlməsin də. Amin. Ancaq az əvvəl nəql elədiyim o hadisənin, yəni Nəqliyyat Departamentinin işçilərinin taksi sürücüsünü, Xalid Qarayevi döydüyü yerə kor Allahqulu kimi vurub Seymur Həzi gəlib çıxır. Kamali-ədəblə özünü təqdim edir, elə zənn eləyir ki, bu məqamda dövləti ondan başqa müdafiə eləyəcək bir kimsə yoxdu. Ancaq xəbəri yoxdu ki, bu adamlar məhz, elə o işlə məşğuldular bu məqamda. Yəni Yeni Azərbaycan Partiyası Dövlətinin qanunlarını və dövlətçiliyi qoruyurlar.
Seymur qara yollu kimi qayıdıb dövlət sözünü dilinə gətirməyinə peşman olur. Qoçu qardaşımız əlini işdən soyutmadan, yəni zərbələrinin arasını kəsmədən üzünü ona tutub deyir ki, bu dövləti, dövlətçiliyi dağıdan sizsiz də elə. Siz “Azadlıq”.
Bəli, dövləti qorumaq bu qoçu qardaşımız kimi hər bir vicdanlı vətəndaşımızın borcudu. Yaşasın YAPD! Kef elə xalq!