Obyektin Ramiz Mehdiyevə məxsus olması barədə iddialar var
Gəncənin “Yeni Gəncə” yaşayış massivindəki Çinar istirahət mərkəzində güclü yanğın hadisəsi baş verib. “Trend”in xəbərinə görə, dərhal hadisə yerinə Kəpəz və Nizami rayonlarının 6 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğın təxminən 800 kvadrat metr ərazisi olan çay evinin 120 kvadrat metrlik bufet hissəsində baş verib.
Yanğın zamanı xəsarət alan olmayıb. Havanın küləkli olması və çay evinin yaxınlığında qazdoldurma məntəqəsinin fəaliyyəti nəzərə alınaraq əraziyə qazın və elektrik enercisini verilişi dayandırılıb. Hazırda Gəncə şəhər Dövlət Yanğından Mühafizə Idarəsi tərəfindən yanğının hansı səbəbdən baş verməsi və çay evinə dəyən ziyanın məbləği araşdırılır. Gəncə şəhər Dövlət Yanğından Mühafizə Idarəsinin rəis müavini Rahib Nadirov: Yanğın çay evinin 120 kvadrat metrlik bufet hissəsində qeydə alınıb. 50 kvadrat metr tamamilə yanaraq külə dönüb, 50 kvadrat metr ərazinin yanğından mühafizə olunması üçün söküntü işləri aparılıb. 20 kvadrat metr ərazi alovdan xilas edilib.
“Azadlıq”a daxil olan məlumata görə, Gəncədə hər kəs Çinar istirahət mərkəzini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus obyekt kimi tanıyır. Obyekti idarə edən şəxs Gəncə Müəllimlər Institutunun rektoru Ramiz Məmmədovdur. Ümumiyyətlə, Ramiz Məmmədov Gəncədə PA rəhbərinin bu şəhərdəki biznesini kurasiya edən şəxs kimi tanınır.