2genc-intihar

Bakıda iki gəncin sirli ölümü

2genc-intihar«Azadlıq» 18 yaşlı Əli Qənbərli və Ramil Bayramovun ölüm səbəblərini araşdırdı (FOTOLAR)

Əli Qənbərlinin anası: «Oğlum intihar edə bilməz. Özünü öldürən şəxsin gərək problemi olsun. Gülə-gülə evdən çıxan adam özünü öldürər?»

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Ötən gün səhər saatlarında paytaxtın Sabunçu rayonunda iki gəncin asılmış şəkildə meyidi tapılıb. Rayonun Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən yarımçıq tikilidə intihar edildiyi iddia olunan şəxslər 1995-ci təvəllüdlü Əli Oruc oğlu Qənbərli və 1995-ci il təvəllüdlü Ramil Vidadi oğlu Bayramovdur.  Qənbərli ailəsi əslən Cəlilabad rayonundan, Bayramovlar isə Naxçıvandandırlar.
Bakı şəhər prokurorluğu və Baş Polis Idarəsinin birgə yaydığı məlumatda qeyd olunur ki, hər iki gəncin meyidinə valideynlərinin iştirakı ilə baxış keçirilib, baxış zamanı onların boyun nahiyəsində stranqulyasiya şırımından başqa heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibb ekspertizaları təyin edilib.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır…

“İntihar etmək istəyən özünə pal-paltar alır?”

Hər kəsin danışdığı tükürpədən olayın səbəbini öyrənmək üçün Şuşa şəhərciyinə getdik. Böyük bir ərazini əhatə edən bu şəhərcikdə hər iki gəncin yas yerini tapmaq çətin olmadı. Avtobusda belə hamı bu olaydan danışırdı.
Soraqlaşa-soraqlaşa Əli Qənbərlinin evini tapdıq. Balaca, hasarı belə olmayan evdə bizi qadınlar qarşıladı. Kişilər isə dəfnə getmişdilər. Övladının intiharıyla barışmayan Fəxrəndə Qənbərli Əlinin belə bir addım atmasına heç cür inanmır. Ailədə heç bir söz-söhbətin olmadığını deyən ana bildirir ki, oğlunun ölümündə başqa bir əl var: “Kasıb adamam, öz çörəyimi yeyirəm. Heç kimlə işimiz olmayıb. Əli beşinci sinifdən ofisiant işləyir. Indi də öz yanımda işləyirdi. Birlikdə gedib qayıdırdıq. Siqaret belə çəkmirdi. Gündə bir manat özünə pul götürürdü. Deyirdi ki, artıq pulu neynirəm”.
Fəxrəndə Qənbərlinin sözlərinə görə, Əli bir gün öncə özünə pal-paltar alıb: “30 manata ətir və pal-paltar aldı. Özünü öldürmək fikri var idisə, niyə bunları alırdı? Əli ilə Ramil dost idilər. Nədən intihar etsinlər?”.

“Dindar adam intihar edər?”

Mərhumun yaxınları gənclərin intihar etdiyi evdə döşəmənin olmadığını deyirlər: “Necə asıblar ki, orada döşəmə yoxdur. Bundan başqa, nə stol, nə stul var. Bir-birlərini asıblar? Başqaları tərəfindən asılıb. Başqa cür mümkün deyil”.
“Əlinin kimlərlə problemi olub” sualına qonum-qonşular “heç kimlə” cavabını verdilər.
“Dünən (srağagün – red.) səhər saat 10 radələrində mənə zəng etdi. Dedi ana, pul nə oldu? Mən də cavab verdim ki, müdir gəlməyib, gəlsin, alıb verəcəm. Pulu alan kimi buna zəng etdim, zəng çatmadı. Evə gəldim, hər yeri axtardıq, tapa bilmədik. Sonra yoldaşıma dedim ki, Əlini tapa bilmirik. Dedi ki, Əlini tanımırsınız? Hara gedəcək ki, yəqin dostlarıyladı. Elə saf uşaq idi. Hətta gecə saat 4-5-də evə gəlsin… onun qəlbində xainlik ola bilməz”.
Ramil Əlinin telefonuyla gecə saat 1 radələrində dostları Elçinə mesaj yazıb. “Bu gün bizim son günümüzdü, haqqınızı halal edin” yazılan mesaja da Əlinin anası və yaxınları şübhəylə yanaşırlar: “Sual olunur: niyə Ramil öz telefonuyla mesaj yazmayıb? Bu iki uşağın özlərinə qəsd etmələrinə heç bir səbəb yoxdur. Əli namaz qılan, dindar uşaq idi. Dindar olan şəxs intihar edər? Mənə deyirdi ki, ana, elçi get. Biz də razılaşmışdıq ki, hərbi xidməti başa vurandan sonra onun xeyir işini edərik. Gedib Qarabağda ölsəydi, mənə təsir etməzdi. Bilərdim ki, oğlum vətən yolunda şəhid olub”.

