Rəbiyyət Aslanova oxumadığı hesabatdan danışır

Hər hansı hesabata rəy vermək üçün onu əvvəlcə diqqətlə oxumaq gərəkdir, xanım Aslanova

ABŞ Dövlət Departamentinin Azərbaycan hakimiyyətinin ünvanına tənqidlərin yer aldığı, ölkədəki durumu əks etdirdiyi son hesabatına iqtidarın reaksiyası gözlənilən olub. Hesabatı hazırlayanları qərəzli olmaqda ittiham edən hakimiyyət təmsilçiləri beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməməkdə günahlandırır.
Milli Məclisin Insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da “Azərbaycan” qəzetində Dövlət Departamentinin son hesabatına etirazını ifadə edib. Hesabatı subyektiv, qərəzli və təhrifedici adlandıran millət vəkili onun köhnə stereotiplərlə hazırlandığını deyib. Ənənəvi olaraq ölkədəki inkişafdan, demokratiyadan, azadlıqlardan danışan R.Aslanova Azərbaycan xalqı üçün ədalətlilik meyarının Dağlıq Qarabağ  münaqişəsinin həllinə 20 ildir göstərilən münasibətin olduğunu bildirib.
R.Aslanova hesabatda bir cümlə ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının qeyd edilməsini də qərəz kimi qələmə verib.
Millət vəkili Bakıda insanların evlərindən köçürülməsi zamanı hüquqlarının pozulmasına diqqət yetirən Dövlət Departamentini insan hüquqları anlayışına səhv yanaşmaqda ittiham edir. Bir sözlə, hakimiyyət təmsilçiləri bu dəfə də hesabatda Dağlıq Qarabağa xüsusi diqqətin ayrılmamasından gileylənir.
Ancaq xanım millət vəkilinin “Azərbaycan”da yazdıqları onun hesabatla yaxşı tanış olmadığını deməyə əsas verir. Çünki Dövlət Departamentinin son hesabatı məhz Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirilməklə başlayır: “Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın 7 başqa rayonunu nəzarətdə saxlamaqda davam edirlər. Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin predmeti olaraq qalır”.
Milli Məclisin Insan hüquqları komitəsinin sədri hər hansı hesabata cavab vermək üçün ən azı onu diqqətlə oxumalıdır. Görünür, R.Aslanova bunu etməyi lazım bilməyib. Hesabatı oxumadan ona rəy vermək, elə onu oxuyub təhrif etmək qədər xoşagəlməz işdir.

Fizzə