İctimai Palata AŞPA üzvlərinə müraciət etdi

Azərbaycan müxalifəti Ştrasserin siyasi məhbuslar hesabatını yenidən qurumun gündəliyinə salmağa çağırır

İctimai Palata Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edib. Müraciətdə avropalı parlamentarilər məruzəçi Kristofer Ştrasserin Azərbaycanda siysi məhbuslarla bağlı AŞPA-nın yanvar sessiyasında qəbul olunmayan hesabatını yenidən müzakirəyə çıxarıb dəstəkləməyə çağırılır.
Müraciətdə deyilir ki, AŞPA üzvlərinin yanvarın sessiyasında “Azərbaycanda siyasi məhbus probleminin həlli və siyasi təqiblərin dayandırılması üçün çox əhəməiyyətli olan bu sənədin” əleyhinə səs verməsində Azərbaycan hakimiyyətinin Avropa parlamentlərindəki təmənnalı dostlarının, lobbiçilərinin, artıq Avropa siyasi mühitinə aid acı gerçəkliyin ifadəsi termininə çevrilən “qara kürü diplomatiyası”nın böyük rolu olub. Bununla yanaşı, müraciət müəllifləri hesab edirlər ki, bəzi avropalı parlamentarilər də problemin ciddiliyi və bu sənədin əhəmiyyəti barədə yetərincə məlumatlı olmadıqları, yaxud vəziyyətin AŞPA-nın müdaxiləsi olmadan düzələcəyinə dair Azərbaycan nümayəndə heyətinin verdiyi vədlərə inandıqları üçün belə bir mövqe tutublar.
“Diqqətinizə çatdırmağı vacib bilirik ki, AŞPA-nın qeyd etdiyimiz sessiyasından sonra Azərbaycanda siyasi məbuslar problemi daha da ağırlaşıb. Sessiyadan bəri ötən 3 ay müddətində Azərbaycanda 38 nəfər siyasi motivlərlə həbs olunub və beləliklə, siyasi məbuslar siyahısı genişlənərək, 100 nəfəri aşıb.
Yeni siyasi məhbuslar İsmayıllı rayonunda baş verən xalq etirazına, Bakının “Binə” Ticarət Mərkəzi işçilərinin qanunsuz ödənişlərə qarşı keçirdikləri aksiyaya görə həbs edilənlər, ölkənin dini-inanclı kəsimi arasında aparılan həbslər, “NİDA” Vətəndaş Hərəkatının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc üzvlərinin həbsi hesabına əmələ gəlib. Yeni siyasi məbuslar içərisində “ReAl” Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu kimi tanınmış siyasi xadimlər var.
Bütün bu həbslər və hələ də davam edən siyasi təqiblər həm də ona görədir ki, Azərbaycan hakimiyyəti AŞPA-nın yanvar sessiyasında cənab Ştrasserin məlum hesabatının rədd edilməsini özünün bu qurum üzərində qələbəsi, Avropa Şurasının ona repressiv siyasətini davam etdirmək üçün kart-blanş verməsi kimi qəbul etdi”, – deyə müraciətdə qeyd olunur.
Sənəddə daha sonra bildirilir ki, Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sanksiyaya məruz qalmaqdan hər dəfə yayına bildikcə, ölkə daxilində əvvəlki anti-demokratik siyasətini daha da gücləndirir, siyasi rəqiblərinə  və vətəndaş cəmiyyətinə basqıları bir az da artırır. Buna görə də AŞPA üzvləri Azərbaycan hakimiyyətinə güzəştli münasibətdən, ona hər dəfə müəyyən möhlət vermək mövqeyindən geri çəkilməli, konkret halda Ştrasserin məlum hesabatına yanvar sessiyasında dəstək verməməyin yanlış olduğunu qəbul etməlidirlər.
“Biz inanırıq ki, avropalı parlamentarilər missiyası əhatə etdiyi coğrafiyada insan haqları və demokratiyanın müdafiəsində durmaq olan Avropa Şurasında ayrıca bir ölkənin özünə neqativ imtiyazlar tanıması, bununla da bu qocaman qitənin üstün tutduğu dəyərləri aşındırıb gözdən salması ilə razılaşa bilməzlər. Ümidvarıq ki, cənab Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı qəbul olunmayandan sonra ölkəmizdə bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini nəzərə alaraq, həmin sənədin həm də Avropa Şurasının prinsiplərini və imicini qorumaq baxımından nə dərəcədə əhəmiyyət kəsb etmiş olduğunu qiymətləndirə bilirsiniz”, – deyə İP-i müraciətində yazılır.
Müraciət müəllifləri AŞPA üzvlərini Ştrasserin hesabatını yenidən nəzərdən keçirərək, ötən dövrdə qeydə alınan neqativləri də əlavə etməklə, AŞPA-nın gündəliyinə salmağa çağırır.
“İnanırıq ki, avtoritar hakimiyyətin basqısı altında əzilən Azərbaycan xalqının və demokratik ictimaiyyətinin, ən başda isə heç bir günahı olmadan həbsxanalara göndərilən məhbus ailələrinin sizlərdən gözlədiyi prinsipiallığı nümayiş etdirməyə bu dəfə iradəniz çatacaq”, – deyəsənədin sonunda bildirilir.