“Nə biləydim övladımın meyiti gözümün önündədir”

Fəxrəndə Qənbərli deyir ki, oğlunun dostu onu Türkiyəyə aparmaq istəyirdi: “Həmin türklə işləmişdi. O deyirdi ki, mənim belə insanlara ehtiyacım var. Ağlın, savadın, tərbiyəsin görmüşdü. Demişdi ki, hərbi xidməti başa vur, Türkiyəyə gedək”.
Bir neçə gün öncə Əlinin işdə başı gicəllənib: “Mənə deyən kimi yanına qaçdım. Müdirdən icazə alıb, həkimə getdik. Müayinədən sonra dedilər ki, öd kisəsində qurd var. Ona görə də zəifləyib. Ödünü yumağa 30 manat pul istədilər. Dedim eybi yox, verərəm. Səhəri də zəng edib pulu istədi. Dedim Əli, müdir gəlməyib. Müdir gəldi, pul aldım, zəng vurdum, zəng çatmadı. Bir də axşam saatlarında zəng etdik. Ancaq telefonu qaldıran olmadı. Əlinin dostu Ramilin yaxınları polisə müraciət etdilər. Biz getmədik. Çünki Əlidən arxayın idik. Nə biləydim övladımın meyidi gözümün önündədir”.
Mərhumun xalası qızı olay günü Əlini gördüyünü deyir: “Yoldaşım işə getdiyi üçün onu yola salırdım. Əlini gördüm. Dedim hara gedirsən, cavabı bu oldu ki, xəstəxanaya. Günorta qayıdacağını dedi. Sonra da dedi, güldü sağollaşdı. Bacısıyla sağollaşanda açarı evə qoymağı tapşırdı. Onun intihar etməsinə inanmırıq”.

Döşəməsi, tavanı, stol-stulu olmayan yarımçıq tikili…

Əlini tanıyanlar da onun intihar etməsi xəbərinə inanmırlar. Deyirlər ki, gülərüz, hamıyla mehriban olan adam intihar edə bilməz: “Intihar etmək üçün səbəb olmalıdır. Kasıb ailədirlər. Ancaq heç vaxt evlərində söz-söhbət olmayıb. Səhər işə gedib, axşam qayıdırdılar. Sakit və gözəl ailə olub. Camaat hələ də Əlinin intihar etməsinə inanmır. Bu şəhərcikdə kimdən soruşsanız, heç kim onun barəsində pis bir şeyə deyə bilməz. Hər kəsin köməyinə çatan, gözəl uşaq olub Əli”.
Əlinin evindən ayrılıb, dostu Ramilin yaşadığı ünvana gedirik. Əksəriyyəti dəfndə olduğu üçün bizi qarşılayan Ramilin yaxınları heç nə danışa bilməyəcəklərini söylədilər.

Növbəti üz tutduğumuz ünvan iki dostun meyidi tapılan mənzil oldu. Yarımçıq tikilinin içərisini gəzəndə qonum-qonşuların dediklərinin həqiqət olduğu bizim üçün də aydınlaşdı. Evin nə döşəməsi, nə də stol-stulu var. Əcəba, intihar edən iki gənc bunu necə bacarıblar?
Həm bu suallara, həm də intihar edən gənclərin yaxınlarının şübhələrinə son qoymaq hüquq mühafizə orqanlarının işidir.

Ramin DEKO