Keçmiş prokuror elm adamlarıyla hüquq mühafizə əməkdaşı kimi davrandı
YAP hakimiyyətinin Cümhuriyyət qurucularına münasibəti bəllidir. Uzun illər hakimiyyətin təbliğatı, aparılan siyasət, yeri gəldi-gəlmədi o çağın aydınlarına qara yaxmaq ortadadır.
Heydər Əliyev hakimiyyət əlində olmayan çağlarda Məhəmməd Əmin Rəsulzadənin şəkillərinin az olmasından gileylənsə də, özünü kürsüyə çatdıran kimi “Kim olub Rəsulzadə” sualını verməklə ətrafını və Yaqub Mahmudov sayaq hakimiyyət tarixçilərini tarixi necə yazmaq çətinliyindən qurtardı.
Bəzi istisnaları nəzərə almasaq, ən azı Ilham Əliyevin bu ilin fevralında imzaladığı bir sərəncam var. Cümhuriyyət qurucularından olan Əlimərdan bəy Topçubaşının (sərəncamda yanlış olaraq Topçubaşov yazılıb, ancaq bütün tarixi sənədlərdə bu böyük şəxsiyyətin soyadı Topçubaşıdır) 150 illik yubileyinin keçirilməsi ilə bağlı müxtəlif qurumlara göstəriş verilir. Həmin qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Aradan iki ay keçməsinə baxmayaraq, hələ də bu yubiley sərəncamı ilə bağlı hər hansı tədbirin keçirilməsinin şahidi olmamışıq. Görünür, bunu da həmin qurumlar Ilham Əliyevin növbətçi sərəncamlarından sayırlar.
Əvvəlcə sərəncama diqqət yetirək. Burda hər şey aydın yazılıb, kimin hansı işi görəcəyi dəqiq göstərilib.
“Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.
Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Ilham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 fevral 2013-cü il”.
Yeri gəlmişkən onu da deyək ki, mayın 2-də Əlimərdan bəyin doğum günüdür. Bu tarixə çox az vaxt qalır, ancaq yubiley tədbirləri görünmür.
Aprelin 26-da AMEA-nın Fəlsəfə Institutunda Əlimərdan bəy Topçubaşının “Azərbaycan Cümhuriyyətinin yaradılması” kitabının təqdimatı olmalıydı. Kitabı bu institutun əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel öz vəsaiti hesabına çap edib. Yəni AMEA-nın görməli olduğu işi öz üzərinə götürüb. Böyük şövqlə hazırladığı kitabı ictimaiyyətin də diqqətinə çatdırmaq üçün elə işlədiyi institutda təqdimat (Yadigar bəyin dili ilə desək, “gördü”) keçirmək istəyib. Ancaq tədbirin yarısında bundan xəbər tutan direktor müavini Bəhram Zahidov (o həm də keçmiş prokurordur) zala hücum çəkərək kitab təqdimatının dərhal dayandırılmasını tələb edib, yığıncağa gələn akademik və professorları, bir sözlə, elm adamlarını hüquq mühafizə əməkdaşı xarakterinə uyğun olaraq qovub. Əlimərdan bəylə bağlı Ilham Əliyevin yubiley sərəncamı onun diqqətinə çatdırılsa da, şanlı prokuror bunu da vecə almayıb.
Indi hamı çaşqınlıq içindədir, B.Zahidovun dövlət başçısının sərəncamını kağız parçası sayması hardan qaynaqlanır? Həmişə hakimiyyətə yarınan adamın birdən-birə ona qarşı çıxmasının arxasında nə dayanır? Növbəti həftədə Zahidovun özüylə buna aydınlıq gətirməyə çalışacağıq.
Rövşən Hacıbəyli