Media Hüquqi İnstitutu (MHİ) jurnalist Xədicə İsmayılovaya qarşı başlanan yeni basqılarla əlaqədar aprelin 27-də hökumətə və hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdə deyilir ki, hökumətə qarşı tənqidi çıxışlar edən şəxslərin hədəfə alındığı veb-saytlardan birində Xədicə İsmayılova barəsində pornoqrafik məzmunlu videogörüntülər, karikaturalar yerləşdirilib. Materialların yayımlanmasından bir neçə gün keçsə də, əlaqəli qurumlar lazımı addımları atmayıblar.
MHİ AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı hücumları jurnalisti susdurmağa və gözdən salmağa xidmət edən çirkin təxribat cəhdi sayır.
Müraciətdə Xədicə İsmayılovaya basqılara hələ 2012-ci ilin martından başlandığı xatırlanır. Qeyd edilir ki, kimliyi hələ də bilinməyən şəxslər jurnalisti intim məzmunlu foto-video görüntüləri ilə şantaj edərək tənqidlərinə, araşdırmalarına son verməsini tələb etmişdilər.
İnstitut qeyd edir ki, həmin hadisədən sonra Baş Prokurorluq şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusuna görə cinayət işi açsa da, günahkarlar hələ də məhkəmə qarşısına çıxarılmayıb.


