Çempionlar Liqasında mümkünsüzü mümkün edənlər olub
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində cavab görüşləri keçiriləcək. “Barselona” və “Real” mümükünsüz görünəni – ilk görüşdəki böyük hesablı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?
Çempionlar Liqasının tarixində cəmi 5 komanda iki və daha artıq top fərqi ilə uduzduğu halda növbəti mərhələyə çıxa bilib. UEFA-nın rəsmi saytı keçilmiş yola işıq salır.
Beləliklə, ÇL-in 2003-2004-cü ildə keçirilən yarışların 1\4 mərhələsində “Milan” ilk görüşdə “Deportivo” klubunu 4-1 hesabıyla məğlub etsə də, növbəti qarşılaşmada “Deportivo” “Milan”ı
məğlub etməyi bacarmışdı 4-0.
Yenə 2003-2004-ün 1\4 mərhələsində “Real” öz meydanında “Monako”nu 4-2 hesabıyla məğlub etmişdi və belə görünürdü ki, kral klubu növbəti mərhələni təmin edib, ancaq cavab görüşündə “Monako” sevinməyin tez olduğunu ortaya qoydu 3-1. Yarımfinala “Monako” yollandı.
Çempionlar Liqasının 1999-2000-ci ildəki yarışlarının 1\4 mərhələsində “Çelsi” İngiltərədə “Barselona”nı 3-1 hesabıyla məğlub etdi. Cavab görüşündə isə “Barsa” məğlubiyyətin əvəzini çıxmağı bacardı 5-1 (əlavə vaxt).
Belə bir çətinliyin öhdəsindən “Çelsi” 2011-2012-ci idə gəldi. ÇL-in 1\8 mərhələsində “Napoli” öz meydanında londonluları 3-1 hesabıyla məğlub etsə də, cavab görüşündə “Çelsi” 4-1 (əlavə vaxt) hesabıyla qalib gəlməyi bacardı.
Nəhayət, sonuncusu – 2012-2013-ün 1\8 mərhələsində “Milan” İtaliyada “Barselona”nı udsa da (2-0), kataloniyalılar cavab görüşündə “Milan”ın daşını daş üstə qoymadılar 4-0.
Komandanın azarkeşləri “Bavariya” ilə “Kamp Nou”da keçiriləcək cavab görüşündə də belə bir “Barsa” görmək istəyirlər.