Yeni Azərbaycan Partiyası Dövləti

Statistikaya görə, 2013-cü il başlayandan bu yana 31 əsgərimiz həlak olub. Bunlardan cəmi 5 nəfəri atəşkəsin pozulması şəraitində şəhid olub, 26 nəfər isə qeyri-döyüş şəraitində. Hesablayanda təqribən hər 4 sutkaya bir əsgər ölümü düşür.
Bu statistikanın üstünə bir də 34 nəfər əsgərin müxtəlif xəsarətlər almasını, yəni ölümün bir addımlığından dönməsini gəlib, ümumi şəkildə ifadə eləməli olsaq, artıq hər iki sutkadan bir qara xəbər gəlməsinin şahidi olarıq. Bıçaqlanaraq və ya güllələnərək yaralanmaq da qara xəbər sayılır. Onu da nəzərə alsaq ki, valideyn üçün övladının ayağına daş dəyməsi belə onun ürəyini kabab eləyir, onda qaranın tündlüyünü daha aydın təsəvvür eləmiş olarıq. Halbuki valideynlərə övladlarını xidmətə yola salarkən təsəlli verən bircə şey var – xidmətin məcburiliyi şərti altında vətən qarşısında borcdan çıxmaq. Lakin heç birimiz dana bilmərik ki, yarıtmaz ordu nizam-intizamı, korrupsiya, rüşvət, “dedovşina” kimi başıpozuqluq nəticəsində bıçaqlanaraq, güllələnərək, pəncərədən atılaraq, boğularaq ölmək vətən qarşısında borcdan çıxmaq sayıla bilməz. Bunu, ən yaxşı halda vətənin başını yeyən bir sistemə mənasız yerə qurbanlar verilməsi adlandırmaq olar, ayrı heç nə.
Ancaq hesablayanda sənədlərdə sırf ölüm faktı kimi qeydə alınmış nisbəti, yəni 5-in 26-ya nisbəti Azərbaycan ordusunun təyinatını müəyyən edir. Yəni bu 5 nəfər ordu haqda təsəvvür yaradır, qalan 26 nəfər isə…
Qalan 26 nəfər 83,8 faiz deməkdi. Yəni ölümlərin bu qədəri ordu anlayışına dəxli olmayan, hansısa kriminal ortama uyğun rəqəmdi. Cəmi 16 faiz vətənə təyinatı üzrə qurban gedib. Bu rəqəmdən yapışsaq, belə çıxır ki, bu günkü Azərbaycan ordusunu cəmi 16 faiz həddində ordu hesab eləmək olar. Əlbəttə, bu rəqəmlər nisbidi, lakin hər bir halda ordumuzdakı mənzərəni göz önünə sərir.
Bəs analoqsuz Azərbaycan-YAP hakimiyyəti bunun üçün hansı ciddi təbdirlər görür, görmək istəyir? Aydın məsələdi ki, mənasız əsgər ölümləri 2013-cü ildən başlamayıb. 1993-cü ildən, yəni əsgərin yalnız vətən uğrunda döyüşməklə məşğul olduğu son tarixdən, yəni Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri ordu döyüşməklə deyil, atəşkəslə məşğul olub. Yağı düşmən atəşkəsi pozub, bizimkilər də onu cavab atəşi ilə susudurublar, vəssalam. Müharibə 20 il bu şəraitdə gedib. Düşmən gülləsinə tuş gələrək şəhid olanlarımız olub. Ancaq əsasən qeyri-döyüş şəraitində baş verib ölümlər. Bəs Yeni Azərbaycan Partiyası dövləti bunun qarşısını almaq üçün nə edib?
Heç nə. Hansısa komandiri tutublar, hansınınsa xidmət yerini, hansınınsa rütbəsini, hansınınsa vəzifəsini dəyişiblər, vəssalam. Ancaq sistemin mahiyyətindən doğan naqislik bu problemin, daha doğrusu, faciənin qarşısını almağa imkan verməyib və bundan sonra da verməyəcək. Çünki çürük əsaslar üzərində mövcud olan istənilən qurumdan sağlam heç nə gözləyə bilməzsən. Nəticə isə budur ki, Məhsəti Gəncəvinin bir rübaisində deyildiyi kimi: gedənlər qayıtmaz bir də heç zaman. Indi heç nə o övladlarımızı geri qaytara bilməz!
Dediyim faizi düşünəndə adamı dəhşət bürüyür. Hətta çəyirtkə basmış zəmidə kimyəvi təmizləmə aparanda belə, bu ziyanvericiləri 83,8 faiz həddində məhv etmək mümkün olmur. Indi bu ordu haqda hansı ümidlərlə yaşayasan, nəyə bel bağlayasan, bilmirsən.
Bu günlər Milli Məclis daha bir absurd qanun qəbul eləməyə hazırlaşır. Tarixi şəxsiyyətlərin qorunması. Ancaq əsgərlərin qorunması kimsənin vecinə deyil. Əlbəttə, Yeni Azərbaycan Partiyası dövləti üçün əsgər kimdi ki? Heç kim. Əsgər nəinki tarixi şəxsiyyət, heç adam deyil. Bu ölkədə adam sayılmaq üçünsə adamların “tarixi şəxsiyyətlərə” qarşı birləşməsindən başqa yol yoxdu.