Müzəffər Baxış: «Vəzifəli şəxslərin törətdiyi cinayət əməllərini hakimiyyət özünə qarşı təhlükə kimi qəbul etmir»
Gözəl Bayramlı: «Hakimiyyət məmurlarını xalqdan qorumaq üçün hər vasitəyə əl atır»
Hakimiyyətin məmur və vətəndaş ayrı-seçkiliyi
Azərbaycanda işində səhlənkarlıq edən vəzifəli şəxslərlə bağlı cəzalar ağırlaşdırılır. Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə dəyişikliklər ediləcəyi təqdirdə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd yanaşması, fiziki və hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə, dövləti və cəmiyyətin qanunla qorunan mənafelərinə mühum zərər vuran məmurlar 500 manatdan 1000 manatadək miqdarda cərimə olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl qanunvericiliyə edilən dəyişikliklərə əsasən, icazəsiz aksiyalarda iştiraka görə də nəzərdə tutulan cərimələr 30 dəfə artırıldı. Bundan sonra aksiyalarda saxlanılanlara 400 manatdan 3000 manata qədər cərimələr kəsilib. Aksiyada iştiraka görə cərimə 3000 manat olduğu halda vəzifəsinə vicdansız yanaşan məmurların cəmi 1000 manat cərimələnməsi hansı məntiqə uyğundur?
Azərbaycanda Cinayət Məcəlləsinin əslində Rusiya Federasiyasının Cinayət Məcəlləsində köçürüldüyünü deyən hüquqşünas Müzəffər Baxış müəyyən fərqlərin olduğunu da qeyd etdi: “Bu Cinayət Məcəlləsi qəbul olunarkən maraqlı araşdırma apardım və müəyyən etdim ki, Rusiyada seçki saxtakarlığı həyata keçirən vəzifəli şəxslər üçün daha sərt cəzalar, bizdə isə həmin əməllərə görə cərimə cəzası nəzərdə tutulub. Bu bir daha təsdiqləyir ki, vəzifəli şəxslərin törətdiyi cinayət əməllərini hakimiyyət özünə qarşı təhlükə kimi qəbul etmir. Hakimiyyətin mahiyyəti ondan ibarətdir. Əksinə, bunu hakimiyyətin möhkəmləndirilməsinə xidmət edən bir əməl kimi qəbul edirlər. Vəzifəli şəxslərin daha çox cinayət törətməsində maraqlıdırlar ki, həmin şəxslər hakimiyyətə daha da sadiq olsunlar. Nə qədər ki, bu hakimiyyət mövcuddur, bu qaydalar davam edəcək.
Ekspertin sözlərinə görə, belə cəzanın tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25 maddəsinə, hamının qanun qarşısında bərabərliyi prinsipinə ziddir. Milli mənlik tapdaq altındadır. Çünki hakimiyyət öz mahiyyətinə uyğun cəza siyasəti həyata keçirir.
![]()
AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin öz məntiqinə uyğun hərəkət etdiyini deyir. Quba, Ismayıllı hadisələri də göstərdi ki, hakimiyyət belə hallarda xalqı günahkar hesab edir. Məmurlar yalnız işdən azad olunmaqla canlarını qurtarır. Mitinqə çıxan vətəndaş 2000-3000 manat cərimə olunduğu halda özbaşınalıq edən məmurun 500 manat cərimələnməsi göstərir ki, hakimiyyət məmurlarını xalqdan qorumaq üçün hər vasitəyə əl atır.
G.Bayramlı qanuna dəyişikliyin gözdər pərdə asmaq üçün edildiyini və məmurların cəzalandırılmayacağını da vurğuladı.
Fizzə


