Son günlər Azərbaycan neftinin adına rəsmi söz sahibi olan ARDNŞ-in (SOCAR) adı dillərdən düşmür. Dünya mətbuatı xeyli vaxtdır şirkətin adını gizli offşor sövdələşmələrində, qeyri-şəffaf layihələrdə, media holdinq yaratmaq iddialarında hallandırır. Artıq dünən şirkətin Türkiyənin “Star” media qrupunu rəsmən aldığı haqda xəbərlər yayıldı.
Təbii, dünyanın ən nəhəng şirkətlərinin ortaq olduğu böyük enerji layihələrinə sahiblik edən ARDNŞ-in diqqət mərkəzində olması təəccüblü deyil. O, indi kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.ÿGəliri 20 milyard ABŞ dollarına bərabərdir, 78 min işçisi var.
Bütün bunlar öz yerində. Burada böyük pulların ortaya qoyulduğu böyük məsələlərdən söhbət gedir… Mənim iradım isə şirkətin başqa bir sponsorluq layihəsi ilə bağlıdır. Uzun zamandır düşünüb-daşınıb bir anlam verə bilmirəm. Azərbaycan neftindən pul qazanan bir şirkət nədən Türkiyənin ATV kanalında yayımlanan primitiv bir məişət serialına sponsorluq edir? Axı hər şeydən əvvəl, bu, şirkətin öz qayda-qanunlarına zidd olmalıdır. Belə bir seriala sponsorluq şirkətin hansı layihəsi çərçivəsində həyata keçirilir, mədəniyyət, sosial, iqtisadi, yoxsa nə?.. Cavab tapmaq çətindir.
Böyük şirkətlərin sponsorluq və ya sərmayə layihələri ilə bağlı az-çox bilgim var. Dünya nəhəngi BP şirkətinin bu sahədə örnək ola biləcək proqramları var ki, onların bir çoxundan xəbərdaram. Məsələ bundadır ki, BP şirkət olaraq xərclədiyi bir qəpiyin belə hesabını bilir. Hansı istiqamətdə hansı layihələrə pul ayrılacağı xüsusi ekspertlər tərəfindən 100 dəfə götür-qoy edilir. Indi kimsə mənə izah edə bilərmi, ATV kanalında yayımlanan “Mənim üçün üzülmə” serialı hansı layihə proqramından maliyyələşib və buna kimlər razılıq verib? Həqiqətənmi sponsorluq məsələsini həll etməyə serialın yönəticisi Mahsun Kırmızıgüllə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dostluğu yetərli sayılıb. Əgər belədirsə, çox təəssüf!
Dünyanın hansı ölkəsindəsə dövlətə məxsus şirkətin belə ucuz seriallara sponsorluq etmiş olmasına inanmıram. Elə hansısa pop ulduzuna xərclənən böyük pulları da amansız israfçılıq hesab edirəm. Dəfələrlə yazdığım kimi, bu ölkədə film mövzusu olacaq o qədər dərdlər var ki… SOCAR həmin önəmli məsələlər haqqında film çəkmək istəyənlərə dəstək versə, daha düzgün olmazmı? Hanı bizim dünya miqyasına çıxacaq səviyyədə çəkilmiş Qarabağ mövzusunda filmlərimiz? Bizim neft şirkətimiz bir az da bizim üçün üzülsə…
Yeri gəlmişkən, bu yaxınlarda mətbuatda Qarabağ veteranı Ruxsara Cumayevanın müraciəti yayılmışdı. Ciddi sağlıq problemi olan veteran xanımın həyatı təhlükə qarşısındadır. Müalicəsi üçün böyük məbləğdə vəsait tələb olunur. Amma sadə bir vətəndaş üçün əlçatmaz olan bu məbləğ SOCAR üçün o qədər də böyük sayılmamalıdır. Vətən torpaqları uğrunda canını fəda etmiş bir şəxsin bu imkandan yararlanması daha məntiqli olmazdımı?
Tarixi etibarı ilə ARDNŞÿ1992-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının keçmiş prezidentiÿ Əbülfəz Elçibəyin ÿfərmanı əsasında qurulub. Elçibəy onu böyük ideallarla, sadə insanların həyatında gözəl dəyişikliklər yaradacaq, inkişaf etmiş və demokratik Azərbaycanın gələcəyi üçün böyük təminat olacaq şirkət kimi qurmuşdu. Heyf ki, bu gün nə o inkişafdan, nə də o təminatdan söz gedə bilər. Idealist bir şəxsin dövlət adına böyük arzularla yaratdığı o şirkət artıq bir qrupun özəl maraqlarına çalışan pul maşını kimi görünməkdədir…

Neft şirkəti bir az da bizim üçün üzülsə…
•