Avropa İttifaqının Bakıdakı səfiri gənc fəalların həbsindən danışdı
«Bizdə siyasi iradə var, ümid edirik ki, Azərbaycan hökuməti tərəfindən də olacaq»
Avropa Ittifaqının maliyyə dəstəyilə regionlarda bir sıra layihələr həyata keçirilir. Avropa Ittifaqının Bakı nümayəndəliyinin rəhbəri Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyəti həmin layihələrin icra vəziyyətilə tanış olmaq üçün Qərb bölgəsinə səfər edib. Nümayəndə heyətinə Almaniya və Italiya səfirlərinin müşavirləri də daxil idi.
Nümayəndə heyəti səfər çərçivəsində Bərdə və Gəncədə icra başçılarıyla görüşüb, yeni layihələrlə bağlı onların təkliflərini dinləyib. Həmçinin əvvəlki layihələrin icra vəziyyətilə tanış olmaq üçün Gəncədəki psixi xəstəxanaya, Bərdənin, Goranboyun kəndlərinə baş çəkib.
Səfərin sonunda Roland Kobia jurnalistlərin suallarını cavablandırıb.
“Azadlıq”ın ölkədə seçkiqabağı vəziyyət və siyasi fəalların həbsilə bağlı suallarına cavablandıran səfir bildirib ki, Avropa Ittifaqı Azərbaycanda prezident seçkisinin azad, ədalətli və şəffaf keçirilməsi üçün əlindən gələn yardımı göstərməyə hazırdır: “Həm qanunverilcilik, həm də texniki baxımdan seçkinin azad, ədalətli və şəffaf keçirilməsi təmin olunmalıdır. Avropa Ittifaqının bu istiqamətdə bir sıra layihələri var. Məsələn, ictimaiyyətin siyasi proseslərdə fəal iştirakı, maarifləndirmə və s. Hökumət istəsə, seçkilərin monitorinqini də həyata keçirə bilərik. Biz Azərbaycan hökumətinə kömək etmək istəyirik”.
“NIDA” Vətəndaş Hərəkatı üzvlərinin timsalında son vaxtlar Azərbaycanda gənc fəalların həbsilə bağlı suala isə səfir belə cavab verib: “Mən hesab edirəm ki, o adamlar həbs olunmamalıydı. Onlar sadəcə öz fikirlərini bildiriblər”.
Avropa Ittifaqı və Azərbaycan arasında əlaqələrdən danışan Kobia bildirib ki, bu əlaqələr inkişaf edir. Səfir eyni zamanda əlaqələrin inkişafı üçün siyasi iradənin vacibliyini vurğulayıb: “Avropa Ittifaqında belə bir iradə var. Ümid edirik ki, Azərbaycan hökuməti tərəfindən də olacaq”.
Kobia Azərbaycan parlamentində QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklərə də münasibət bildirib. O deyib ki, bu dəyişikliklərin bəziləri doğru deyil və müstəqil QHT-lərin fəaliyyətinə mane olur. Səfir ümid edir ki, növbəti dəyişikliklərlə bu maneələr aradan qaldırılacaq.
Aytən Məmmədova