Bu ilin əvvəllərində Naxçıvanda həbs olunan sahibkar Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov azadlığa buraxılıblar. Məlumatı Naxçıvandakı mənbələrdən almışıq. Məlumata görə, hər iki şəxs Naxçıvan Apellyasiya Məhkəməsinin proses zalından azad ediliblər. Apellyasiya Məhkəməsi Məmməd Qurbanovu 2 il, Nadir Məmmədovu isə 3 il sınaq müddətinə şərti azadlığa buraxıb.
M.Qurbanov və N.Məmmədov AXCP-nin üzvləridirlər. AXCP sədrinin müavini Asəf Quliyev də onların şərti azadlığa çıxdıqlarını təsdiqləyib və bildirib ki, hər iki şəxsin həbsi onların siyasi fəallığı ilə bağlı olub: “2012-ci il oktyabr ayında Naxçıvanda İctimai Palatanın iclası keçirilib. Məmməd Qurbanov və Nadir Məmmədov həmin iclasda iştirak ediblər. Məmməd Qurbanov iş adamıdır. İctimai Palata və AXCP-yə gəlməsi hakimiyyət orqanlarını ciddi narahat etdiyindən o, saxta ittihamlarla həbs olundu”.
Xatırladaq ki, M.Qurbanov 2012-ci ilin noyabrında Türkiyədən gətirilən malı Sədərk gömrüyündə buraxılmadığı üçün gömrükçülərlə mübahisə zəmnində saxlanmışdı. Onun kürəkəni N.Məmmədov da həmin mübahisənin iştirakçısı kimi həbs edilmişdi. Onları Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə), 221-ci (xuliqanlıq) maddələri ilə mühakimə etmişdilər. Məmməd Qurbanov 5, Nadir Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Lakin sonradan onların Naxçıvanda müxalif siyasi mövqelərinə, İctimai Palatanın MR təşkilatının işində iştiraklarına görə həbs edildikləri üzə çıxdı.
azadliq.info


