Uşaq vaxtı məni qucağına alıb öpən, əlimə konfet verən adamlara “bu yaxşı adamdır” deyirdim. Bir az böyüdükcə, qonşuya kömək edən, xeyirdə-şərdə əl tutan adamlara “yaxşı adam” kimi baxırdım.
Indi isə mən “yaxşı adam” anlayışına maksimalist yanaşıram.
Bəlkə də əsl yanaşma elə bu cür olmalıdır.
Axı məktəbdə şagirdə elm öyrədib, həm də seçkidə saxtakarlıq edən müəllimi…
Ağır xəstəni əməliyyat edib, həm də xəstə yeyəsini var-yoxdan çıxardan həkimi…
Cinayətkarı zərərsizləşdirib, həm də cibə nəşə atan polisi necə yaxşı adam adlandırmaq olar?
Zaman göstərdi ki, mən “yaxşı adam” adlandırdıqlarımı zəruri imtahanlardan keçirməmiş qiymətləndirmişəm.
Bizim yaxşı adam kimi tanıdığımız minlərlə insan var ki, onlar zülmlə mübarizədə, haqsızlıqla savaşda quzuya dönürlər.
Deməli, hər mehriban adam, hər kövrək insan yaxşı adam deyil.
Rus filosofu Berdyayev “şərə qalib gəlmiş xeyir, şərə rast gəlməyən xeyirdən üstündür” deyirdi.
Mənim üçün yaxşı adam şərlə, zalımla mübarizə aparan, cəmiyyətə yararlı olan, yalnız özü üçün yaşamayan adamdır.
Bu ölkədə nə qədər ədalətsiz hökm oxuyan hakim, nə qədər pula görə yaltaqlanan məmur, nə qədər haqsızlığa əl çalan deputat var ki, övladları onlar haqqında “mənim atam yaxşı adamdır” deyə düşünürlər. Ancaq onlar bilmirlər ki, ataları onlara başqalarının naləsin, haram tikə yedizdirir. Onlar bilmirlər ki, “yaxşı adam” adlandırdıqları şəxs cəmiyyətin qatilidir.
Nitsşe yazırdı ki, “qəhrəmanlıq məqsədə doğru gedərkən öz həyatını nəzərə almayan insanların düşüncə tərzidir”.
Bu ölkədə isə öz həyatını xalq üçün risqə atanlar “narkoman”, “antimilli”, “xuliqan” adlanır. Şər imkan vermir ki, onlar yaxşı adam kimi tanınsınlar.
Bəli, yaxşı adam – heç bir maddi qarşılıq, heç bir məhrumiyyət qarşılığında əqidəsindən, mübarizəsindən geri çəkilməyən adamdır.
Biz “yaxşı adam” anlayışını o qədər cılız fəaliyyətlərlə qiymətləndirmişik ki, hamı “yaxşı adam” olub.
Ölkədə “ümummilli”, “analoq”, “dahi”, “inkişaf” sözləri ucuzlaşıb hörmətdən düşdüyü kimi “yaxşı adam” anlayışı da ucuzlaşmağa doğru gedir.
Ölkədə addımbaşı ədalətsizlik hökm sürürsə, 20 ildir xalq dilənçi kimi yaşamağa məhkum edilibsə, ölkənin sərvətləri 5-10 nəfərin cibinə axırsa və bu hələ də artan xətt üzrə davam edirsə, deməli, biz yaxşı adam deyilik. Ya da “yaxşı adam”lığın nədən ibarət olduğunu dərk etməmişik.
Fürsətcil, həlledici məqamda tərddüd edən, qorxusuna yenilə bilən insanlara “yaxşı adam” statusu vermək olmaz. Səlahiyyətindən istifadə edib, imitasiya edərək yaxşı adam kimi görünənlər çoxdur. Bu adı heç kim asan qazanmamalıdır. Hər “Şöhrət”, “Şərəf” ordeni alan adamın, yaxşı adam olmadığını hamımız bilirik.
Hər kəs özünə sual versin: Mən yaxşı adamam?
Köləliyə kömək
Hər gün onlarla insan məndən “Azadlıq” qəzeti haqda soruşur. Qəzetin taleyi necə olacaq, nə qərar verəcəklər, bağlanacaq kimi suallar verirlər. Ancaq bu adamlar hər gün evlərə işıq aparan, insanların hüquqların qoruyan, eybəcərlikləri ifşa edən qəzetin çətin vəziyyətdə olmasının bir səbəbini də özlərində görmürlər.
Ürəyində rejimə qarşı müxalif olmaq, bu hakimiyyətin siyasətindən narazılıq ifadə etmək hələ haqqın tərfində olmaq, mübarizə aparmaq demək deyil. Bu əsas olsaydı, ölkə çoxdan nura boyanmışdı.
“Azadlıq”ın zəruriliyin dərk edirsənsə, azad sözə qurulmuş bu tələni öz yardımınla zərərsizləşdir. “Azadlıq”ın bağlanmasına seyrçi qalmaq, hər gün köləliyə yardım etməkdir. Indi qərar sizindir. Ya əməlinizlə “Azadlıq”a, ya da susmağınızla köləliyə dəstək olun.
Ikisindən biri qaçılmazdır, burada bitərflik işləmir.

Yaxşı adam
•