Bu yazının adı başqa olacaqdı, belə oldu. Olsun. Günümüzün gerçəyi, gerçəyin diktəsidir. Adla bağlı sonra, indilikdə adı doğuran nədənlərə keçək.
M.Ə.Rəsulzadə 1934-cü il noyabrın 5-də Parisdə Əlimərdan bəy Topçubaşovun qəbri üstündə danışarkən Azərbaycanın türk ideoloqlarının Qafqaz konfederasiyası ideyasına necə içdən, dönməz bağlı olduğunu aşağıdakı sözlərlə bildirmişdir: “O, Istanbulda, Mudros anlaşması günlərində, Azərbaycan Elçiliyinin başçılığında ikən, yayımladığı, özü kiçik, anlamı böyük kitabında Qafqaz sorunundan danışmış, qafqazlılar üçün konfederasiyadan başqa çıxış yolu olmadığını uzaqgörənliklə göstərmişdir”.
Bu alıntı fəlsəfə elmləri doktoru Yadigar Türkelin o “özü kiçik, anlamı böyük kitaba” – Ə.Topçubaşovun “Azərbaycan cümhuriyyətinin yaranması” kitabına yazdığı dəyərli ön sözdəndir.
Ə.Topçubaşov 20-ci yüzildə Azərbaycanın yetirdiyi ən böyük düşüncə, çarpışma adamlarından biridir. Əlimərdan bəy Peterburq Universitetinin hüquq fakültəsində oxuduğu çağlarda biliyi, siyasi aktivliyi ilə tanınıb. Universitetdə oxuduğu illərdə gizli devrimçi axınına qoşulduğundan universitetdən qovulub. Ancaq universitet professorları çox bilikli olduğundan onu yenidən universitetə qaytarıblar. Universiteti bitirib hüquq elmləri doktoru adını alan Əlimərdan bəyi universitetdə öyrətmən saxlamaq istəsələr də, alınmayıb. Əlimərdan bəy doğulduğu Tiflisə dönüb, sonra da advokat-dava vəkili adını almaqla Bakıya gəlib. Bakıda Z.Tağıyev onu rusca yayımlanan “Kaspi” qəzetinə baş redaktor qoyub. Beləliklə, Ə.Topçubaşovun yurddaşları ilə birgə Özgürlük, Demokratiya, o çağlar ortada olmayan, unutdurulan Azərbaycan, türk adı uğrunda yaşı boyu çəkəcək böyük, örnək çarpışması başlayır. Bu çarpışmaların sonucu olaraq M.Rəsulzadə günlərin bir günü deyəcəkdi: “Rusiya yönətimindəki müsəlmanlara türk dedirtmək indi qazanılmış bir davadır. Yalnız türk yox, Azərbaycan adı da qazanılmışdır”.
O davada özünü yetərincə doğrultmuş Əlimərdən bəy Paris Barış Konfransına göndərilmişdi. “Azərbaycan cümhuriyyətinin yaradılması” kitabı Azərbaycanı hər baxımdan dünya birliyinə tanıtmaq üçün yazılmışdı. Bu, indi çoxlarına inandırıcı görünməsə də, Xəzər dənizindən, Dərbənddən, Borçalıdan, Qara dənizədək uzanan Azərbaycan idi – demək olar, 115 min kv.km-lik Azərbaycan: o çağın gerçək Azərbaycan coğrafiyası!
Ön sözdən: “Azərbaycan Cümhuriyətinin, eləcə də Gürcüstanın, Qafqaz dağlıları Birliyinin tanınması üçün böyük siyasi-ideoloji işlər görmüş Əlimərdan bəy 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək Istanbulda dış dövlətlərin yetkililərilə 36 görüş keçirmiş, ABŞ konqresinin deputatı ilə, eləcə də prezident Vilsonun iqtisadi işlər üzrə yolgöstərənilə Azərbaycan Cümhuriyyətinin yararına lobbiçilik etmələri üçün anlaşmışdı. Azərbaycan respublikasının başçıları 20 ildə bu gərəkli siyasi işi də yoluna qoymayıblar”.
Üstün bacarıq yiyəsi olduğuna görə Əlimərdan bəy ölkədə böyük sayğı qazanmış, bu sayğı üzündən də özü Bakıda olmasa da, parlament başqanı seçilmişdi.
Y.Türkel hər cür çətinliyə qatlaşmaqla ortaya yeni, arınmış Azərbaycan türkcəsində dəyərli, gərəkli bir kitab çıxarıb. Işlədiyi Fəlsəfə, Sosiologiya, Hüquq Institutunda (AMEA) kitabın tanıtımı keçirilirdi. Elmlər doktorları, namizədlər bir-bir qalxıb kitabla bağlı ürək sözlərini deyirdilər. Arada ADR qurucularına sayğısızlıqdan gileylənənlər də olurdu. Birdən qapı açıldı: “Çıxışları dayandırın, çıxın burdan!!
Bu, keçmiş prokuror, indi institutda direktor yardımçısı Bəhram Zahidov idi. Hərəkatçılara düşmən baxışları ilə tanınan prokuror indi Siyasət institutunun prokuroru rolundadır. Çıxışlarla bağlı ona nəsə demişdilər – acıqlı idi. Özü də prokuror kimi acıqlı! Yığıncaq dağıdıldı…

Milli Elmlər Akademiyasında KQB rejimi
•