Dünən rejimin yandaş qəzetlərinin, saytlarının manşetlərindən sevinə-sevinə yaydıqları bir xəbər vardı: “Azərbaycan əhalisinin 92 faizi hökumətə inanır”.
Ərinməz-ərinməz oxudum. “Avropa Qonşuluğu Barometri” çərçivəsində bir sorğu keçirilibmiş, xalqın 92 faizinin hökumətə inandığı məlum olubmuş.
Oysa eyni sorğuda rəyi soruşulanların yalnız 62 faizinin həyatından məmnun olduğu deyilirdi. Demək ki, 30 faiz həyatından razı deyil, amma hökumətdən razıdır.
Ya da eyni sorğuda 17 faiz ölkənin doğru istiqamətdə getmədiyini düşünür. Amma gəl gör ki, hökumətdən razı olan 92 faizdir. Yəni 9 faiz onu doğru yerə aparmadığını, uçuruma yuvarladığını bilə-bilə hökumətdən məmnundur.
Gülməlidirmi? Deyil.
Heç ağlamalı da deyil.
Bəs rəqəmlər arasındakı bu təzadı, bu fərqləri necə izah etməli?
Bir anlığa təsəvvür edək ki, doğrudan da belə bir sorğu keçirilib.
Sonra bir anlığa onu da təsəvvür edək ki, o sorğuda verilən cavablar da xəyal məhsulu deyil, uydurma, qondarma deyil, hə, nə olsun? Nə dəyişir?
Axı verilən cavablardakı təzadlarda absurd, əcaib, utancverici heç nə yoxdur.
Absurd olan, əcaib olan, utancverici olan illərdir qorxu, xof imperiyasının hökm sürdüyü…
Həqiqəti söyləməyin suç elan edildiyi…
Tənqidçi fikrin top-tüfənglə qarşılandığı…
Etirazçı ruha sahib olmağın bədəlinin həbs, işgəncə, işsizliklə ödənildiyi bir ölkədə o sorğunu keçirməyin özüdür.
Adamların asta səslə belə, doğruları danışmaqdan qorxduğu…
Qəlbindən keçənləri dilinə gətirməkdən çəkinib eləcə qəlbinə gömdüyü…
Ətrafında baş verənlərə səssiz, təpkisiz qalmağa məcbur olduğu, məcbur edildiyi bir ölkədə onlardan uca səslə rəy soruşmaq qədər ayıb, komik, mənasız nə ola bilər axı?
Fərqli düşünənlərin düşmən kimi görüldüyü…
Müxalifətçiliyin “vətənə xəyanət”, “milli satqınlıq”la eyni tutulduğu…
Azad sözün başına daş salındığı…
Hər kəsdən yalnız bir adamın ağlı ilə düşünüb, bir adamın ağzı ilə danışmasının istənildiyi…
Yaltaqlığın, itaətkarlığın, bir qarın çörək naminə bağrına daş basıb dözməyin, taleyinə razı olub şükr etməyin həyat tərzinə çevrildiyi…
Insanlara yalnız alçala-alçala yüksəlməyin, əl çala-çala, ətək öpə-öpə, baş əyə-əyə yaşamağın təlqin olunduğu bir ölkədə küçədən keçən birinin qarşısını kəsib “hökumətdən razısınızmı, razı deyilsinizmi?” soruşmaq…
Ondan Azərbaycanın doğru yolla gedib-getmədiyini xəbər almaq qədər absurd, məntiqsiz nə var?
Illərdir xof rejimi altında əzilən…
Həqiqətləri pıçıltı ilə söyləməkdən belə ürkən…
Bu qədər oğruluqların, talanların, yalanların hesabını istəməkdən çəkinən…
Ofşor şirkətləri, saxta seçkiləri, sifarişli məhkəmələri, Dubay mülklərini, Çovdar yataqlarını, özü dünyanın ən bahalı kreditini alarkən el-aləmin Lukaşenkolarına-mukaşenkolarına faizsiz borc verilməsini, təkcə Bakıda uşaqların 70 faizinin bağçaya möhtac olduğu halda, Pakistanda-makistanda bizim sərvətlər hesabına uşaq bağçaları tikilməsini, dünyanın ən bahalı və ən keyfiyyətsiz yollarının niyə məhz bizdə çəkilməsini, “Qafqazın ən güclü ordusu”na sahib olduğumuz halda nədən 20 ildə 20 millimetr torpağın işğaldan azad edilməməsini, “regionun lider dövləti” biz ikən niyə iş ardınca Rusiya çöllərinə, müalicə üçün Irana möhtac qaldığımızı sorğulamaqdan qorxan insanların ölkəsində sorğu keçirmək nə deməkdir axı?
Kimi ələ salamaq, dolamaqdır bu – özünümü, özgələrinimi?
Ən əsası, hansı ağlın, hansı məntiqin məhsuludur bu?
Siz bilmirsinizə, mən deyim: ya hədsiz boş-bekar, avaragor, sadəcə, əyləncə axtaran, yumor hissi yüksək, zarafatcıl adamların işidir bu, ya da könlünü kürüyə verənlərin, ruhunu nöyütə satanların, həqiqəti, reallığı çoxlu pullarla ölçənlərin.
Üçüncü variant istisnadır.

Sorğulamayan insanların ölkəsində sorğu keçirmək
•
•