Azərbaycan polisin sayına görə liderlərdəndir

Hökumət rəqəm açıqlamır, beynəlxalq hesabatlarda isə 100 min nəfərə polis sayı 456 göstərilir

Avtoritar rejimin hökm sürdüyü əksər ölkələrdə olduğu kimi Azərbaycanda da hakimiyyət vətəndaşları ilə polis gücünə rəftar edir. Bu səbəbdən də ölkənin hər yerində, əsasən paytaxtda hər addımda polisə rast gəlmək olur. Azərbaycan hakimiyyəti ölkədəki polisin sayını açıqlamır. Bir çoxları isə hökuməti ölkədə “polis hakimiyyəti” yaratmaqda ittiham edib, onların sayının çox olmasından şikayətlənirlər. Amma beynəlxalq hesabatlara görə, hər 100 min adamın keşiyində Azərbaycanda 456 polis əməkdaşı durur.  Digər ölkələrdə bu sahədə vəziyyət necədir və polisin çoxluğu sabitlik əlaməti ola bilərmi?
MDB və Şərqi Avropa məkanında ən çox polis Belarusdadır – orada hər 100 min əhaliyə 1442 milis düşür. Ikinci Rusiya – 976, üçüncü isə Qazaxıstandır – 713. Ən az polis isə Estoniya və Moldovadadır. Bu ölkələrdə hər 100 min nəfərə müvafiq olaraq 328 və 385 polis düşür.
Digər Avropa ölkələrinə gəldikdə, Italiyada hər 100 min nəfərə 552, Türkiyədə 484, Kiprdə 668, Fransada 369, Almaniyada 301, Ispaniyada 494, Portuqaliyada 485, Makedoniyada 484, Maltada 459, Yunanıstanda 452, Xorvatiyada 446, Bolqarıstanda 442, Şimali Irlandiyada 411, Çexiyada 405, Sloveniya 386, Latviyada 370, Belçikada 356, Irlandiyada 342, Macarıstanda 335, Şotlandiyada 329, Litvada 327, Lüksemburqda 321, Avstriyada 320, Polşada 264, Slovakiyada 260, Ingiltərə və Uelsdə 257, Lixtenşteyndə 234, Rumıniyada 233, Niderlandda 216, Isveçrədə 214, Islandiyada 204, Isveçdə 199, Danimarkada 196, Norveçdə 158, Finlandiyada isə 154 polis düşür.
ABŞ 100 min nəfərə düşən polislərin sayına görə bir çox ölkələrdən geri qalır. Dünyanın ən qüdrətli ölkəsində 100 min nəfərə cəmi 233 polis, digər Şimali Amerika ölkəsi Kanadada isə 195 polis qoruyur.
Israildə bu göstərici 330 polisdir.
Polislərin sayının çox olduğu ölkələrdən biri Bruneydi. Bu ölkədə 100 min nəfərə 1074 asayiş keşikçisi düşür.
Latın Amerikası ölkələrindən Argentinada bu göstərici 558, Meksikada 366, Braziliyada 282, Çilidə 195 polisdir. 100 min nəfərin payına ən az sayda polisin düşdüyü ölkə isə Haitidi. Bu ölkədə göstərici cəmi 63 polisdir.
Asiya ölkələrinə gəldikdə, Honkonqda 100 min nəfərə 393, Malayziyada 354, Tailandda 337, Sinqapurda 239, Pakistanda 207, Indoneziyada 197, Yaponiyada 197, Cənubi Koreyada 195, Hindistanda 130, Çində 120 polis düşür.
Afrika ölkələrində Zimbabvedə 401, CAR-da 306 polis 100 min nəfərin asayişini qoruyur.
Avstraliyada bu göstərici 238 polisdir.
Bu ölkələrin əksəriyyəti 100 min nəfərə düşən polislərin sayına görə Azərbaycandan geri qalır.
Dünyada orta göstərici 100 min nəfərə 300 polis olsa da, BMT-nin tövsiyəsi 200 polisdir. Azərbaycanda bu göstərici tövsiyə olunan rəqəmdən iki dəfədən artıq çoxdur.
100 min nəfərə düşən polislərin sayı 200-dən az olan ölkələrin əksəriyyəti inkişaf etmiş və sabitliyin hökm sürdüyü dövlətlərdi. Bunlar arasında Isveç, Yaponiya, Danimarka, Kanada, Cənubi Koreya, Norveç və Finlandiyanı göstərmək olar. Skandinaviya ölkələrində bu göstərici heç 160 polisi keçmir. Bu isə onu deməyə əsas verir ki, ölkədə sabitliyin olması üçün polislərin sayının çox olması vacib deyil.
Paytaxt polisi cinayətkarlığa qarşı deyil, sərbəst toplaşmaq istəyənlərə qarşı mübarizə aparır
Bakı şəhərinin payına neçə polisin düşdüyü barədə rəsmi məlumat tapmaq mümkün deyil. Ancaq əhali sayına düşən polislərə görə paytaxtın ölkənin digər yerlərindən xeyli öndə olduğunu əminliklə demək olar.

Digər paytaxt şəhərlərində polislərin sayı nə qədərdir?

10,6 milyon əhalisi olan Rusiyanın paytaxtı Moskvada 98 min polis çalışır. Hər polisin payına 108 şəhər sakini düşür.
12 milyonluq Parisdə isə cəmi 18 min 643 polis çalışır. Fransanın paytaxtında 644 nəfərə bir polis düşür.
Yaponiyanın paytaxtı Tokionun əhalisi 12,8 milyon, polislərin sayı isə 43 mindir. 298 nəfərə bir polisin düşdüyü bu şəhərdə bir ilə 100 min nəfərə cəmi 1 qətl hadisəsi düşür. Tokio cinayətkarlığın səviyyəsinə görə dünyada ən aşağı göstəriciyə malikdir.
Britaniyanın paytaxtı Londonda 8,3 milyon əhalinin asayişini 33 min polis qoruyur. Hər 252 nəfərə bir polis düşür.
8,36 milyon əhalisi olan Nyu-Yorkda 34 min 500 polis çalışır. Hər polisə 242 nəfərin düşdüyü şəhərdə son 20 ildə cinayətkarlığın sayı 4 dəfə, qətllərin sayı isə 5 dəfə azalıb.
Braziliyanın Rio-de-Janeyro şəhərində 45 min polis 6,2 milyon əhalinin keşiyində durub. Bu şəhərdə 138 nəfərə bir polis düşür. 2016-cı il Olimpiya oyunlarına hazırlaşan şəhər təhlükəsizliyə xüsusi önəm verdiyindən polislərin sayı bu qədər çoxdur.
Azərbaycanda isə rəsmilər sabitliyin hökm sürdüyünü, cinayətkarlığın günü-gündən azaldığını bəyan etsə də, reallıqda vəziyyət tamamilə fərqlidir. Gündəlik məlumatlara nəzərə salanda da bunu görmək olur. Polislərin sayının çoxluğu cinayətkarlıqla mübarizədən çox sərbəst toplaşmaq hüququndan istifadə etmək istəyən vətəndaşlara qarşı istifadə edilir. Kütləvi etiraz aksiyaları zamanı paytaxt küçələrinə çıxarılan polislərin sayına nəzər salanda bu açıq-aydın özünü göstərir.

Fizzə