Mandat alverində vasitəçilik edib sonda türməyə düşən keçmiş yapçı və keçmiş deputat Gülər Əhmədovanın müsahibəsi yayılıb. Yenə də hər şeyi boynundan atmaq stilində verilən müsahibədə ənənəvi saman çöpündən yapışmaq da var. Dörd divar arasına düşəndən, sən demə, Əhmədova Allaha, Ilham Əliyevə və ailəsinə arxalanır. Səmimiyyət yoxdur bu sözlərdə. Nə qədər ki, hakimiyyət, hakimiyyətdəkilərlə əməkdaşlıq, mandat alveri, biznesin inkişafı vardı, heç Allah yada düşmürdü. Ilham Əliyevə bağlılıq da bütün bunlara görəydi. Ailə məsələlərinəsə qarışmıram…
Qaldı arxalanmaq məsələsinə… indi Gülər Əhmədovanın arxalanacağı yeganə adam(lar) onun vəkil(lər)i olmalıdır. Çünki türmədən çıxmaq istəyirsə, onlara daha çox arxalanmalıdır. Düzdür, Əhmədova hansı ölkədə yaşadığını çoxlarından yaxşı bilir. Hakimiyyətdəkilərə başqalarından daha yaxın olub. Qanunların işləmədiyi, məhkəmələrin sifarişli qərar çıxardığı ölkədə hər şey bir əlin işarəsindən asılıdırsa, onda Ilham Əliyevə arxalanmağı göz altına almaq olar, ancaq Allahı bu işə qoşmamaq şərtilə.
Son günlər bu keçmiş deputat, indiki dustaqla bağlı yayılan xəbərlərdən diqqəti çəkən başqa biri də var; onun gecələr yuxusunda Heydər Əliyevi görməsi və “ümummilli lideri” ilə danışması. Bu gün Gülər Əhmədovanın taleyi daha çox müsahibəsində adını çəkdiyi və “arxalandığı” Ilham Əliyevdən asılıdır. Məntiqlə onun yuxusuna I.Əliyev girməlidir. Nə istəyi varsa da ondan diləməlidir. Azadlığın yolu burdan keçir. O dünyadan hələ nə gələn var, nə də xəbər gətirən. Orda heç hansı dildə danışıldığını da bilmirik.
Bir də bu gün Gülər Əhmədovanın yuxusuna daha çox Elşad Abdullayev girməlidir. Onunla dərdləşməli, “niyə belə alındı” sualına onunla birgə cavab axtarmalıdır. Növbədə daha hansı görüşlərindən videogörüntülərin olduğunu sormalıdır. Ən azı təsəlli, hələ hamısı deyil, demək üçün…
Görəsən Gülər Əhmədova Ramiz Mehdiyevin yuxusuna girirmi? Yuxusuna girirsə, onunla hansı mövzuda danışırlar? Otvyorka-filandan söz açırlarmı?!.
YAP özü özünə məktublar yazır
“Qarşıdan gələn prezident seçkisində cənab Ilham Əliyevin namizədliyinin irəli sürülməsi yalnız YAP-ın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir” – bu da Əli Əhmədovun istəyidir, sadəcə xalqın adına yazıb. Xalqın adından danışmağa niyə bu qədər həvəslidilər? Axı daim ona arxa çevirirlər. Nəyə əsasən belə inamla yenidən Ilham Əliyevin səs qazanacağını düşünürlər? Bəlkə boşalan kəndlər, mühacirət edənlərin sayının ildən-ilə artması onları ümidləndirib?..
“Xalqın əksəriyyətinin istədiyi…” Ilham Əliyevin saytında məktublar bölməsi var. Bura hər yerdən, hətta xarici ölkələrdən də məktublar “gəlir”. Çox sadə bir üsulla, Prezident Administrasiyasının hansısa şöbəsi müxtəlif regionlardan, müxtəlif adamların adından ora məktublar yerləşdirir. Hamısı təşəkkür məktubları. Tutaq ki, hansısa rayona ehtiyat fonddan pul ayrılır və həmin rayonun ucqar kəndində yaşayan Məhəmmədhəsən əmi dərhal Ilham Əliyevə məktub yollayır ki, sağ ol, bu pul rayonun inkişafına kömək edəcək-filan… Çox düşük təbliğat. Ancaq dərddən bar-bar bağıran, Ilham Əliyevə həqiqətən yüzlərlə şikayət yazanların heç birinin məktubunu o saytda görmürük.
Işğal altında olan Ağdamdan, illərdir didərgin vəziyyətdə yaşayan ağdamlılardan “gələn” bir məktuba baxın:
“Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan Hörmətli cənab Prezident!
Bu məktubu yazmaqla bildirmək istəyirik ki, Ağdam rayonundan olan məcburi köçkünlər Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirlər. Siz bizim qəlbimizdə dərin və əbədi rəğbət qazanmısınız. Ölkəmizin inkişafı üçün göstərdiyiniz misilsiz xidmətlərlə bərabər, məcburi köçkünlərə göstərdiyiniz qayğı heç vaxt yadımızdan çıxmaz. Sizin sərəncamlarınıza və göstərişlərinizə əsasən yerlərdə məcburi köçkünlərin problemləri həll edilir, onlar üçün hər cür şərait yaradılır. Sizin haqqınızda nə qədər kitablar yazılsa belə, bizim sözümüz bitməz. Biz məcburi köçkünlər daim Sizə minnətdarıq.
Hörmətli cənab Prezident, biz ağdamlılar daim Sizin ətrafınızda sıx birləşəcək, qarşıdan gələn Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik. Sizə möhkəm cansağlığı və yeni-yeni qələbələr arzulayırıq.
Dərin hörmətlə, Abdullayev Dadaş, Hüseynov Söhbət, Məhərrəmov Nasif, Nəsibov Murad, Quliyev Əmrxan və başqaları (cəmi 16 nəfər).ÿ
Azərbaycan Respublikası, Ağdam rayonu”.
XXI əsrdə bu tip təbliğatdan heçmi utanmırsız?!

Gülər Əhmədovanın yuxusu
•